​Seyid Əzim Şirvani nəslinin acınacaqlı taleyi – FOTO

 
Araşdırmaçı Elnur Musayev XIX əsr Azərbaycan poeziyasının böyük nümayəndəsi, maarifçi-publisist, klassik poeziyamızda yeni ədəbi məktəbin əsasını qoymuş Seyid Əzim Şirvani nəslinin sonrakı taleyi ilə bağlı sosial şəbəkədə Azərbaycan oxucusu üçün maraqlı ola biləcək məlumatlar paylaşıb.
 
Teleqraf.com xəbər verir ki, E.Musayev şairin nəticəsi Fatma Quliyevanın fotosunu paylaşaraq yazıb: “Şəkildə gördüyünüz qadın Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyevadı. O hal-hazırda qızı Nərgiz və 22 yaşlı nəvəsi Teymurla Daşkəndin kənarında Sergili rayonunda Sovetdən qalma ailə yataqxanasında, çətin şəraitdə yaşayır.
 
Onun anası Xədicə xanım Seyid Fatmanın qızıdır. Seyid Əzimin qızları Seyid Həcər və Seyid Fatmanın qəbirləri Düşənbədədir. Seyid Fatma dərddən cavan ölüb. 1933-37-ci illərdə Düşənbədə adlı-sanlı bir ailə olan Seyid Fatmagilin nəyi varsa əllərindən alıblar”.
 
Seyid Əzim Şiravaninin Şamaxıda doğulmasına və vəfat etməsinə rəğmən övladlarının Azərbaycanı hansı səbəbdən tərk etmələrinə gəlincə, E.Musayev bildirib ki, Seyid Əzim də həyatın böyük hissəsini Azərbaycanda keçirməyib: “Onların ailəsində belə bir adət olub ki, ancaq azərbaycanlılara ərə getsinlər. Onların həm Daşkənddə, həm də Düşənbədə qohumları olub. 1948-ci ildə Xədicəgil Düşənbədə zəlzələ olanda köçüb gəlirlər Daşkəndə. 1966-cı ildə Daşkənddə zəlzələ olanda isə köçürlər Düşənbəyə. 1992-ci ildə Düşənbədə dava başlanır, onda da qayıdırlar Daşkəndə”.
 
E.Musayev onu da bildirib ki, Seyid Fatmanın qızı – Fatma Quliyevanın anası Xədicə xanım Düşənbə azərbaycanlısı Əminağa Əhəd oğluna ərə gedib, o da müharibədən əlil qayıdıb: “Seyid Fatmanın digər qızı Səadət isə 1938-ci ildə İrana sürgün olunub”.
 
E.Musayevin Seyid Əzim Şirvaninin yaradıcılığı və ailə üzvlərinin sonrakı taleyi ilə bağlı mənbələrə istinad edilməklə yazdığı geniş məqalə yaxın günlərdə Teleqraf.com saytında yayımlanacaq.