Şəhidlərə hörmətsizlik iddiasına teatrdan cavab: “Yalandır” - VİDEO

Bu günlərdə Mingəçevir Dövlət Teatrında şəhidə qarşı hörmətsizlik edildiyi barədə məlumat yayılmışdı. Ölkə.az saytının verdiyi xəbərə görə,  teatrın əməkdaşı Kamran Adilzadənin şəhid oğlu Adil Adilzadənin yeddi mərasimi çıxmamış teatrda truppa müdiri Könül Hacıyevanın doğum günü münasibətilə təntənəli tədbir keçirilib. Bəzi iddialara görə, teatrın əməkdaşı olan şəhidin atasının həmin tədbirlə bağlı halı pisləşib.
Məsələ ilə bağlı Mingəçevir Dövlət Teatrının direktor müavini Vüsal Məmmədov musavat.com-a açıqlama verib.
Teatr rəsmisi iddiaların yalan olduğunu bildirib: “Teatrımız təkcə əməkdaşımızın şəhid oğlu üçün deyil, bütün şəhidlərimiz üçün çox üzüldü. Teatrın əməkdaşı Kamran Adilzadənin şəhid oğlu Adil Adilzadənin isə həm üç, həm də yeddi mərasimində hamılıqla iştirak etmişik. Əvvəlcə ailəsi ilə bərabər şəhidlərin məzarını ziyarət edib, sonra isə yasda olmuşuq. Şəhidin yeddi mərasimi ayın 17-də bitdiyi üçün atası dünən, aprelin 18-də və bu gün işdə olub. Teatrımızın barəsində yazılan iddialar yalandır. Belə ki, aprelin 18-də məşqə başlamazdan əvvəl truppa müdiri Könül Hacıyevanı doğum günü münasibətilə direktor və mən təbrik etmişik, daha sonra tamaşanın məşqinə başlanılıb. İddialara görə, orada böyük şadyanlıq keçirilib. Lakin orada nəinki yemək-içmək, hətta tort belə, olmayıb. Yayılan videoya da diqqətlə baxsaz, görərsiz ki, heç bir çalğı aləti də olmayıb. Sadəcə, rəhbərlik tərəfindən sözlə təbrik olunub”.