“Əslində, 9 mayda bir şər digər şərə qalib gəlmişdi” – SƏRDAR CƏLALOĞLU

“SSRİ heç vaxt bizim üçün vətən olmayıb”
 
“Biz istər Çar Rusiyası, istər Sovet dövründə bizə təlqin edilən bütün ideya və prinsiplərdən, o cümlədən tarixin bu cür idrak edilməsindən qətiyyətlə imtina etməliyik”
 
“Şəxsən mən 9 may Qələb bayramı ilə bağlı Azərbaycan xalqının bu hadisəyə münasibətinin köklü şəkildə dəyişilməsini, fərqli bir münasibətlə əvəz edilməsini vacib hesab edirəm”
 
9 may tarixi Rusiyada və əksər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanda da Qələbə bayramı kimi qeyd olunur. Lakin indi ölkəmizdə bu tarixin “Böyük Vətən Müharibəsi”ndəki qalibiyyətimiz adı altında Azərbaycanda rəsmi səviyyədə qeyd olunmasına qarşı çıxanlar da az deyil. Hansı ki, bu insanlar Azərbaycanın ikinci dünya müharibəsində 300 min nəfərə yaxın itki verməsinə rəğmən, 9 May Qələbə bayramının bizim xalqa heç bir aidiyyatı olmadığı qənaətindədir.
Elə ADP sədri Sərdar Cəlaloğlu da bu düşüncədə olan insanlardandır. Odur ki, Sərdar bəylə söhbətimizdə nə üçün bu qələbədən bizə pay düşmədiyini aydınlaşdırmağa çalışdıq...
-Sərdar bəy, bu gün Azərbaycan xalqı 9 may tarixini Qələbə bayramı kimi qeyd etməlidirmi?
-Əvvəla onu deyim ki, nəzəri olaraq tarix elmi ən çox siyasi konyukturaya məruz qalan bir elmdir. Dekartın belə bir sözü var: “Tarix bir tabutdur, onu hansı divara söykəsən, o divarda da duracaq”. Tarixi hadisələr siyasi konyukturaya məruz qaldığına görə, onlara tarixin təqdim etdiyi kimi baxmaq olmaz. Konkret öz tariximizdən bir misal gətirək. Sovet dönəmində Qacarı bizə fars, Azərbaycan xalqının qanını içən bir hökmdar kimi təqdim etmişdilər. Amma indi biz görürük ki, Qacar Azərbaycan torpaqlarını, Azərbaycanın unitar yapısını qoruyan, Azərbaycan türklərinin bu bölgədəki imperiyası yolunda öz canından keçən, farslara qaşı olduqca amansız mübarizə aparan bir şah olmuşdur. Eyni zamanda Azərbaycanda bir nəfər də olsun türkün burnunu qanatmamışdır. Hətta ona həcv yazan, onu təhqir edən Vaqifi həbs etməsinə baxmayaraq, ona güldən ağır söz deməmişdir. İbrahim xan separatizmə meyl etdiyinə, rus çarları ilə əlaqəyə girdiyinə baxmayaraq, ona qarşı heç bir addım atmamışdır. Yəni tarix hakimiyyətdə olan siyasi qüvvələrin maraqlarına xidmət üçün istifadə olunan bir elmdir. Ona görə də biz tarixi hadisələrə də bu konteksdən baxmalıyıq ki, tarixin bu şəkildə təqdim edilməsi hansı siyasətə xidmət edib...
- Demək, biz heç bir halda SSRİ tarixini olduğu kimi qəbul edə bilmərik...
- Əlbəttə. Biz müstəqillik əldə etdiyimizə görə, istər Çar Rusiyası, istər Sovet dövründə bizə təlqin edilən bütün ideya və prinsiplərdən, o cümlədən tarixin bu cür idrak edilməsindən qətiyyətlə imtina etməliyik. Şəxsən mən 9 may Qələb bayramı ilə bağlı Azərbaycan xalqının bu hadisəyə münasibətinin köklü şəkildə dıyişilməsini, fərqli bir münasibətlə əvəz edilməsini vacib hesab edirəm. Birinci, götürək ikinci dünya müharibəsinin başlanmasını. Bilirsiniz ki, həmin dövrdə dünyada iki cür sosializm hakimiyyətdə idi – Almaniyada nasional sosializm, Rusiyada proletar sosializm. Yəni formalarının fərqli olmasına baxmayaraq, mahiyyətcə Almaniya ilə Sovetlər eyni bir ideologiyanı bölüşürdülər. Ona görə də 1938-ci ildə Stalinlə Hitler arasında bütün dünya dövlətlərindən gizlində dünyanı yenidən bölüşdürməklə bağlı gizli müqavilə bağlanmışdı. Bu müqaviləyə əsasən, Hitler bəzi Avropa ölkələrini işğal edib öz ərazisinə qatmaqla sərhədlərini genişləndirməli, SSRİ isə bir çox əraziləri öz sərhədləri daxilinə qatmalı idi. Bu hadisə 1939-cu ilə qədər davam etdi, Hitler Çexoslavakiyaya girdi, Sovet hökuməti Bessarabiyanı, Moldaviyanı, Pribaltikanı və digər torpaqları tutdu. Polşa məsələsində aralarında münaqişə yarandığına, yəni almanlar əvvəlki razılaşmanı pozduğuna görə, Sovet hökuməti ilə Almaniya arasında müharibə başladı. Yəni bu müharibənin başlanmasının iki günahkarı var – Hitel Almaniyası, Stalin dönəminin Sovet hökuməti. Beləliklə, faktiki olaraq ikinci dünya müharibəsində iki günahkardan biri qalib, digəri isə günahkar kimi tarixə düşdü.
Bu hadisəyə vaxtilə ən yaxşı qiyməti Mahatma Qandi vermişdi. Mahatma Qandi ikinci dünya müharibəsinin başa çatması ilə bağlı Ruzveltə məktubunda yazırdı: “Mən bu müharibənin başa çatmasına görə heç kəsi təbrik etmirəm. Çünki bir şərə ondan daha böyük bir şər qalib gəldi və o qalib şər də dünyaya hələ çoxlu fəlakətlər gətirəcək”.
-Bəs, həqiqətən də SSRİ bu müharibədən sonra dünyaya deyildiyi fəlakətləri gətirdimi?
- İkinci dünya müharibəsindən sonra Sovet hökuməti dünyada bir çox yerlərdə qanlı münaqişələr başlatdı – Koreya, Vyetnam, Əfqanıstan müharibələri və s. O cümlədən öz ərazisində insanlara qarşı divan tutmaq siyasəti apardı. Və müharibədən sonrakı dövrdə - Stalin ölənə qədər - konslagerə insanların göndərilməsi, SSRİ-dəki o “dəmir pərdə” rejimi, “soyuq müharibə” və bunun nəticəsində dünyanın daha da qütbləşməsi, sonra SSRİ-nin silahlanması və s. davam etdi. Bütün bunlar Mahatma Qandinin dediklərini aydın şəkildə sübut etdi. Əslində, 9 mayda bir şər digər şərə qalib gəlmişdi. İndi, əgər bir şər qalib gəlibsə və o deyildiyi kimi şərdirsə, onun qələbəsini təbrik etmək olarmı?! Və yaxud da onun qələbəsini bayram kimi müəyyən etmək olarmı?!
-Bəs bu gün Azərbaycanda ikinci dünya müharibəsinin “Böyük Vətən Müharibəsi” kimi təqdim edilməsinə necə baxırsınız?
- SSRİ heç vaxt bizim üçün vətən olmayıb. İstər Çar Rusiyası, istər Sovet hökuməti, istər də sonrakı Yeltsin və Putin dönəmində olan Rusiya Azərbaycana qarşı eyni düşmənçilik siyasəti aparıb. Bu düşmənçilik siyasəti nədən ibarətdir? Qafqazda erməniləri azərbaycanlıların üstünə qaldırmaq, Azərbaycan torpaqları əsasında burda iki xristian dövləti yaratmaq, Azərbaycanı iqtisadi, mədəni inkişafdan saxlamaq, xalqı assimlyasiya etmək, alçaltmaq, Azərbaycanın birləşməsinin qarşısını almaq və s. Əgər doğrudan da SSRİ bizim vətənimiz olsaydı, bu vətəndə gərək hamı bərabərhüquqlu olaydı. Bir vətəndaş kimi bərabərhüquqlu ola bilərdik, amma xalq, millət kimi bərabərhüquqlu olmamışıq. Məsələn, Ermənistanla Naxçıvan eyni çografiyada yerləşir, Ermənistana Sovet hökuməti dotasiya verirdi, amma Haxçıvandan vergi alırdı. Hətta Sovet hökuməti vaxtında Azərbaycandan 1 milyard barel neft çıxarılsa da, biz mərkəzi hökumətə əlavə olaraq dotasiya ödəmişik ki, guya bu neftin çıxarılması rentabelli olmayıb, pambıq əkmişik və həmin pambıqdan gələn gəliri mərkəzə ödəmişik. Yəni bir xalqı bu qədər axmaq yerinə qoymaq mümkün deyil ki, ruslar bizi o yerə qoymuşdu.
Baxın, dediyim kimi, Sovet dönəmində biz 1 milyard barel neft hasil etmişik, 3 milyon ton üzüm, 1 milyon ton pambıq, 80 milyon ton yun, 50 milyon ton ipək istehsal etmilşik və Azərbaycan demək olar ki, müstəqillikdən sonra 1 ildə əldə etdiyi inkişafı həmin dövrdə 15-20 ildə əldə edə bilməyib. Yəni Sovet hökumətinə bu qədər nəhəng xeyirlər verməyimizə baxmayaraq, hətta Azərbaycanı “SSRİ-nin bostanı” adlandırmışdılar, yəni bizi o səviyyəyə endirmişdilər...
Marks deyirdi ki, istənilən cəmiyyətdə pambıqçılıq qul əməyi tələb edir. Çünki burda maşından daha çox insan əməyi tələb olunur. Azərbaycan isə Sovet hökumətinin tərkibində pambıqçılıq, heyvandarlıq respublikası kimi götürülüb. Yalnız Heydər Əliyevin dönəmində 1-2 müəssisə tikildi. Halbuki Ermənistan “Yeraz” adlı maşın, motor buraxırdı, maşınqayırma, elektrik sənayesi inkişaf edirdi, Ermənistanda atom elektrik stansiyasi tikilib və s. Qonşu Azərbaycanda isə tam əksinə, bunların heç biri həyata keçirilmədi. Yəni indi “Böyük vətən” ki deyirlər, onun bizə heç bir aidiyyatı yoxdur. Çünki diqqətlə fikir versəniz, baxmayaraq ki, çar vaxtından azərbaycanlılar rus qoşunlarında xidmət ediblər, məsələn, Naxçıvanski var ki, Çar dövründə Polşa-Rusiya müharibəsində iştirak edib, general rütbəsinə qədər yüksəlib, Mehmandarov, Əliağa Şıxlinski və s. amma Sovet tarixində bir nəfər Azərbaycan türkü marşal olmadı. Kosmik tədqiqatlara azərbaycanlı Kərim Kərimov rəhbərlik etsə də, bir nəfər azərbaycanlı kosmosa buraxılmadı. Bunlar o demək deyildi ki, Azərbaycanda belə qabiliyyətli adamlar olmayıb. Halbuki Azərbaycandan iki marşal çıxıb, ikisi də erməni. Necə olur ki, iki marşal çıxıb, ikisi də ermənidir?! Azərbaycandan başqa millətdən olan kosmonavt çıxıb, amma Azərbaycan türkünün qabağa çıxmasının qarşısını Sovet hökuməti məqsədyönlü şəkildə alırdı. Hətta Bakıda 5 mərtəbədən yuxarı binaların tikilməsi üçün mütləq Moskva icazə verməli idi.
Eləcə də qələbə məsələsinə gələk. Əvvəla, bir şeyi bilmək lazımdır ki, tarixdə hadisələrə iki rakursdan yanaşmaq lazımdır. Məsələn, bir qəhrəman hansısa xalq üçün qəhrəmandır, başqa bir xalq üçün düşməndir. Tutaq ki, Andranik ermənilər üçün qəhrəman, bizim üçün düşməndir. Yəni hər tərəfin qəbul etdiyi qəhrəman yoxdur. Həmçinin, qələbəni də hər tərəf qəbul etmir və bu gün qələbə hesab edilən hadisə sabah məlum olur ki, əslində məğlubiyyət imiş. Çünki tarixin gedişatında hadisələrə verilən qiymət dəyişilir. Nəhayət, qələbənin bir meyarı var. Bu nədən ibarətdir: hər hansı bir naliyyət daha az vəsait və daha az itki ilə əldə edilsin. İkinci dünya müharibəsində faşizm üzərindəki qələbədə almanlar 5 milyon insan itirib, ümumilikdə dünya əhalisi 57 milyona yaxın itki verib ki, bunun da 27 milyonu SSRİ-nin payına düşür. Yəni hər öldürülən almana 10 nəfər Sovet əsgəri ölüb. İndi baxın görün, qəhrəman kim olub, qalib kim olub? Əgər ümumi yanaşsaq, SRRİ qalib gəlib. Amma tarixin məntiqi ilə yanaşsaq, alman faşizmi qalib gəlib. Çünki çox az bir qüvvə ilə nəhəng qüvvəyə, bütün dünyaya qarşı vuruşub...
Məsələn, tarixdə 300 spartalının qəhrəmanlıq hadisəsi var. Onlar Daranın 1 milyonluq qoşununa qarşı vuruşub, baxmayaraq ki, məhv olublar, amam bu gün tarixin ən şanlı qəhrəmanlıq səhifəsi məhz 300 spartalı ilə bağlıdır. Yəni qələbəyə bir də bu aspektdən baxmaq lazımdır.
Nəhayət, Mahatma Qandinin dediyi kimi, qələbə çaldıqdan sonra bu qalibiyyət nəyə sərf olunub?! Əgər siz qalib gəldiyiniz qüvvədən fərqli bir düzən yaradırsınız, fərqli bir perspektiv açırsınızsa, bu doğrudan da həqiqi qələbədir. Amma biz gördük ki, Hitler Almaniyasını nəyə görə məğlub etdilərsə, qaliblər ondan sonra həmin siyasəti daha vulqar, daha təhlükəli şəkildə və daha əhatəli aparmağa başladılar. Hitler nə istəyirdi? İstəyirdi ki, dünyaya ağalıq etsin. SSRİ də qalib gələndən sonra həmin ağalığı etməy başladı. Öz sərhədlərindən kənarda müharibələrə başladı, 30 il Koreyada, 30 il Vyetnamda Amerika ilə müharibə elədi, ondan sonra Əfqanıstanda, Efiopiyada, Nikaraquada, Kubada, Afrika ölkələrində, Şimali Amerika ölkələrində və s. Yəni Mahatma Qandinin dediyi kimi, sadəcə olaraq böyük bir şər kiçik bir şərə qalib gəldi və sonrakı dünya tarixində həmin böyük şərin qələbəsinin dünyaya nə qədər baha başa gəldiyini biz hamımız görürük.
- Rusiyanın Gürcüstana, Ukraynaya müdaxiləsi, Azərbaycanı təhdid etməsi, Suriyada müharibə aparması və s. prosesləri də bu siyasətin davamı hesab etmək olarmı?
(Ardı var)
Ayxan İLDIRIMTÜRK