​ Siyasətçilər övladlarının siyasətdə olmasını istərdilərmi?

 
 
Müxtəlif fikirlər var; müşahidələr onu deyir ki....
 
Prezident İlham Əliyevin ötən həftə öz övladlarının gələcək fəaliyyəti ilə bağlı dedikləri böyük maraq doğurub. Onların siyasətdə olub-olmayacağının sırf öz seçimləri və istəkləri ilə bağlı ola biləcəyini deyib.
 
Bundan çıxış edərək, digər Azərbaycan siyasətçilərinin övladlarının onların yolunu davam etdirib-etdirməməsi və buna necə baxdıqları ilə maraqlandıq.
 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə övladlarının fəaliyyətləri ilə bağlı onların şəxsi seçimlərinə qarışmadığını söylədi: “Bir adam bir peşəni sevməyəcəksə, bunun arxasınca ürəksiz gedəcək. Nəticədə nə özünə, nə ətrafına, nə də cəmiyyətə xeyir verə bilməyəcək. Biz də buna görə seçimlərini öz ixtiyarlarına buraxırıq. İnsanlar nəyi sevirsə, onunla məşğul olmalıdırlar. Ümumiyyətlə, o barədə düşünmürəm ki, o olsun, yaxud bu olsun”.
 
 
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, atasının müəllim olmasına baxmayaraq, övladlarının heç biri onun yolunu getməyiblər: “Atam müəllim olub, amma onun 5 oğlunun heç biri müəllim olmayıb. Beş qardaş olaraq, hərəmiz bir sənət seçmişik. Ailədə necə görmüşük, övladlarımızı da elə tərbiyə etməyə meylliyik. Uşağın qabiliyyəti nəyə çatırsa, o istiqamətdə ona mane olmaq doğru deyil. Nə oxumasında, nə seçdiyi sənətdə, nə də ailə qurmasında övladlarımın seçiminə mane olmamışam”.
 
 
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev övladlarına məsləhət verib, nəyin yaxşı və ya pis olduğunu desə də, seçimlərində onlara azadlıq verdiyini söylədi: “Gələcək fəaliyyətlərini özləri müəyyən etməlidirlər. Çalışmalıdırlar ki, gələcəkdə seçdikləri peşə onların zövqünə uyğun olsun. Övladın istəyi valideyninin peşəsinə uyğun olursa, o zaman bu çox gözəl olur. Evdə daim olan ədalətsizliklər barədə eşitmişdim və mənim seçimimdə bu, mühüm rol oynadı. Siyasətçi olmağıma əsas səbəblərdən biri də, hərəkat vaxtı Sumqayıtda hadisələr baş verəndə mənim orduda olmağım idi. O zaman mənimlə orduda qulluq edən ermənilərin siyasi cəhətdən necə hazırlıqlı, eyni zamanda məlumatlı olduqları, lakin biz də ailələrdə övladların siyasi cəhətdən məlumatlandırılmamaları məndə narahatlıq hissi oyatdı. Bu amillər və həmin vaxt yaşanan Qarabağ hadisələri məni proseslərin içinə çəkdi və bu günə qədər siyasətçi olmağıma səbəb oldu. Sovet dövründə birpartiyalı sistem mövcud idi və nəticədə siyasətçilərin çox olduğunu demək də mümkün deyildi. Lakin müstəqillik qazandıqdan sonra bu istiqamətdə geniş imkanlar yarandı. Siyasətçilərə ehtiyac yarandı. Yeri gəlmişkən deyim ki, taleyin seçimi ilə əmimoğlu politologiya fakültəsində təhsil alır, seçdiyi ixtisaslardan o fakültəyə düşüb”.
 
 
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, hər kəsin öz düşüncəsi, maraq göstərdiyi sahə var və buna anlayışla yanaşmaq lazımdır: “Övladıma yalnız məsləhət verə bilərəm. Seçim və tale hər kəsin özünə aid məsələdir. Açığı övladlarımın siyasətçi olmaları qəlbimdən belə keçmir”.
 
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev həkim olsa da, siyasətçi olmasına səbəb olan amillərdən danışdı: “Qarabağ müharibəsi siyasətçi olmağımda əsas rol oynadı. Özümlə uşaqlarımı müqayisə etmək istəmirəm. Dövrün tələbləri fərqli olur. Həm də insanların öz seçimləri olmalıdır. Övladlarımdan ikisi zabitdir, vətənə xidmət edirlər. Digər övladım da cərrahdır. Onlar artıq öz seçimlərini ediblər. Bundan sonra da hansı seçimi edəcəklərsə, bu da şəxslərinə aid məsələdir. Artıq yetkin şəxslərdir. Yönləndirmək fikrim yoxdur. Uşaqların xüsusilə, iş və ailə qurmaqda azad olmalarının tərəfdarıyam. Çünki bunlar çox özəl məsələlərdir. Bu baxımdan qətiyyən müdaxilə etmək barədə düşünmürəm”.
 
 
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da bildirdi ki, övladlarına həyatdakı seçimlərində tam müstəqillik verib: “İstər onların ailə həyatı qurmalarında, istərsə də, şəxsi karyeralarında onlara müstəqillik vermişəm. Hətta övladlarımdan biri idarəçilik sistemində çox yüksək perspektivi olduğu halda, o sahibkarlıqla məşğul olmağa üstünlük verdiyinə görə, onun iradəsinin əksinə getməmişəm. Halbuki, mənə elə gəlirdi ki, o idarəçilik sahəsində fəaliyyət göstərsə, daha irəli gedə bilərdi. Amma onun seçiminə böyük hörmətlə yanaşdım, Allah xeyir versin deyərək, ona xeyir-duamı verdim. Bütün övladlarıma münasibətim bu cürdür”.
 
Xatırladaq ki, siyasətçilər də var ki, övladları faktiki, siyasətdədirlər. Misal olaraq, MSDM rəhbəri İsa Qəmbər və AXCP sədri Əli Kərimlini göstərə bilərik. İ.Qəmbərin iki oğlundan biri - Turqut Qəmbər NİDA Vətəndaş Hərəkatının yaradıcılarından və rəhbərlərindən biridir. Əli Kərimlinin oğlu Türkel Kərimli ölkə xaricində olsa da, siyasətlə yaxından məşğul olur.

Загрузка...
Загрузка...