​Səhər Əhməd - "Səfil xalq, nə bağırırsan"

 
Qazın, işığın qiymətlərinin artması gecəyarı gündəmə bomba kimi düşdü. Gündəm deyəndə ağlınıza başqa şey gəlməsin, yəni bizim facebooka.
 
Hərə başladı öz səhifəsində partizanlıq eləməyə, partizanlıq da ibarət olsun ondan ki, "qalxmaq" və "qaz" sözləri bütün məcazı mənalarında işlədilib, çoxmənalılığın cəmi çalarlarını bitirdi, bütün uyğun sözlərə bütün mümkün qafiyələr tapıldı. İndi kim yaxşı söz oynatdı, kim ən uğurlu qafiyə tapdı, deyə bilmərəm. Əgər mən də bu mövzuda söz oynatmaq hüququmdan istifadə etməli olsam, deyərdim ki, hamının qazı çıxdı. Çıxmadısa da, iki-üç günə çıxacaq, uzağı yeni gündəmə, təzə xəbərə qədər.
 
Və beləcə bir azdan təzə qiymətlərə də öyrəşəcəyik, metro və avtobuslarda gediş haqqı artırılsa da belə olacaq, ümumən ölkədə yaşamaq haqqı da qalxsa, heç nə dəyişməyəcək. Öyrəşəcəyik. Necə ki, öyrəşmişik. Azərbaycanda yaşamaq olduqca bahadı. Milli valyuta ucuzlaşdıqca, bəşəri həyat bir az da bahalaşır. Apteklərdə dərmanlar, mağazalarda ərzaqlar, həyat get-gedə hər kəsin gücü çatmayacaq qədər "defisitləşir". Biz də bir-birimizin intiharını izləyə-izləyə söz oynadırıq, öz meydanımızda bağırırıq.
 
Gecə facebookdakı bu "atışma" zamanı mənim yadıma nədənsə Cəfər Cabbarlının bir klassikası düşmüşdü:
 
-Səfil xalq, nə bağırırsan, varsansa yarat, yarada bilmirsənsə, uzan, öl!

Загрузка...
Загрузка...