Səfirliyimizin açıqlaması qadağan olundu – Mətn

 
 
Bu şəraitdə hər bir ehtiyatsız fikrin, onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B.Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir?
 
Axar.az xəbər verir ki, bu sözlər Rusiyadakı səfirliyimizin lenta.ru saytında Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla dərc olunan müsahibəyə cavab olaraq yaydığı məlumatında deyilib.
 
Musavat.com-un məlumatına görə, şərhdə son aylar Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin aktivləşdiyi qeyd olunur:
 
“Beynəlxalq ictimaiyyətin səyləri çərçivəsində münaqişənin nizamlanması üzrə ciddi iş görülür və Rusiya bu prosesdə müstəsna rol oynayır. Həmsədr ölkələr (Rusiya, ABŞ, Fransa) də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, qondarma DQR-i tanımır və danışıqlar prosesində irəliləyişə nail olmağa çağırırlar. Bu şəraitdə hər bir ehtiyatsız fikrin onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B.Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir?
 
Ən əsası, həmin böhtan xarakterli iddialar Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirə bilər. Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi çərçivəsində erməni və azərbaycanlı icmalarının təhlükəsiz yanaşı yaşamalarını təmin edə biləcək və geniş muxtariyyət hüquqlarına malik müəyyən rejim formalaşdırılmalıdır. Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymaq, onun ərazilərində ikinci erməni dövləti yaratmaq və ya torpaqlarımızın bir hissəsini ilhaq etmək cəhdləri iflasa məhkumdur. Azərbaycan xalqı heç vaxt belə cəhdlərlə razılaşmayacaq. Rusiya mətbuatında bu tip müsahibələrin dərc olunması tez bir zamanda həll edilməsi tələb olunan münaqişənin nizamlanmasında vasitəçilik işində Rusiyanın müstəsna rolunun reallaşdırılmasına süni maneələr yaratmaq məqsədi güdür".
 
Qeyd edək ki, səfirlik Rusiyanın “KİV haqqında qanunu”nun 46-cı maddəsini (“Cavab hüququ”) rəhbər tutaraq “lenta.ru”nun redaksiyasına müraciət edərək Bako Saakyanın çıxışına cavab olaraq ölkəmizin mövqeyinin dərc olunmasını xahiş edib. Lakin redaksiyadan qanunsuz şəkildə səfirliyin mövqeyinin işıqlandırılmayacağı bildirilib.