Səməd Seyidovun islahat vədinə müxalifətdən reaksiya

 
Dadaş Əhmədli: “İslahatlara vaxtında – ölkəyə neft pullarının axını olduğu vaxt başlamaq lazım idi”
 
«Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək».
 
Milli Məclisin üzvü Səməd Seyidov «Trend»ə müsahibəsində belə deyib. Onun sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: «Referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız, görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur».
 
S.Seyidov deyir ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: «Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni – bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin».
 
Deputata görə, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: «İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir». Deputat hesab edir ki, bu üç istiqamətin hər biri yaxın zamanlarda prezident İlham Əliyevin siyasətində öz əksini tapacaq.
 
Səməd Seyidovun bu açıqlamasını şərh edən Müsavat başqanının müşaviri, politoloq Dadaş Əhmədli hakimiyətin bu vədlərinin inandırıcı olmadığını bildirib:
 
“Əgər həqiqətən islahata başlamaq istəsəydilər, indiyə qədər bunun işartılarını görərdik. Ölkədə olduqca səmərəsiz idarəçilik sistemi formalaşıb”, – Dadaş Əhmədli “Basta” əməkdaşı ilə söhbətində bildirib.
 
“İqtisadi islahatlara vaxtında, ölkəyə neft pullarının axını olduğu vaxt başlamaq lazım idi. İslahatların həyata keçirilməsi üçün vəsait lazımdır. İndi gəlirlərin iki dəfədən çox azaldığı, büdcənin yarıbayarı azaldığı, iqtisadi böhranın dərinləşdiyi vaxt hansı islahatı həyata keçirəcəklər? İndi pensiyaları, maaşları belə ödəyə bilmirlərsə, islahatları hansı pulla həyata keçirəcəklər?
 
İslahatların həyata keçirilməsi ən vacib şərtlərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasıdır. Dünyada ÜTT-nin üzvü olmayan cəmi 25 dövlət qalıb, onlardan biri də Azərbaycandır. Hakimiyyət islahat istəsəydi indiyədək Azərbaycanın UTT-yə üzv olmasını əngəlləməzdi”, – Dadaş Əhmədli bildirib.
 
“İnsan haqlarının və mülkiyyət hüququnun qorunması üçünsə, Konstitusiyanı dəyişdirməyə ehtiyac yox idi. Siyasi məhbusları azad etmək, məhkəmələrin qanunla əvvəlcədən təsbit olunan müstəqilliyini təmin etmək, bütün sahələri ağuşuna alan monopoliyanı, məmur özbaşınalığını aradan qaldırmaq lazımdır. Əgər bu yoxdursa, hansısa islahatların aparılacağı haqda deyilənlər də inandırıcı görünmür”.
 
Bastainfo.com