Səfir Konstitusiya dəyişikliyindən danışdı

«Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu, ölkənin ən vacib sənədidir».
 
APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib.
 
O bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər: «Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur. Demokratik quruluşun əsas göstəricisi müxtəlif fikirlərin olduğu debatların təşkil olunmasıdır».
 
Bu il sentyabrın 26-da Azərbaycanda Konstitusiya Aktına əlavə və dəyişikliklə bağlı referendum keçiriləcək.
 
ABŞ GENİŞ MÜZAKİRƏLƏR TƏKLİF EDİR
 
Səfir ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib.
 
R.Cekuta vurğulayıb ki, buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir: «Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir».
 
Səfir həmçinin qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib. Robert Cekuta bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin Azərbaycan və Ermənistan hökumətləri ilə münaqişənin həlli istiqamətində çalışır: «Ötən həftə həmsədrlər Rusiyanın xarici işlər naziri ilə görüşüblər. Həmçinin BMT Baş Assambleyası çərçivəsində görüş gözlənilir. ABŞ bu münaqişənin həllini vacib sayır. Biz hesab edirik ki, regionda sabitlik, sülh və rifahın təmin olunması üçün münaqişə tərəfləri bir araya gəlməli və bu istiqamətdə çalışmalıdırlar».