Siyasətçinin “qızılca”sı – türmə həyatı

 
 
Milli azadlıq hərəkatının liderlərindən biri (düzü, dəqiq bilmirəm, kimdir, amma Elçibəy ola bilər) hələ hərəkatın ilk vaxtlarında, cəbhəçilər təzə-təzə tutulmağa başlayanda demişdi ki, məhbəs həyatı siyasətçinin qızılcasıdır, qıızlcanı hamı əvvəl-axır çıxardığı kimi, siyasətçi də nə vaxtsa həbsə düşür.
 
Bu qızılca söhbəti qızıl kimi söhbətdir, qrama qram düzdür. Həmin müdrik təşbeh dilə gətiriləndə Əbülfəz Elçibəydən başqa, adları çəkilən digər bəylər hələ “siyasətçi qızılcası”nı çıxarmamışdılar.
 
İndi gəlin vaxtilə xalq hərəkatının lideri olan və həbs həyatı yaşayan liderlərin, siyasətçilərin adlarını sadalayaq: Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Tofiq Qasımov, Arif Hacılı, Etibar Məmmədov, Rəhim Qazıyev, Xəlil Rza, İsgəndər Həmidov, Rauf Arifoğlu, Sərdar Həmidov, Nemət Pənahlı, Sülhəddin Əkbər, İbrahim İbrahimli, Əsgər Əhməd, Mehdi Mehdiyev, Fəhmin Hacıyev, İqbal Ağazadə,  Etimad Əsədov, Fərəc Quliyev, Leyla Yunus, Arif Yunus, Qurban Məmmədov, İlqar Məmmədov, Tofiq Yaqublu, Qələndər Muxtarlı, Yadigar Sadıqov və b.
 
Bunların arasında həbsə iki dəfə düşənlər var. Müddətcə az yatanlar da olub, günə-gün yatanlar da. Ailəcə yatanlar da.
 
Onlarla yanaşı, adları çəkilməyən, daha dəqiqi, adları iki daşın arasında yada düşməyən, amma siyasət üstə tutulub-buraxılan yüzlərlə başqaları da var. Sutkalıq həbsə düşənləri isə sayıb-siyahılaşdırmaq mümkün deyil. 3-4 min adamın adını bura necə yazasan?
 
Əslində, burada həbs edilən siyasətçilərdənsə həbsə düşməyən siyasətçilərin siyahısını vermək lazım idi. Çünki o siyahı daha kiçikdir. Ancaq onu da o səbəbə yazmıram ki, bu, onlar üçün minus olar, qara piar sayılar. Dost-düşmən bunu onlara töhmət edər ki, baxın, sizin silahdaşlarınızın hamısı yatıb-çıxıb, amma siz qıraqda qalmısız, xeyir ola. (Ölkəmizdə belə bir ittiham türü də var, bilirsiniz).
 
Siyasət üstə yatıb-çıxan jurnalistlərin adını ayrıca siyahılaşdırmaq olar. Onlar da bir xeylidir. Bu siyahıda Yadigar Məmmədlidən tutmuş, Mirzə Sakit və Qənimət Zahid qardaşları da daxil, ta Rövşən Kəbirliyə qədər xeyli adam var. O yan-bu yan olsa Qulu Məhərrəmlinin adını də siyahıya əlavə edəcəyik. 
 
Göründüyü kimi, müəllif gənc siyasətçi məhbuslara hələ  yer ayırmayıb. Burada söhbət köhnələrdən gedir. Gənclərin şansı çoxdur. Kim bilir, bəlkə yenə də yatıb-çıxası olacaqlar. İndidən niyə nəhs gətirək?
 
Özü tutulmayıb, oğlu, qardaşları, başqa qohumları tutulanlar da var. Amma bu rubrika yeni açılıb. Perspektivi böyükdür, onu babat siyahı düzələndə yazarıq.
 
Bir az da hökumətdə yüksək vəzifə tutan, sonradan türməyə düşənlərdən bəhs edək. Belə adamlar da çoxdur: Əli İnsanov və komandası, Fərhad Əliyev və komandası, Akif Muradverdiyev (komandasız), Zakir Nəsirov və komandası, komandası Eldar Mahmudovsuz, Surət Hüseynov və komandası (yəni Müzamil Abdullayev, Aypara Əliyev, Nüsrət Budaqov və b), daha kimlər...
 
Yəni, bu işlərə şair Səməd Vurğunun “bir yandan boşalır, bir yandan dolur” misrasının hikməti prizmasından baxaq. Türmə də dünya kimi, boşalıb-dolmağa meylli məkandır.
 
 
 
Ona görə də ReAl təşkilatının icra katibi Natiq Cəfərlinin həbsini anlayışla qarşılamaq lazımdır. O, ReAl-dan qızılca çıxaran ikinci şəxsdir.
 
Yadımdadır, ReAl fəaliyyətə təzə-təzə başlayanda hərəkatın funksionerləri, YAP-çıların sözü olmasın, ənənəvi müxalifəti çox tənqid edirdilər, özlərini “yeni növ müxalifət qüvvəsi” adlandırırdılar. Klassik müxalifətçilər də deyirdilər, hələ bir siz fəaliyyətə başlayın, bir-iki seçkiyə qatılın, üç-dördünüz türməyə düşsün-çıxsın, sonra danışarıq.
 
Gördüyümüz kimi, ReAl da artıq klassikləşir, ənənəviləşir. Bir neçə ildən sonra, inşallah, onun da idarə heyəti əsasən yatıb çıxanlardan ibarət olacaq və iclaslarda “türmə xatirələri” bölümü də yer alacaq.
 
(Bir dəfə redaksiyada baş redaktorumuz Rauf Arifoğlunun kabinetinə girdim, gördüm, qonaqları  gəlib – Pənah Hüseyn, İlqar İbrahimoğlu, İqbal Ağazadə, Eynulla Fətullayev. Oturub türmə həyatından danışırdılar. Hərəsi öz türməsini tərifləyirdi).
 
Darıxmayın, Natiq Cəfərli də tezliklə azad olunacaq. Siyasət üstə tutulanlar çox yatmırlar.