​Səhər saat 5-də mesaj gəldi... - İbrahim Nəbioğlu

 
Axar.az tanınmış jurnalist İbrahim Nəbioğlunun İngiltərədə yaşayan azərbaycanlı şair Rauf Qaraişıq haqda qələmə aldığı yazını və şairin bir neçə şeirini təqdim edir:
 
Hava limanında təyyarəmin qalxış anonsunu gözləyir, vaxt keçsin deyə telefonumu qurdalayırdım. Birdən mesencerə mesaj gəldi. Səhər saat 5 idi, sabahın alaqaranlığında təlaşlandım. Açanda gözümə bu misralar sataşdı:
 
Sən?!
Genə sən?
Genə gəldin qapıma,
Sentyabr!!!
Sən tay abır qoymadın məndə -
Sentyabr!!!...
 
Deməyəsən, şeirin müəllifi mənə Feysbukdan həftələr öncə dostluq göndəribmiş. Tanımadığım üçün qəbul etməmişdim. Şeiri paylaşdım və bu, mənim Rauf Muradovla dostluğumun başlanğıcı oldu…
 
* * *
 
Raufun rəngli və fərqli şeirləri haqda ədəbi məqalə yazmağı düşünmədim başdan. Sadəcə olaraq, bu, son dərəcə maraqlı və qeyri-adi daxili dünyaya sahib insanı daha geniş çevrəyə tanıtmaq istədim. Onun bir neçə şeirini paylaşınca Aynur Camalqızı məndən Raufun şeirlərini istədi, sonra da bu şeirləri sayta yerləşdirmək arzusunda olduğunu dilə gətirdi. Və belə bir qərara gəldik ki, Raufu azca auditoriyaya tanıdaq.
 
Şerlərini “Qaraişıq” təxəllüsü ilə imzalayır çox zaman. 2015-də çap olunmuş “77 Şeir” adlı cəmi bircə kitabı var. Dostum, istedadlı şair və gözəl jurnalist Əli Nəcəfxanlının kitabda qısa, amma çox səmimi yazısı var. O yazıdan, bir az da ordan-burdan istifadə edib, bu son dərəcə maraqlı və orijinal həmvətənimizi tanıtmaq istədim sizə…
 
Əsli-kökü Qarabağdandır, amma 1959-da Sumqayıtda inşaatçı və müəllimə ailəsində doğulub, Politexnikdə oxuyarkən 3 elmi məqaləsi dərc olunub. 26 yaşında Moskvada maşınqayırma texnologiyası üzrə aspiranturaya qəbul olunur. 3 il sonra SSRİ ixtiraçısı adına layiq görülür. 40-dan çox ixtirası və elmi işi var. İxtiraları İngiltərə və Türkiyə daxil 7 ölkədə tətbiq olunub….
 
Ağrılar bir dənizmiş,
Sən uzaq yaşıl ada!..
Ağrılar bir dənizmiş,
Sən uzaq yaşıl ada!..
 
Vaqif Səmədoğlunun heyranıdır, zatən ona ithaf etdiyi bu 4 misradan da bunu sezmək mümkündür. Rauf modern düşüncəlidir, elmidir, hətta bənzərsizdir. Bunu şeirləri haqda da demək olar.
 
Qiyabi tanışlığımızın ertəsi günü 2 qəribçilik çəkən insan 3 saata yaxın telefonda danışdıq – o İngiltərədə, mən Türkiyədə. İkimiz də texniki təhsil aldığımızdan tez ortaq dil tapdıq. Ona Borxesin bəhrələndiyi və kumiri saydığı Jon Danndan danışdım. Rauf o qədər gözlənilməz analiz və fikirlər söylədi ki, onun daxili dünyasına valeh oldum. Borxes isə söhbətimizə mənim Raufun bəzi şeirlərini “Borxesvari” olduğunu söyləməmdən girdi.
 
Ölmüşdüm…
Bir cüt sarıca yarpaq
Bir cüt quruca yarpaq
Qondu qaraca gözlərimin üstə.
Elə bildim… əllərindi!
Açdım gözlərimi!
Yoox…
Əllərin deyilmiş sənin
O bir cüt sarıca yarpaq,
O bir cüt quruca yarpaq.
Heyf dirilməyimə,
Heyf!..
 
Rauf var gücü ilə müxtəlif mühərriklərin modernləşdirilməsi, “3C+5B” adlı problemin sürətlə həlletmə sistemləri və başqa “Nau Hau”lar, “Müasir insan və kompüterlər” kimi mövzular üzərində çalışır.
 
2005-dən İngiltərədə yaşayır dostum, əvvəl Liverpulda, son 8 ildir də ölkənin cənubundakı Southemptonda. İki qızı var, biri öz ailəsi ilə İspaniyada yaşayır, o biri də ata-anasının yanında.
 
Raufu israrla çox sevdiyi və dəfələrlə gəldiyi İstanbula çağırıram, deyəsən, gələcək. Düşünürəm ki, necə edək ki, İstanbuldan sonra Bakıya da gəlsin Rauf. Belə beyinləri, belə kosmik enerjili insanları öz ölkəmizdə görməliyik.
 
Ey gözəl ölkəmiz, bir səs versənə, bu insanları təkrar qazanmayaqmı?..