Slavyan Universitetini rektor yoxsa nazir dağıdır? - Foto

 
 
Vaxtı ilə Kamal Abdulla kimi bir ziyalının rektoru olduğu Slavyan Universitetinin giriş qapısının üstündə mədəniyyət incisi olan 46 illik mozaikanın sovet ideologiyasının qalığı adı altında sökdürməsinin şahidi oldum”
 
Politika.Az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.
 
Hüquqşünasın verdiyi məlumata görə, artıq yarıdan çoxu didilən mozaikanın zibilə atılmaq üçün maşına yığıldığını görüb: “Əgər Bakının sahibi olsaydı onun orqanizminin dəyərli bir parçasını bu gün barbarlar daraşıb didməzdilər.
 
Bu vəhşiliyə haqq qazandıran, xəstə birisinin, saxta, yalan bəyanatı ilə də tanış oldum.
 
Sən demə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid sovet ideologiyasının qalığı imişlər. Sən demə az qala əsərin hər tərəfini bəzəyən 5 yox 8 guşəli ulduz sovet ideologiyasını tərənnüm edirmiş. Kamal Abdulla kimi bir ziyalının görə bilmədiyini bu xəstələr indi görüblər.
 
Mənim gördüyüm isə başqa bir şeydir. Bu acgözlər divarları aqlaylamaqla qazanacaqları manatlara görə tariximizi məhv edirlər. Yazıdakı sərt ifadələrin fərqindəyəm.
 
Ancaq bu gün dünyaca məşhur Berlinin Humbolt Universitetində Leninin mozaikadan ibarət rəsmini saxlayan almanları ağılsız sayıb özünü ağıllı göstərənləri ancaq xəstə adlandırmaq olar. Ölkə rəhbərliyinə müraciət edib xahiş edirəm, təcili bu barbarlığı dayandırın”.
 
A.İsmayılov yazıb: “Günün sonunda yenidən Bakı Slavyan Universitetinə, didilmiş mozaikaya baxmağa getdim... Artıq mozaika söküntülərinin zibil kimi yığıldığı maşın yox idi. Yəqin ki, maşın hansısa oliqarxın bağ evinə tökülüb.


 
Bu acgözlər o qədər də ağılsız deyillər ki, həmin qiymətli hissələri zibilliyə atsınlar. Aqlaylama işi isə yüksək templə davam etdirilirdi. Söküntüyə rəhbərlik edən iş icraçısından bu işi kimin tapşırığı ilə etdiyini soruşduqda çox inamlı şəkildə “Aslan müəllim, biz özbaşına iş görmürük, Təhsil Nazirliyinin tapşırığı ilə sökmüşük” dedi.
Deyəsən Mikayıl Cabbarovun təhsili bərbad vəziyyətə salmaqdan da başqa missiyası var imiş, İçərişəhəri “becərdikdən” sonra təhsil sahəsində olan tarixi abidələri də sökməyə girişib”.