Səfirimiz İtaliyanın təhsil naziri ilə görüşüb - Foto

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə aprelin 12-də İtaliyanın Təhsil naziri xanım Stefania Giannini ilə görüşüb.
Bu barədə səfirlikdən musavat.com-a məlumat verilib. Məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Səfir M.Əhmədzadə italiyalı nazirə Azərbaycanda təhsil sektoru və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkənin müvafiq nazirlikləri, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin və mübadilələrin vacibliyini qeyd edib.
Əvvəllər Perugia Universitetinin rektoru və senator kimi Azərbaycana səfərlər etdiyini deyən S.Giannini ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. S.Giannini iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu və növbəti illərdə əməkdaşlığın daha da geniş vüsət alacağına əmin olduğunu vurğulayıb. (Musavat.com)