Siyasi məhbus ailələri narahatdır- TELEFONLAR SUSUR

 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq Təcridxanasında saxlanılan məhbusların qiyam etməsi və həbsxanaya qoşun yeridilməsi xəbəri orada saxlanılan siyasi məhbus ailələrinin narahatlığına səbəb olub. Penitensiar Xidmətin susqunluğu bu narahatlığı daha da artırıb.
Gununsesi.info-ya açıqlamasında  keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu olayla bağlı xəbəri saytımızdan oxuduğunu deyib: “Biz də narahatıq. Orada nə baş verdiyini bilmirik. Rüfətin saxlandığı korpusun telefonu məşğul göstərir. Hazırda Rüfətin vəkili Bəhruz Bayramov oraya gedir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur isə bildirib ki, həyat yoldaşından xəbərsizdir: “Bu gün məhkəmələri var. hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinə gedirik. Yəqin ki, orada məlumat ala biləcəm”.

Kürdəxanıdakı həbsxanada saxlanılan “Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nüsrəti də bildirib ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq Təcridxanasına yola düşüb: “Hələlik, sizin yazdıqlarınızı oxumuşuq. Əlavə məlumatımız yoxdur. İndi oraya gedirəm”.