​Şəkərli diabet – Ondan qurtulmaq mümkündürmü?

 
Dünyada, o cümlədən Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir. Bu mərəzin doğurduğu fəsadların, həmçinin ona qarşı mübarizənin əhəmiyyəti nəzərə alınaraq hər il beynəlxalq və yerli səviyyədə müxtəlif kampaniyalar həyata keçirilir, tədbirlər icra olunur. Məqsəd dünya ölkələri rəhbərlərinin, səhiyyə sisteminin, QHT-lərin, dünya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin bəşəri bəlaya çevrilmiş şəkərli diabet xəstəliyinin müalicəsinə, bu xəstəliyi daşıyan insanların həyat keyfiyyətinin, iş fəaliyyətinin yaxşılaşmasına hər cür kömək göstərməkdir. Qarşıya qoyulan ən vacib məqsədlərdən biri əhaliyə bu xəstəliyin yaranma səbəbləri barədə məlumat vermək, onun qarşısının alınması yollarını öyrətməkdir.
 
Dünyada 240 milyon, Azərbaycanda 241 min
 
Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabetin qurbanı olur. Ən pisi odur ki, bir o qədər də insan bu xəstəliyin daşıyıcısı və ya ona meyillilik qrupunda olduğu halda bundan xəbərsizdir. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmamaq, qeyri-sağlam həyat tərzi artıq çəkiyə səbəb olur. Bu da şəkərli diabetin yaranmasına təkan verir.
 
Azərbaycanda rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb. Respublika Endokrinoloji Mərkəzindən verilən məlumata görə, bu ilin ilk 8 ayı üzrə olan statistikaya əsasən, Azərbaycanda 241 323 şəkərli diabet xəstələri var: Ölkə üzrə şəkərli diabet xəstələrinin 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Respublika üzrə şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır. Təbii ki, Azərbaycanda rəsmi qeydiyyata düşməyən, eləcə də bu xəstəliyə tutulmalarından xəbəri olmayan xəstələr də var. Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə dünya əhalisinin 50 faizi diabetdən əziyyət çəkəcək. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
 
Xəstəliyin artım dinamikasını görmək üçün 2005-ci ilə olan statistikaya nəzər salsaq görərik ki, o vaxtı cəmi 56 min nəfər şəkərli diabet xəstəsi olduğu halda indi bu rəqəm ondan 4 dəfə çoxdur. Mütəxəssislərin fikrincə, bu xəstəlik tamam başqa xəstəliklə əlaqədar həkimə müraciət edildikdə aşkar edilir, amma o vaxta qədər bu xəstəlik insan sağlamlığına öz zərərini vurur. Ona görə də xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hər bir insan öz sağlamlığına biganə qalmamalı, vaxtında müalicə müəssisələrində özünü yoxlatmalı və müayinədən keçməlidir. Tibbi araşdırmalara görə, şəkərli diabetə meyilli olan insanlar qabaqlayıcı tədbirlər görməklə bu xəstəliyə tutulmaqdan xilas ola bilirlər. Həmin xəstəliklə əlaqədar pasiyentə nə qədər tez diaqnoz qoyularsa, müalicə tez başlanarsa, ağır və çox xərc tələb edən fəsadlar xeyli azalar.
Sağlamlığımızın qorunması üçün hər bir fərdin fəallığı bir yana, bu sahəyə dövlətin ildən-ilə artan diqqət və qayğısı da gündəmdədir. MDB məkanında ilk dəfə olaraq Prezident İlham Əliyevin 23 dekabr 2003-cü il tarixli sərəncamı ilə Azərbaycanda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu qanun Azərbaycanda şəkərli diabetə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, onun profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
 
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlətin təminatlı yardım tədbirləri mütəmadi olaraq həyata keçirilir, müayinə və müalicəsi təşkil olunur. Şəkərli diabet üzrə Dövlət Proqramı, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri, müayinə və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi, tibbi yardım və əmək hüquqları bu qanunla tənzimlənir. Hətta bu məsələdə beynəlxalq əməkdaşlıq da nəzərdə tutulur.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti şəkərli xəstələrə dövlət qayğısının təşkili qaydalarını tənzimləyir. Hökumət “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”, eləcə də “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” haqqında qərar verib.
 
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”, həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” təsdiq edilib.
 
Ölkə Prezidentinin tövsiyəsi ilə Milli Məclis şəkərli diabet xəstələrinə dövlət qayğısını özündə əks etdirən qanun qəbul edib və dövlət proqramları (3 dəfə, hər biri 5 ilə hesablanmış) təsdiq olunub. Bu sənədlərin icrası məqsədilə hər il dövlət büdcəsindən ünvanlı olaraq vəsait ayrılır.
 
Xəstəliyin yaranma səbəbi
Öncə bildirək ki, diabetes mellitus (diabet yunanca "süzənək", mellitus isə latınca "bal kimi şirin") və yaxud sadəcə, diabet, şəkər xəstəliyi, şəkərli diabet adlandırdığımız bu azar şəkərin qanda xroniki artımıdır. Tibb elmi bu xəstəliyi belə xarakterizə edir: "Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır".
 
Xəstəliyin yaranması müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, fasd food qidaları mühüm yer tutur. Beləliklə, diabet - xroniki insulin çatışmazlığından əmələ gəlir. İnsulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır.
 
Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması qlükogen sintezi ilə təsir edir. Eyni zamanda, o, karbohidratların parçalanmasının qarşsını alır.
 
Zülal mübadiləsinə insulinin təsiri zülal və nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natriumun hüceyrələrə daxil olması güclənir.
 
İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmazlığı ilə və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.
 
Xəstəliyin tipləri
 
1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə görə bölünür:
autoimmun şəkərli diabet
idiopatik şəkərli diabet
Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən hüceyrələrini zədəliyən antitellər yaranır. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur.
 
İdiopatik şəkərli diabetin səbəbləri məlum deyildir. 
 
2-ci tip şəkərli diabetin əmələgəlmə səbəbləri irsi meylilik və xarici faktorlardır.
Genetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.
Piylənmə. Bədən çəkisinin artıqlığı və piy toxuması miqdarının, xüsüsi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssaslığını azaldır və şəkərli diabetə zəmin yaradır.
Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloz çatışmamazlığı olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır.
 
Xroniki stressler. Stress qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur: nəticədə şəkərli diabetin inkişafına zəmin yaranır.
 
Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həsaslığını azaldır.
Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonları, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar və şişə qarşı dərman maddələri aiddir.
Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır.
 
Müalicəsi
Müasir tibb elminin diabeti müalicəsi əksər hallarda simptomikdir - xəstəliyin səbəblərini aradan qaldırmadan onun simptomlarının aradan qaldırılmasına yönəldilib. Təəssüflə qeyd etmək lazımdır ki, tibb elmi şəkər xəstəliyinin effektiv mülaciəsinə hələ nail ola bilməyib. Bunun müxtəlif səbəbləri var. Xəstəliyin tiplərinin çoxluğu, meydana gəlmə prosesinin gizli gecməsi, bədənin bu mərəzə getdikcə öyrəşməsidir.
 
Məsələn, pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilə bilər, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılıdır.
 
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlukozanın miqdarının acqarına 110 mq%-dən yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı ve lazım olarsa qlükozaya dözümlülük testi keçirməli və qanda qlikogemoqlabin təyin olunmalıdır.
 
Həkim məsləhəti
Həkimlər şəkərli diabetin müalicəsilə bağlı aşağıdakıları məsləhət bilirlər.
- Karbohidrogen mübadiləsinin kompensasiyası
- Ağırlaşma hallarının proflaktikası və müalicəsi
- Bədən kütləsinin normallaşdırılması
- Pasientin öyrədilməsi.
Karbohidrat mübadiləsinin kompensasiyasına iki yolla nail olunur: diabetin tipindən asılı olaraq hüceyrələri insulinlə və pəhrizi gözləməklə karbohidratlarla bərabər və eyni şəkildə təmin etmək.
Pəhriz - şəkəri azaldan dərmanların və ya insulinin qəbulu ilə birlikdə diabetin müalicəsinin vacib tərkib hissəsidir. Pəhrizi gözləmədən karbohidrat mübadiləsini kompensasiya etmək mümkün deyil.
 
 
Qeyd edək ki, 2-ci tipli diabetdə, xüsusilə də xəstəliyin erkən vaxtlarında karbohidratların mübadiləsini kompensasiya etmək üçün sadəcə yalnız pəhriz yetərlidir. 1-ci tipli diabetdə pəhriz xəstə üçün həyati önəm daşıyır: pəhrizin pozulması hipo- və ya hiperqlikemik komaya, hətta ölümə apara bilər.
Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə daha çox tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez təsir göstərir.
Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30 q abqora içsələr, onların şəkəri aşağı düşər. Dibetiklərə çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür.
 
Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş və xurma işlətməkdən çəkinməlidirlər.
 
Şəkər xəstələri tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.
 
Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.
 
Və sonda
Xəstəliyin günü-gündən artmasını və şiddətlənməsini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 23 dekabr 2006-cı il tarixli qətnəməsı ilə 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir. Məqsəd dünya ictimaiyyətinin diqqətini bu xəstəliyə cəlb etmək olub.
 
Mütəxəssislərin hesablamalarına görə, diabetin ağırlaşmasından yaranan fəsadların müalicəsinə, onun tam və keyfiyyətli profilaktik tədbirlərinə 5 dəfə çox xərc çəkilir. Əks halda xəstələrdə görmə qabiliyyətinin itirilməsi, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, ətraf hissələrin amputasiyası kimi fəsadlar daha da güclənə bilir. Diabetin fəsadlarının qarşısının alınması üçün daimi özünənəzarət və keyfiyyətli kompleks müalicə vacibdir. Şəkər xəstələrinin 90 faizi 2-ci qrupa aiddir. Təcrübədən və müşahidələrdən bəlli olub ki, sağlam həyat tərzi və müvafiq qabaqlayıcı tədbirlər gördükdə onların 70 faizində bu xəstəlik həyat tərzinə çevrilir və uzun ömür sürə bilirlər. Xəstəliyin tam idarə olunması üçün müvafiq özünənəzarətə, keyfiyyətli, standartlara uyğun müalicənin yerinə yetirilməsinə, fiziki fəallıq, sağlam qidalanma və maariflənməyə riayət olunmalıdır. Şəkərli diabet xəstəliyində özünənəzarətə daha ciddi riayət olunmalıdır, çünki müəyyən edilmiş müalicə rejimindən bir qədər kənara çıxdıqda qanda şəkərin səviyyəsi arta bilir, onun çox olub bu səviyyədə qalması isə gələcəkdə mütləq ağırlaşmalara gətirib çıxarır. Şəkərin səviyyəsinin nəzarəti isə xəstə tərəfindən mütəmadi yoxlanılmalıdır. Bundan ötrü xəstədə qlükometr və lazımi miqdarda test-çubuqların olması vacibdir. Respublikamızda yuxarıda söylənilən tövsiyələrə riayət edən, vaxtilə xəstəliyi çox ağır keçən, insulin tələbli bir neçə 2-ci qrup şəkərli diabet xəstəsi hazırda heç bir dərman qəbul etmədən gümrah həyat tərzi yaşayır. Bu, hamıya örnək olmalıdır.
 
Müəllif: Ruslan Xəlil

Загрузка...
Загрузка...