Şəhid ailələrinə ödənilən təzminat və güzəştlər artırlsın - TƏKLİF

Şəhid ailələrinə və müharibə əlillərinə verilən təzminatın və güzəştlərin artırılmasına ehtiyac var. Əksər ictimaiyyət nümayəndələri bu fikirdədir ki, hazırda Azərbaycanda əsgərlərin şəhid olması müqabilində ödənilən təzminat övladını və ailə başçısını itirən ailənin ehtiyaclarının ödənilməsi üçün yetərli deyil.
Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, hərbi qulluqçunun həyatı dövlət tərəfindən 11 000 manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir - yəni 110 manat. Şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir, həlak olan əsgərlə zabit ailəsi dövlət tərəfindən eyni məbləğdə kompensasiya alır.
Hərbçi yaralandıqda, əlillik dərəcəsi aldıqda ona qanunamüvafiq sığorta haqqı ödənilir. I qrup əlilliyə görə 80 faiz, II qrup əlilliyə görə 60 faiz, III qrup əlilliyə görə 40 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət aldıqda 25 faiz; yüngül xəsarət aldıqda 5 faiz ödənir. Konkret olaraq, əgər hərbi qulluqçu 1-ci qrup əlil olarsa, 8 min manat, 2-ci qrup 6 600 manat, 3-cü qrup 4 400 manat alır. Xəsarət aldığı halda isə, hərbiyə yararsız tərxis olanda 2 700 manat verilir.
Prokurorluq və daxili işlər orqanlarında çalışanlarda sığorta haqqı nisbətən yüksəkdir. Ölüm halında onlara 5 illik əməkhaqqı, yemək, paltar pulu hesablanır, bu isə 17-18 min manat civarındadır.
Dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda şəhid ailələrinə ödənilən təzminatı az hesab etmək olar. Məsələn, hər gün onlarla şəhid verən qardaş Türkiyədə hər bir dövlət qurumunun şəhid ailəsi qarşısında öz məsuliyyəti müəyyən edilib. Belə ki, Türkiyədə şəhid ailələri və qazilərə tanınan 62 maddədən ibarət güzəştlər toplusu mövcuddur. Təkcə, 13 maddə şəhid varislərinə verilən maddi haqlardır.
Şəhid varislərinə nağd təzminat 28 785 TL-dir, bu da hazırki məzənnə ilə 15440 manat edir. TSK Dayanışma Vakfı 7 575 TL  (4014 manat) və 19 695 TL (10438 manat) yardım edir. Tütün Beyiye mükafatı
1 212 TL (642 manat), təqaüd mükafatı 32 292 TL (17115 manat), toplu mənzil krediti təxminən 10 min manat, kirayə haqqının dövlət tərəfindən ödənilməsi və onlarla kiçik təqaüdlər...
Ukraynada isə həlak olan hərbçinin ailəsinə 609 000 qrivna verilir ki, bu da 35 931 manata bərabərdir. Bundan əlavə şəhid ailələri dövlətin hər cür imtiyazlarından faydalanan bilirlər.
Düşmən ölkə Ermənistanda isə təzminat məsələsi ilə bağlı vəziyyət daha pisdir. Məlumata görə, 2012-ci ildə gedən xəbərlərdə xidmət zamanı ölən hərbçilərin ailələrinə 30 min dram verilir. Bu, 4229.87 rubl və ya 94 manat 75 qəpikdir.
Ermənistan istisna olmaqla, digər ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da şəhidlərin ailələrinə verilən təzminatların, edilən güzəştlərin artırılmasına ehtiyac var.
Deputat Vahid Əhmədov devalvasiyadan sonra 11 min manatlıq məbləğin ailə ehtiyaclarının ödənilməsi üçün bir qədər yetərsiz olduğunu bildirdi: “Bu məsələyə mən də baxmışam. Şəhid olanların ailələrinə verilən təzminat bir qədər azdır. Bu məsələyə yenidən baxmaq lazımdır. Çünki, bunlar hamısı qanunla tənzimlənir. Vətən uğurunda canından keçən şəhidlərimizin ailələrinə hərtərəfli qayğı göstərmək, onların maddi təminatını ödəmək zəruridir. Xüsusən onların ailə üzvlərinə, övladlarına, valideynlərinə yardım etmək lazımdır. Bilirsiniz ki, sonuncu hadisələrdə də çoxlu sayda şəhidimiz oldu. Ona görə də, bu məsələyə yenidən baxılmasına ehtiyac var. Onların həm mənzillə təminatı, həm də təhsil problemləri və digər məsələlər də diqqətdə olmalıdır. İndi şəhid ailələrinə 11 min manat təzminat verilir. Bu pul əvvəlki vaxtlar üçün bəlkə də yaxşı idi. Ancaq son devalvasiyadan sonra bu vəsait, o qədər də böyük vəsait deyil. Bu məbləği 20-30 min manata qədər  qaldırmaq olar. Mən təkcə təzminat məsələsinə yox, bununla bağlı bütün məsələlərə kompleks şəkildə baxmağın tərəfdarıyam”.
Hərbi ekspert Üzeyir Cəfərov da açıqlamasında sözügedən qanuna yenidən baxılmasını və şəhidlərin, müharibə əlillərinin ailələrinə  əlavə güzəştlərin edilməsini vacib sayır: “Azərbaycanda indi şəhid olan hərbi qulluqçunun ailəsinə 11 min manat pul verilir. Ondan əlavə, şəhidin ailəsinə 200 manat prezident təqaüdü verilir. Bundan başqa, əgər şəhidin yaşlı atası-anası varsa, onların pensiyasının üzərinə müəyyən əlavələr olur. Bu da təxminən 160 manat civarındadır. Əgər hər iki valideyn pensiya alırsa, o məbləğ ikiyə bölünərək hər birinin pensiyasına əlavə olunur.
İndiki vaxtda devalvasiya gedib və manat dəyərdən düşüb. Biz əvvəllər də bu məsələni qaldırmışdıq ki, dövlət müharibə veteranlarına yalnız 45 manat müavinət verir. Bizim rahat kabinetlərdə oturan bəzi məmurlarımız isə sonuncu dəfə gördülər ki, Azərbaycan əsgəri bütün çətinliklərə baxmayaraq, bu ölkənin vuran əli, görən gözü, eşidən qulağıdır. Bir çox diplomatların görə bilmədiyi işi Azərbaycan əsgəri gördü. Bahalı maşınlarda, lüks kabinetlərdə oturan məmurlar isə başa düşmək istəmirlər ki, vətən uğrunda canını fəda etmiş şəxslər özündən sonra geriyə baxmamalıdır ki, ailəsi mənzillə təmin olunubmu, övladları məktəbə gedəndə ehtiyacları təmin olunacaqmı? Düzdür, müəyyən yardımlar olunur. Ancaq bu Türkiyə təcrübəsində olduğu kimi qanuni şəkildə edilsə, daha yaxşı olar.
Ekspert təklif etdi ki, şəhid və müharibə əlillərinin ailələri bütövlükdə kommunal xərclərdən azad olunsun: “Bizə bəzən deyirlər ki, indi bazar iqtisadiyyatıdır və “Azəriqaz”, “Azərsu”, “Azərişıq” kommersiya qurumlarıdır. Ancaq biz də deyirik ki, həmin kommersiya təşkilatlarını ön cəbhədə düşməndən qoruyan bu əsgərlər və ya əlil olmuş müharibə veteranları deyilmi? Ancaq bu məsələni müsbətə doğru həll eləmək istəmirlər. Dövlət atasız qalan şəhid balalarının xərclərini bütövlükdə öz üzərinə götürməlidir. Onun özü də cəmiyyət üçün bir örnək olar. Cəbhəyə gedən gənc əmin olar ki, əgər o şəhid olsa, ailəsi hər hansı çətinliklə üzləşməyəcək. Hesab edirəm ki, qanunvericiliyə yenidən baxılmalıdır və vətən uğrunda döyüşlərdə şəhid olan, yaralanan, əlil olan şəxs dövlətin ən yüksək imtiyazlarından yararlanmalıdır. Hörmətli millət vəkillərimiz bununla bağlı dünya təcrübəsini öyrənib, müsbət nümunələrdən faydalansalar, yəqin ki, ortalığa yaxşı bir qanun çıxara bilərlər. Bir tərəfdən mövcud qanunlar yaxşı işləməlidir, digər tərəfdən həmin qanunlar təkmilləşdirilməlidir”.