Əsgər atası: “Oğlumun başını bellə əzib öldürüb”

 
 
“3 aya yaxındır həmin əsgəri tutub atıblar həbsə. Bir söz demirəm, cəzasını çəkməlidir və çəkəcək də. Ancaq mənim övladıma cavabdeh olan hərbi hissə rəhbərliyi də var axı… Rəhbərlik hara baxırdı ki, əsgər səngər qazmaq üstündə başqa əsgəri bellə vurub öldürürdü? Mən orduya sağ-salamat vəziyyətdə oğul vermişəm, niyə başı əzilmiş ölüsünü qaytarmalıydılar? Bu gün mənim övladım, sabah onun, birigün o birisinin… Axı nə vaxta qədər?”.
 
Bərdə rayon sakini Kamil Əsədov AzadlıqRadiosuna danışır ki, 2015-ci ilin aprelində Bərdədən hərbi xidmətə çağrılan, Füzulidəki N saylı hərbi hissədə xidmət edən oğlu Tamerlan Əsədzadə bu il sentyabrın 22-də əsgər yoldaşı tərəfindən xüsusi amansızlıqla öldürülüb. Belə ki, səngər qazarkən Kamilin işləmədiyini görən əsgər yoldaşı onu əlindəki bellə başından yaralayaraq qətlə yetirib. Ata oğlunun başına gələnlərin kökündə nəzarətsizliyin və cəzasızlığın dayandığını düşünür.
 
“MAAŞI GƏLİB ƏLİNƏ ÇATMIRDI”
 
Kamil Əsədovun deməsinə görə, Tamerlan əvvəllər də tez-tez evə zəng vuraraq incidildiyini deyirmiş:
 
“Deyirdi, “ata, heç yerə şikayət eləməyin, onsuz da xeyri yoxdur, ara yerdə sonra burda məni daha pis incidəcəklər”. Təzəlikcə isə tabor komandirinin müavini keçmişdi. Mən həmişə hərbi hissədə baş verənlərdən yazmaq istəmişəm. Çünki əsgərə çatacaq maaş gəlib əlinə çatmırdı. Siqaret puluna qədər özümüz göndərirdik. Qarşımı Tamerlan kəsirdi, qoymurdu ora-bura müraciət edək. Övladım aprel döyüşlərinin iştirakçısı idi. Bu da onun qiyməti… O hərbi hissədə güclü nəzarət, nizam-intizam olsaydı, Tamerlan indi yanımızdaydı. Onu hospitala götürmüşdülər, əsgərlər deyirlər, necə zərbəylə vurulubsa, hospitala aparılanda da bel başında qalıbmış. Əslində oğlum elə vurulan vaxt ölüb. Bizi aldadırdılar ki, guya həyata qaytarmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Guya Bakıdan – Papanindəki hospitaldan həkimlər gəlib, uşağı əməliyyat edib. Sonradan bilmişik ki, elə oranın öz həkimləri imiş, heç yerdən heç kəs gəlməyibmiş. Əhmədbəylidəki hospitalda reanimasiyaya girdik, gördük, eləcə ölünü uzadıblar, başı-gözü pırtdayıb, dedik, “uşaq ölüb axı. Bunun ölüsünü niyə saxlayırsız?”. 3 günlük tələbimizdən sonra ölünü özümüzə verdilər. Orda saxlamaqları da görüntü üçün idi. Guya həyata qaytarmağa çalışırlar…”.
 
“NƏZARƏTSİZLİYİN QURBANI OLDU”
 
Hadisə baş verərkən Tamerlanın hərbi xidməti başa vurmasına cəmi 7 gün qalıbmış. Ailənin tək oğluymuş: “Mənim qardaşım şəhid olub, onunla fəxr edirəm. Ancaq oğlumun qanını bağışlamayacam. 19 yaşlı yeganə oğlum özbaşınalığın, nəzarətsizliyin, qurbanı oldu”.
 
Hadisəyə görə İsmayıllının Diyallı kəndindən hərbi xidmətə çağırılmış və hərbi hissədə tabor komandiri olmuş İsaq Quliyev həbs olunub. Cinayət işi üzrə istintaq Füzuli rayon Hərbi Prokurorluğunda aparılır. Prokurorluqdan bildirilib ki, istintaq yekunlaşmaq üzrədir, yaxın vaxtlarda cinayət işi məhkəmə baxışına göndəriləcək. İstintaq davam etdiyindən əlavə bilgi verilməyib.

Загрузка...
Загрузка...