​Sisianovun Gəncə ermənilərinə məktubu - Qisas

 
Bu il qəsbkar rus generalı Pavel Sisianovun qətlinin 210 ili tamam olur.
 
Axar.az xatırladır ki, 1803-cü ildə Cavad Xanla məktublaşan və ona “təslim ol” çağırışı edən Sisianov rədd cavabı aldıqdan sonra Gəncəyə irimiqyaslı hücum təşkil etməyi qərara alır. O, qəhrəman şəhərin - Gəncə əhalisinin müqavimətindən çəkinərək, hiyləyə əl atır və ermənilərə belə bir məktubla müraciət edir:
 
“Bütün Rusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Rusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcək”.
 
Onun bu hiyləsi özünü doğruldur. Təsadüfi deyil ki, Cavad Xanın ölümünə və Gəncənin işğalına səbəb olan Anodyan elə Cavad Xanın erməni arvadı Astığikin qardaşı idi.
 
1804-cü ildə xəyanət nəticəsində Cavad Xan öldürülür və Gəncə işğal olunur. Lakin Sisianovun bu vəhşiliyi cavabsız qalmır.
 
Tarixçi Sevda Süleymanova Sisianovun qətlinin hansı şəraitdə baş verdiyini belə açıqlayır:
 
“General Sisianov 1805-ci ildə “Kürəkçay müqaviləsi”ni imzalamaq üçün Azərbaycan xanlıqlarına müraciət edir. Qarabağ, Şəki, Şamaxı xanları müqaviləyə imza atsalar da, Bakı xanı Hüseynəli Xan bundan imtina edir. Sisianov 1806-cı ildə Hüseynəli Xanı razı salmaq üçün Bakıya yollanır. Lakin xanın əmisi oğlu İbrahim bəy Bakının açarları Sisianova təqdim edildiyi vaxt onu güllələyərək öldürür. Sonra isə başını kəsərək İrana, Abbas Mirzəyə aparıb təhvil verir. Ozamankı tarixi faktlara görə, Sisianovun başı Qoşa Qala qapısının önündə kəsilib”.