"SEXLƏRDƏN BİRİ ALLAHŞÜKÜR PAŞAZADƏNİNDİR"

Sabiq çörəkçi: “İndi çörək sexlərini çörəkçi yox, iri məmurlar, “KQBşnik”, deputat idarə edir”
 
“Ağ və qara çörəklərə qatqı vurulur... Müqəddəs nemətə haram qatanlar cəzalanmalıdır!”
 
Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəhbəri Camal Quliyevlə ötən ilin bir günü müsahibəmiz olmuşdu. DFNX rəisi ilə söhbətimiz zamanı belə bir ifadə işlətmişdi: “90-cı illərin sonunda Sankt-Peterburqdan Azərbaycana gələndə 6 ay çörək yeyə bilmədim. Un dəyirmanlarında, çörəkbişirmə sexlərində vəziyyət o qədər ürəkbulandırıcıydı ki, çörəkdən imtina etməli oldum”. İndi vəziyyət necədir? Sualımıza, bir qədər tərəddüd edib, indi əvvəlkinə baxanda 10 dəfə yaxşıdır, deyə cavab vermişdi.
 
Biz, çörək, yoxsa həşarat qalıqları istehlak edirik?
 
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirir ki, Azərbaycanda çörək istehsalı üçün sərf edilən buğdaların keyfiyyətini müəyyənləşdirəcək texnika və avadanlıq olduqca az saydadır. Buğdanı siniflər üzrə ayırmaq xüsusi texnologiya tələb edir. Mütəxəssisin sözlərinə görə, hazırda çörək üçün istehsal edilən un keyfiyyətsiz buğdadan alınır: “2-ci, 3-cü sinif buğdanın unundan istifadə olunarsa, həmin çörəklərin ətri uzaq məsafədən vurar. 3-cü sinifdən sonra 4, 5, 6-cı sinif buğdadan üyüdülən unların keyfiyyəti getdikcə aşağı enir. Ən aşağı sinif buğdalar mal-qara yemi üçün istifadə olunmalıdır. Ona görə ziyanvericilərin, "SEXLƏRDƏN BİRİ ALLAHŞÜKÜR PAŞAZADƏNİNDİR"həşaratların qalıqları da aşağı sinif buğdaların tərkibində qalmış olur və bunu təmizləməyə çox da əhəmiyyət vermirlər ki, ərzaq buğdası deyil. Təəssüf ki, həmin buğdalardan da un istehsal olunur və çörək alınır”.
Qiymətisə getdikcə artır...
Keyfiyyətsiz çörəklərin kütləvi istehsalına baxmayaraq qiymətlərində enmə yox, artma müşahidə olunur. Manatın məzənnəsinin ikinci dəfə sürətlə enişindən sonra isə bu artım daha da çox özünü büruzə verir. Misal üçün üzərində “Pəhriz çörəyi” yazılan 300 qramlıq ç örəklər əvvəl 30 qəpiyə idisə, hazırda əksər dükanlarda 40 qəpiyədir. Satıcılardan səbəbini soruşduqda "qiymətlər artıb", "bizlik deyil", "müdir bilər, o da burda yoxdur" cavabını aldıq. Qablaşdırıldığl sellofon torbanın üzərində "Gilan" yazılan məhsulda göstərilən telefon nömrəsilə əlaqə saxladıqda isə cavab aldıq ki, həmin çörəklər manatın son devalvasiyasından əvvəl zavoddan 21 qəpiyə alınıb iri marketlərdə 25, xırdalarda isə 30 qəpiyə satılırdı. Hazırda isə 26 qəpiyə alınır və zavod bu çörəklərin 30 qəpiyə satılmasını tövsiyə edir. Çörək istehsalçısının dükan sahibinə tövsiyə verməkdən başqa səlahiyyəti yoxdur: Biz tövsiyəmizi bir daha xatırladarıq“. Növbəti dəfə həmin çörəyi həmin dükanda görmədik. Dükan sahibi dedi: “Satılmırdı, biz də satışından imtina etdik”..
 
Özbaşına azad bazar
 
Belə getsə, özbaşına “azad bazar iqtisadiyyatı” şəraitində hökumət ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən çörəyin qiymətini inzibati yolla da ala bilməyəcək. Çünki bəzi iqtisadçılar bildirirlər ki, növbəti devalvasiyanın ilin sonunadək hər an baş verməsi qaçılmazdır. Necə deyərlər, “Çörək müqəddəs nemətdir” deyimini çoxdan unudan “çörəkçi”lər əhaliyə çörəkşəkilli keyfiyyətsiz qidaya pul xərclətməli olacaqlar.
 
“İndi bizdə çörək tapşırmağa çörəkçi yoxdur”
 
İstehlakçılara kömək MMC-nin rəhbəri, SSRİ dövründə çörək istehsalçısı olmuş Baba Rzayev isə “Hürriyyət”ə açıqlamasında dedi ki, hazırda Azərbaycanda çörək istehsal edən çörəkçi tanımır. Çörək istehsalı ilə daha çox iri oliqarxlar məşğul olur, xırda sexlər isə fəaliyyətlərini dayandırıblar.
O bildirdi ki, çörəyin keyfiyyəti pul sərfi tələb etdiyinə və çörək istehsalının arxasında dayanan iri məmurların da marağında yalnız qazanc olduğuna görə, kefiyyətli çörək qıtlığı yaranıb: “Hazırda Azərbaycanda çörək istehsalı ilə məşğul olan ixitisaslaşmış fəaliyyət yox dərəcəsindədir. “Çörəyi ver, çörəkçiyə, birini də üstəlik”prinsipinə indi əməl edən yoxdur”.
Azərbaycana buğdanın əsasən Qazaxıstan və Rusiyadan idxal olunduğunu deyən Baba Rzayevin sözlərinə görə, vaxtilə ölkəmizə Ukraynadan idxal edilən buğda SSRİ dövründə əla buğda hesab olunub: “Qazaxıstan da, Rusiya da hazırda keyfiyyətli buğdanı özləri üçün saxlayırlar”.
 
Allahşükür Paşazadənin çörək sexi
 
Mütəxəssis bildirir ki, Əlavə Dəyər Vergisinin tətbiqi, kommunal xidmətlərin qiymətlərinin getdikcə yüksəlməsi çörəyin qiymətinin artmasına, keyfiyyətinin isə azalmasına öz təsirini göstərib: “Elektrik xərcləri əvvəl 2 qəpik, sonra 6 qəpik oldu, qazın bir kubu 10 qəpiyə qaldırıldı, üstəlik də lüzumsuz yoxlamalar çörək sexlərini çökürtdü. Devalvasiyadan sonra da əlavə xərclər artıb deyə çörək sexləri davam gətirmir, bu da öz təsirini qiymətə və keyfiyyətə göstərir. Məsələn, yaşadığım Xəzər rayonunda 14 çörək sexi vardı, indi 4-ü qalıb. Onun da biri Allahşükür Paşazadənin, biri hansısa deputatındı və sair. İndi çörək sexlərini çörəkçi yox, iri məmurlar, “KQBşnik”, deputat idarə edir”.
 
Sexlərdə unələyən maşınlar belə yoxdur
 
Baba Rzayevin sözlərinə görə, çörək sexlərinin böyük əksəriyyətində çörəkbişirmə texnalogiyasına uyğun iş aparılmır: “İki il öncə mən bir televiziya əməkdaşları ilə Sumqayıtda 24 çörək sexində monitorinq apardım. O sexlərin heç birində çörəkbişirmə texnalogiyasına uyğun iş aparılmırdı. Çünki o sexləri idarə edənlər çörəkçi deyildi. Əksər çörəkbişirmə sexində unələyən maşın belə yoxdu. Belə sex dərhal fəaliyyətini dayandırılmalıdır. Kiçik sexlərdə unun tərkibini müəyyənləşdirən laboratoriya görmədim. Halbuki belə laboratoriyaların olması çox vacibdir. Ona görə ki, unun tərkibi yoxlanıb keyfiyyətinə uyğun texnalogiya rejimi müəyyənləşməlidir. Məsələn, çörəkdə turşuluğun artmasına, xəmirin bərk, yaxud boş olmasına ehtiyac olduqda bunlara ayrı-ayrılıqda əməl olunmalıdır. İndi çəkisi ağır gəlsin deyə çörəyə suyu da çox qatırlar”.
 
Çörək üçün sarı buğda
 
Azərbaycanda xeyli müddətdir ki, çörək istehsalına yararlı olan buğdaların yetişdirilməməsindən danışan mütəxəssis dedi ki, belə buğdaların unundan keyfiyyətli çörək bişirmək mümkün deyil: “Yapışqanlığı, zülalı aşağı olan xırda buğdalardır. Amma vaxtilə sarı buğdanın çörəyinin ətri çörək sexinin ətrafından keçənləri məst edirdi. Ölkə başçısı keyfiyyətli ərzaq buğdası ilə bağlı dəfələrlə çıxışlar edib. Ola bilər ki, Kənd Təsərrüfatı Nazirliyi bu iradlardan nəticə çıxarsın. Fermerlərə stimul, dəstək verilməlidir ki, keyfiyyətli buğda sortları yetişdirlisin”.
 
SOS: Ən keyfiyyətsiz undan “pəhriz çörəkləri” hazırlanır
 
Hazırda pəhriz qidalarına üstünlük verildiyi üçün pəhriz çörəklərinin də alıcıları artıb. Cəmiyyət nə yediyinin fərqində olmağa cəhd edir. Fürsətcil işbazlarsa bu cəhdlərdən də yararlanır. “Pəhriz çörək” alıcılarının artdığını görüb, qara çörəyə nə gəldi qatırlar.
Azərbaycanda çovdar istehsalının olmadığını deyən mütəxəssis xüsusilə vurğuladı ki, “Covdar-pəhriz çörəyi” adı ilə satılan çörəklər heç də çovdar unundan hazırlanmır: “Azərbaycan menitaliteniə görə çörək ən müqəddəs nemətdir. Müdrik şairimiz də bizə bu sözləri yadigar qoyub: “Çörək bol olarsa, basılmaz vətən”. Ama indi bu müqəddəs nemətlə bağlı haramçılıq edənlər çox artıb. Çörəyin tərkibinə əlavə qatqılar vuranlar, ən aşağı keyfiyyətli unlardan istifadə edənlər "SEXLƏRDƏN BİRİ ALLAHŞÜKÜR PAŞAZADƏNİNDİR"çoxalıb. Azərbaycanda çovdar unu yoxdur. Mal-qara üçün nəzərdə tutulan kəpək vurulur çörəklərə və başqa vasitələrlə tərkibini qara edirlər ki, guya bu, pəhriz çörəyidir. Üzərində yazılır çovdar çörəyi və camaata sırınır. Ruslar “pişeniçniy oboynı” deyirlər, yəni buğdanın qalıq, tullantı hissəsi. Onu da belə üyüdüb, una qatırlar.”.
 
SOS: Əla növ ağ çörək kimyəvi yolla ağardılır
 
Əla növə üstünlük verənlər üçün isə başqa fənd işlədilir, ağappaq çörəklər kimyəvi maddələrlə ağardılır. Baba Rzayev: “Çörəklər əla növ, I növ, II növ, qara unlardan hazırlanmalıdır və bu sıralamaya uyğun qiymətləndirilməlidir. Bizim təşkilata məlumat daxil olub ki, I növ çörəklərin tərkibinə elə maddə vurulur ki, unu keyfiyyətsiz olsa da, çörək əla növ təsiri bağışlayır və əla növ qiymətinə satılır. Hətta bir neçə il öncə bizə çörək sexi işlədən bir türk müraciət etmişdi, şikayətlənirdi ki, çörəyə bu dərmanı vurub ağartmadığı üçün ona təzyiqlər edilir”.
Keçmiş çörəkçi onu da vurğuladı ki, havalar istiləşdikcə çörəkdə kartof xəstəliyi yaranır. Çörək istehsalçıları bunun qarşısını ala bilərlər. Amma alırlarmı?
 
Un dəyirmanlarına qənim kəsilənlər
 
Azərbaycanda un dəyirmanlarının fəaliyyətinə yaradılan əngəllərdən də danışan çörəkçi dedi ki, bu işdə un idxal edən inhisarçı da maraqları var: “Bu üzdən dəyirmanların da sayı xeyli azalıb və işləyənlər də düzgün texnologiya ilə işini qurmur: “Dərnəgüldə un dəyirmanı var, yalnız onlarda mən münasib texnologiya görmüşəm”.
 
“Ölü un” pudra kimi, əsl un dənəvər olur
 
Baba Rzayevin sözlərinə görə, dəyirmanlarda un üyüdən avadanlığın - “Vals”ın fırlanma sürətinə və unun keyfiyyətinə uyğun olaraq üyüdülmə prosesi aparılmadığına görə, “ölü unlar” istehsal edilir: “Un əgər barmaqların arasında pudra kimi yayılırsa, bu, “ölü undur”. Əsl un isə barmaqların arasında dənəvər olur. Digər tərəfdən, valsdan keçən un qızır, 1 həftə dincə qoyulduqdan sonra ondan çörək istehsal etmək olar. Amma indi dincə qoyulmadan satışa çıxarılır, bu da keyfiyyətə çox mənfi təsir edir” .
 
Camaat nə yesin və nə etsin?
 
Çörəkçi indiki şəraitdə II növ çörəklərlə qidalanmağı məqbul sayır: “İkinci növ çörəklər nisbətən istehlak üçün məqbuldur. İndiki Bakıxanov qəsəbəsində Razin çörək sexi var, o sexlərin çörəyi məsləhətdir. İstehlakçı çörək seçərkən diqqət etsin ki, çörəyin arasında məsamələr olsun, çörəyin üzərindən basdıqda, əgər qalxıb əvvəlki vəziyyətini alırsa, belə çörəyi qəbul etmək olar”.
Sonda tanınmış bir kimyaçı alimlə vaxtilə söhbətimizdə dediyi fikirləri xatırlatmaq istərdim: “Neft yerin qanıdır. Yerin qanını soran ixtiyar sahibləri vampirləşib”. Alimin təbirincə desək, vampirləşmiş həmin ixtiyar sahibləri müflisləşmiş neft ölkəsininin əhalisinə zir-zibil yedirtməklə, onları məhvə sürükləyir.
Haqsızlıq olan yerdə əlahəzrət Haqq da qeybə çəkilir. Amma unutmasınlar ki, dünya qeybdən idarə olunur. Haqqa tapınmaq üçün məhv yolunu yox, mübarizə yolunu seçənlərdən olaq!
 
Nigar İSMAYILOVA