Şəhid qəbri - bizim qürur yerimiz!

AXCP Sumqayıt şəhər şöbəsi və bir qrup müstəqil gənc “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, şüarları ilə Qarabağ uğrunda canından keçən şəhidlərimizin qəbrini ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Şəhidlik zirvədir, şəhidlik bir məktəbdir, onları ziyarət edirik, onların qəbri üstünü gül-çiçəklə bəzəyib, beləcə özümüzdə az da olsa, mənəvi təsəlli tapmağa çalışırıq. Həyatda ən böyük xoşbəxtlik də elə vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur...
Tarixə düşmək, unudulmazlıq qazanmaq əslində bir mənəvi tələbdir. Biz şəhidlərimizi ziyarət edərkən, bəzən düşünürük ki, "kaş ölməzdi, yaşasaydı, həm ailəsinin, yaxınlarının yanında, həm də bizimlə bərabər olardı və s”. Amma düşünmürük ki, biz həyatda sağkən vətən üçün nə etdik, onlar nə etdi?!
Bizim söz azadlığımızı məhdudlaşdıranlar, haqqımızı əlimizdən alanlar varkən, biz onlarla qarşı-qarşıya gələ bilmiriksə, Qarabağda və işğal olunmuş ərazilərimizdə yağı düşmənlərimizə sinə gələ bilmiriksə, onda biz kimik ki?! Lakin şəhidlər vətən yolunda canlarından keçdilər. Odur ki, xalqımız, xüsusən də gənclər şəhidlərimizin dəfn olunmasında böyük coşqu ilə iştirak edərək son mənzilə yola saldılar. Həyatda bundan böyük xoşbəxtlik nə ola bilər?
Əslində, bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Onlar şirin canından keçib, ulu babalarımızın bizlərə əmanət etdiyi, ana yurdumuz -Azərbaycanmızı yağı düşməndən azad edərkən şəhid oldular.
Onlar, “Bu vətən bizimdir!” deyib, əsgər olaraq əllərinə silah götürüb, qorxmadan düşmənlə üz-üzə gəlib, onlara sinə gələrkən şəhid oldular.
Vətənimiz, torpaqlarımız toxunulmazdır, onu göz-bəbəyimiz kimi qoruyub saxlamalıyıq, - deyib, şəhid oldular.
Onların tək düşündüyü torpaqlarımızı - babalarımızdan bizə miras qalan əmanəti gələcək nəsillər üçün bütöv, toxunulmaz halda qoruyub saxlamaqdır. “Qoymayaq ki, kimsə əmanətmizə xəyanət etsin”, - deyib şəhid oldular.
Əslində şəhidlərimiz bizə torpaqla bərabər, bir neçə əmanət də qoyublar. Onların bəzilərinin ailəsi, bəzilərinin də sevgi məktubları qalıb. Şəhid olacaq əsgərlərimizin ikisinin sözləri bizi daha çox düşünməyə vadar etdi. Birincisi, mayor Rasim Məmmədovun atası öz sağlamlığını vətənimiz uğrunda qurban verən və 23 illik yataq xəstəsi olan əbdül Məmmədova dediyi söz: “Ata, mən səndən də bir dərəcə yüksək zirvəyə qalxacağam”. Bəli, bu şəhidlik zirvəsi idi!                                                                                 
Ikincisi isə, əsgərimizin öz sevgilisinə yazdığı sevgi məktubu idi. Bu məktub belə başlayırdı: “Mən səni sevirəm, ancaq şəhid olacağam. Əgər sən də məni sevirsənsə, qəbrim üstünə gəlib, yavaşca “Səni sevirəm” deyərsən. Onda mən səni eşidəcəm”. Əslində belə ürəkağrıdan hadisələr şəhidlərimizin bizə qoyduğu ən böyük əmanətlərdir.
Qeyd edək ki, illər əvvəl, Mübariz İbrahimov da öz valideynlərinə “Cənnətdə görüşərik” yazaraq, həm şəhidliyin, həm də qəhramanlığın necə böyük zirvə olduğunu bizə əmanət qoyub şəhid oldu. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!
Bu gün hər-kəs öz səlahiyyətləri daxilində və kimliyindən aslı olmayaraq şəhidlərimizi ziyarət edib, onların ruhuna dualar etməlidir. Çünki şəhidlərimiz bu vətənin xilaskarıdır və onların qəbri bizim qürur yerimizdir.
Ruhunuz şad olsun vətənmizin şəhidləri, sizinlə fəxr edir, qürur duyur, bütövlükdə AZƏRBAYCAN!
ÜLVİYYƏ XƏLİL