Sıra Əhməd Əhmədzadəyə çatdı - təfsilat

Su və Meliorasiya Təsərrüfatı QSC-nin rəhbəri hökumətə hesabat verməli olacaq
Su və Meliorasiya Təsərrüfatı QSC-nin prezidenti Əhməd Əhmədzadə bir zamanlar rəqiblərinə və həmkarlarına kənardan baxıb, onların hallarına acıyırdısa, artıq özü acınacaqlı duruma düşüb. Politika.Az xəbər verir ki, hakimiyyət dairələrinə şikayət edən fermerlərin böyük qisminin bu QSC ilə bağlı aqressiv münasibət sərgiləmələri rəsmi dairələri də qəzəbləndirib. Ona görə ki, ölkədə kənd təsərrüfatını inkişaf etdirmək istəyən Azərbaycan hökuməti su məsələsindən əziyyət çəkən fermerlərə heç bir şəkildə yardım edə bilmir. Səbəb isə Əhməd Əhmədzadənin nəzarətində olan qurumun yarıtmaz fəaliyyətidir.
Aldığımız məlumata görə, təbii inhisarçı kimi çıxış edən Su və Meliorasiya Təsərrüfatı QSC-nin fəaliyyəti artıq yoxlanılacaq. İllərdən bəri büdcədən ayrılmış milyardlarla manatın aqibətinə aydınlıq gətirmək istəyən rəsmi qurumlar təkcə Hesablama Palatasının deyil, eyni zamanda xaricdən dəvət edilmiş audit xidmətinin də imkanlarından istifadə edəcək. Bu isə Əhməd Əhmədzadə üçün yaxşı perspektiv vəd etmir. Çünki onun rəhbəri olduğu qurumun yeyintiləri həddindən artıq çoxdur və buna görə, cavab vermək heç də asan olmayacaq.
Politika.Az-a verilən məlumata görə, Əhməd Əhmədzadə xaricdən dəvət olunmuş audit şirkətinin gətirilməsinə etiraz etsə də, bunun faydası olmayıb. Ardından isə həmin şirkətdə özünə simsar axtarmağa başlayıb. Amma bu cəhdi də baş tutmayıb. İddia edilir ki, Əhmədzadə düşdüyü durumdan dolayı elə hala qalıb ki, danışmaq üçün dodağını belə tərpədə bilmir. Ona görə ki, bu yoxlama onun sonunu çıxmış olacaq.