Şeyxin “yardım çeki”ni ictimailəşdirməsi doğrudurmu?

Kənan Rövşənoğlu: "Bu, puldan daha çox dövlət və xalq olaraq Azərbaycanın Türkiyənin yanında olduğunu simvolizə edən bir hərəkətdir"
Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin lideri Allahşükür Paşazadə Türkiyədə dini liderlərin toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı dini lider Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman görüşərək 15 iyul hadisələri ilə bağlı Türkiyəyə “keçmiş olsun” mesajlarını çatdırıb və olaylarda həlak olanların ailələrinə veriləcək 100 min dollarlıq plakat formasında simvolik çeki təqdim edib.
 
Dini liderin bu cür jesti ölkə ictimaiyyətində, sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, müzakirələrə yol açıb.  Bir çoxları İslam dinində “sağ əlin verdiyini sol bilməməlidir” hədisi olduğunu əsas gətirərək xeyriyyə məqsədi ilə edilən yardımların bu cür təqdimatla verilməsinin doğru olmadığını, reklam xarakteri daşıdığını qeyd ediblər.
 
Məsələ ilə bağlı QMİ-nin rəyini öyrənməyə çalışdıq. QMİ-nin sədr müavini Qəmər Cavadlı hazırda İstanbulda xəstəxanada olduğunu, bu səbəbdən səslənən suallara cavab vermək iqtidarında olmadığını bildirdi.
 
Bəs dinimizdə xeyriyyə məqsədi ilə verilən pulun plakat formasında simvolik çeklə təqdim edilməsi nə dərəcədə doğru hesab edilir?
 
Dini ekspert Kənan Rövşənoğlu məsələyə bu cür aydınlıq gətirdi:
 
“Bu, puldan daha çox dövlət və xalq olaraq Azərbaycanın Türkiyənin yanında olduğunu simvolizə edən bir hərəkətdir. O mənada burda bir qəbahət yoxdur. Əslində bu şəkildə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bütün dünyaya göstərirlər.
 
“Sağ əlin verdiyini sol əl bilməməlidir” məsələsinə gəlincə, bəli, belə bir hədis var. Amma bu fərdi yardımlar üçün nəzərdə tutulub, bir insana yardım edəndə onun utanmaması, sıxılmaması üçün yardımı başqaları görməməsi lazımdır. Çünki savab niyyəti ilə edilən əməl Allaha görə edilir, onun qarşılığını da Allah verir.
 
Bu cür aksiyalar isə daha çox ictimai əhəmiyyət daşıyır. Türkiyədə olaylar zamanı 240 nəfər insan şəhid olub, onların hər birinin ailəsinə birdəfəlik 50 min dollardan çox yardım edilir, yaralılara isə birdəfəlik 30 min dollar, aylıq isə 1000 dollar yardım edilir. Yəni Azərbaycanın verdiyi pul simvolikdir, ictimai dəstək mahiyyətlidir". (muxalifet.com)
 
Xalidə GƏRAY