Şirzad Abdullayev Saatlıda rüsvay oldu – iclası yarımçıq tərk etdi

İyunun 3-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Foruma dəvət olunan fermer və sahibkarlara qabaqcadan bildirilmişdir ki, onlar tədbirə qatılsınlar. Çünki Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev şəxsən iştirak edəcək və fermerlərə güzəştli şərtlərlə kreditlər veriləcək. Bunu eşidən fermerlər 3 il əvvəl həmin bu Şirzad Abdullaevin iştirakı ilə rayonun Qıraqlı kənd orta məktəbində bu mövzuda keçirilmiş iclası xatırladılar.
Yalançının evi yandı…
DİAşAZ xəbər verir ki, Saatlılı fermerler belə yerdə məşhur el məsələni xatırlamağa məcburdurlar: “Yalançının evi yandı, heç kim inanmadı”. Axı Ş.Abdullayev 3 il bundan əvvəl rayonun fermerlərini kredit verilməsi adı ilə bir dəfə aldatmışdı. O vaxt Ş.Abdullayevin iclasına qatılan fermerler tədbirin sonuna qədər gözlədilər. Ancaq onlara kredit verilməsi barədə bir kəlmə də vəd verən olmadı. İki gündən sonra televiziyalar bar-bar bağırdılar ki, bəs Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayon fermerlərinə 3 milyon manat məbləğındə kredit paylayıb. Fermer və sahibkarlar bir-biri ilə əlaqə saxladılar və məlum oldu ki, həmin məbləğ bir nəfərə verilib. O da əslən Saatlıdan olsa da, Bakı şəhərində yaşayır və mərkəzdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 3 milyon krediti də ona veriblər. Bununla da Saatlı fermer və sahibkarların Şirzad Abdullayevə olan inamı birdəfəlik söndü.
Fermerlər nazirin qəbuluna niyə buraxılmadı?
Yaxın vaxtlarda İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Saatlıda yerli sakinlərlə görüş keçirən zaman Şirzad Abdullayev tərəfindən aldadılmış fermerlər bir yerə toplaşaraq bu barədə nazirə məlumat vermək istəyiblər. Ancaq Ş.Abdullayev və onun adamları, daha doğrusu ətrafı bu görüşə mane olublar. Şirzad müəllim bu dəfə də fermerlərə söz verib ki, onların kredit məsələsini özü həll edəcək. Fermerlər bu dəfə də dövlət məmurunun yalan vədlərinin qurbanı oldular. Qarşıdan isə taxıl biçini, pambıq əkini gəlirdi. Bu ciddi məsələlər fermerləri çox narahat edirdi. Axı, bu məhsullar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Üstəlik Prezident İlham Əliyev ölkədə pambıq əkin sahələrinin genişləndirilməsi, bu sahəyə xüsusi diqqət yetirilməsi barədə tapşırıq verib. Pambıq dünya bazarında yaxşı satıldığından ölkəmizin valyuta ehtiyatlarının artırılmasında çox əlverişli vasitədir. Ancaq sən saydığını say, gör Sahibkarlığa Kömək Milli Fondu nə sayır. Elə iyunun 3-də də Saatlıda İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun keçirdiyi görüşün əsas məqsədi də pambıqçılığın inkişafı ilə əlaqədar fermerlərə yardımçı olmaq idi.
Dövlət məmuruna yaraşmayan yalanlar…
İşgüzar forumda əsas mövzu sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, Saatlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması və sahibkarların investisiya layihələrini maliyyələşdirmək olmuşdur. Lakin sahibkarların Şirzad Abdullayevə qarşı sönmüş inamı bu dəfə alovlanmış və onlar dövlət məmuruna bu yalanlara son qoymağı bildirmişlər. Onun ötən tədbirlərdə verdiyi yalan vədlər, “nazir Şahin Mustafayevin qəbuluna getməyin, özüm hər şeyi yoluna qoyacağam” deyərək, fermerləri aldatması açıq şəkildə üzünə deyildi. “Daha bəsdir bizi aldatdın. Belə yalanlar dövlət məmuruna yaraşmır. Həm də bu yalanlar cənab Prezidentin pambıqçılığın inkişafı ilə əlqədar verdiyi tapşırıqların ziddinə getməkdir”. Dövlət məmuru isə cavab verə bilmədi. Sözləri heç kimin başa düşə bilmədiyi bir tərzdə-kəkələyə-kəkələyə dedi. Sonra isə…
Yalanları ört-basdır edilə bilmədi
Bütün bunlardan sonra Şirzad Abdullayev tədbiri yarımçıq tərk etdi. Elan olundu ki, guya tədbir başa çatdı. Görünür dövlət məmuru yalanlarını ört-basdır edə bilmədiyindən aradan çıxıb. Həm də bu dəfə Saatlı fermerləri məsələni çox kəskin qoyublar: Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin fermerləri aldatması, onları “kredit oyununa” qoşması barədə Azərbaycan Prezidentinə və İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevə məlumat verəcəklər. Fermerlər bildiriblər ki, Şirzad Abdullayevin onları dəfələrlə aldatması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə yetişdirilən məhsulların vaxtında əkilib-becərilməsinə və toplanmasına əngəllər yaradır.