​Siqnal: Sərkisyan gizlənir və qaçmaq ərəfəsindədir – Şərh

 
Bir həftə əvvəl Ermənistanda güc üstünlüyü hakimiyyətin, konkret olaraq baş nazir Serj Sərkisyanın tərəfində idi. Ancaq indi vəziyyət xeyli dəyişib. Artıq situasiya kəskindir, güclü tərəf etiraz edən müxalifət və xalqdır.
 
Bunu Teleqraf.com-a Ermənistanda müşahidə olunan siyasi böhranı və hakimiyyətə qarşı müxalifətin itaətsizlik tədbirlərini şərh edən ermənişünas mütəxəssis İsmayıl Tanrıverdi deyib.
 
O, əlavə edib ki, artıq güclü erməni diasporu müxalifəti müdafiə edir. Gümrü şəhərində kütləvi mitinqlərin keçirildiyi, aksiya iştirakçılarının aclıq aksiyasına başladığı və orta məktəblərdə tətil elan olunduğunu xatırladan İsmayıl Tanrıverdinin sözlərinə görə, insanlar qruplar halında müxalifətin mitinqinə dəstək məqsədilə İrəvana doğru hərəkət edir:
 
“Aksiyalar digər şəhərlərdə də vüsət alıb. Bu gün səhər saatlarından aksiyalar start götürüb. Müxalifət liderlərindən Manuçariyan bəyan edib ki, Serjin sonu çatıb və o, ermənilər üçün heç bir əhəmiyyəti olmayan şəxsə çevrilib. Üstəlik, o, diaspora müraciət edərək bildirib ki, indiyə qədər baron Sərkisyan deyə müraciət edirdiniz və düşünürdünüz ki, o, xalqın tərəfinə keçəcək. Bunları etməsəydiniz Sərkisyan bəlkə də səhvini başa düşərdi. Sərkisyan səhvini başa düşmədiyi üçün bu gün öz xalqın tərəfinə keçin, xalqı dəstəkləyin.
 
Bundan başqa, müxalifət hakimiyyətdə olan komandanın xaricdə olan bank hesablarının dondurulması haqda çağırış edib. Nümayişlər isə davam edir, daha çox insan aksiyalarda iştirak etməyə çalışır. Erməni saytları yazır ki, Sərkisyan gizlənir və ola bilsin, qaçmaq ərəfəsindədir. Hətta onun ölkədən çıxmaması üçün müxalifət tərəfindən tədbirlər də görülür”.
 
Ermənişünas deyib ki, müxalifət lideri Paşinyanın həbsindən sonra Ermənistanda durum bir qədər də kəskinləşib:
 
“Hazırda Paşinyanın harada saxlanıldığı bəlli deyil. Əvvəl dedilər, Sevan rayonunda saxlanılır. Amma bu, yalan çıxdı. Onun harada olduğu haqda informasiya yoxdur. Yoldaşı da səhər elan etdi ki, ərinin harada olmasından məlumatsızdır. İndi aksiyalar daha genişlənir. Bu o deməkdir ki, Sərkisyanın sonu yaxınlaşır”.
 
Dünən İrəvanın “Azadlıq” meydanında 150 mindən çox insanın iştirakı ilə aksiya keçirildiyini deyən İsmayıl Tanrıverdi xatırladıb ki, həmin meydanda son dəfə bu qədər ermənin toplaşması Dağlıq Qarabağ münaqişəsinin ilk illərində qeydə alınıb:
 
“Artıq Sərkisyanın xalqa qarşı silah işlətməsi inandırıcı deyil. Bu gün 3 deputat çıxışında bəyan etdi ki, 2008-ci ilin martın 1-də Sərkisyanın Köçəriyanla birlikdə xalqa qarşı istifadə etdiyi silahı indi tətbiq edə bilməz. Çünki bu, Qarabağ klanının tam sonu olardı. Yeganə çıxış yolu Sərkisyanın hakimiyyətdən imtina etməsidir. Müxalifət bu cür düşünür.
 
Ortada Rusiya faktoru da var və bu, güclü amildir. Amma aksiyalar davam edəcəyi təqdirdə Sərkisyan hakimiyyətdən imtina edə bilər. Nəzərə almaq lazımdır ki, Moskvada da ermənilər ayağa durub”.
 
İsmayıl Tanrıverdi deyib ki, hazırda erməni xalqı daha çox Çiçəklənən Ermənistan Partiyasının sədri Çarukyanın hakimiyyətə gəlişini istəyir:
 
“Amma tam qarışıqlıq yaranmasın deyə prezident Armen Sərkisyan hakimiyyəti əlində cəmləşdirə bilər. Diqqət edin, dünən prezident Sərkisyan Paşinyanla görüş zamanı əyilib onun qulağına pıçıldadı, daha sonra cibindən nəsə çıxarıb göstərdi. Bu, prezidentlə Paşinyan arasında razılaşma əlaməti kimi yozula bilər. Üstəlik, Karen Karapetyan da hakimiyyətə gələ bilər. Bu şəxs Rusiyanın adamıdır. Karapetyan dünən çox sakit çıxış etdi, həm Sərkisyanın tərəfini saxladı, həm də müxalifətin düz yolda olduğuna işarə etdi.
 
Sərkisyan Karapetyanı Moskvadan gətirib baş nazir təyin etdi, sonra isə özünü baş nazir seçdirib, onu özünə müavin götürdü. İndi Karapetyanın yenidən baş nazir olması ehtimalı var. Bütün hallarda əgər Sərkisyan gedəcəksə, onun yerini Rusiyaya yaxın olan erməni siyasətçilərindən biri tuta bilər.
 
İnanmıram ki, qərbyönlü siyasətçilər hakimiyyətə gələ bilsin. Əgər qərbyönlü siyasilərin hakimiyyətə gəlmək şansı olsa Rusiya Qarabağ amilini və Türkiyə ilə sərhədləri mühafizə edən rus əsgərləri faktorunu dərhal qabardaraq onların qarşısını əngəlləyəcək”.

Загрузка...
Загрузка...