“Sevimli Dad”ın düşmənləri kimdir və ya başımıza niyə daş düşsün? - Reaksiya

 
Süd məhsulları və kolbasa istehsal edən “Sevimli Dad” bir açıqlamanı üzünə-gözünə bulaşdırıb
 
Politika.Az-ın şirkətin bağlanması və işçilərin istehsalı barədə yaydığı xəbərə müəssisədən verilən reaksiya sanki hansısa cadugərin dilindən hazırlanıb.
 
Üstəlik, şirkətin mövqeyini dərc edən cebhe.info saytı istinad etməyi belə unudub. Ötən gün “Sevimli dad”ın böhrana görə müflis olması haqda verdiyimi məlumat əksər informasiya portallarında istinadla təqdim olunub.
 
Cebhe.info isə guya xəbərin sosial şəbəkələrdə yayıldığını deyərək kolbasa firmasının mövqeyini öyrənib. Bu azmış kimi, şirkətin əməkdaşı Abbasova Təranə açıqlamasında bütün normativləri kənara qoyaraq ünvanımıza qarğış yağdırıb.
 
Sitat: “Bu məlumatı yayanın Allah başına daş salsın”. Heyrət. Absurd. Analoqsuz. Biabırçılıq. Yəni nə şərh versən azdır.
 
Bir istehsalat müəssisəsinin əməkdaşı mətbuata qarğışla açıqlama verərək başımıza daş yağdırır. Aydın olmur ki, bu açıqlamadır yoxsa Allahdan bizə dilədiyi bir bəladır. Media praktikasında indiyə qədər görünməyib ki, mətbuata qarğışla cavab verilsin. Görünür, şirkət mətbuatla işləməyi bacaran bir sözçü tapa bilməyib deyə qarğış edən adamı qabağa verib.
 
Ardınca T.Abbasova bildirib ki, bu məlumatları şirkətin düşmənləri yayıb: “Bizim istehsalımız əvvəlki gücü ilə davam edir. Biz istehsalı dayandırmamışıq, marketlərdə mallarımız satılır. Yəqin ki, bu cür məlumatları bizim düşmənlərimiz yayıb”.
 
Politika.Az xəbər verir ki, portalın “Sevimli dad”şirkəti ilə nə qərəzi, nə düşmənçiliyi var. Və bu xəbəri yayan mətbu orqana zəng edərək açıqlama vermək daha düzgündür, nəinki məlumatı guya sosial şəbəkələrdən alan cebhe.info-ya açıqlama vermək.
 
Digər tərəfdən, şirkətin əməkdaşının çıxışından belə aydın olur ki, onların düşmənləri var və hansısa qüvvələrdən şübhələnirlər. Əgər belə olmasaydı düşmən amilini ortaya atmazdılar.
 
Ola bilsin ki, yerli bazar mühitində rəqabət baxımından onlarla düşmənçilik edənlər var. Biz onların kimliyini araşdırmağa və şirkətin də bu məsələ ilə bağlı fikrini dərc etməyə hazırıq. Deyəsən, “Sevimli dad” düşmən axtarışına çıxıb.
 
Qeyd edək ki, yaydığımız xəbədə deyilidi: şirkətin xeyli sayda işçisi ixtisar olunub və yanvardan müəssisə tamamilə fəaliyyətini dayandıracaq.
 
Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır ki zərərlə işləməsi olub. Məlumatda bildirilir ki, artıq mağazalara “Sevimli Dad"ın məhsulları paylanmır.
 
Yanvarda isə işini dayandıracaq müəssisənin fəaliyyətini bərpa edəcəyi görünmür. Nəticədə yüzlərlə insan işsiz, çörəksiz qalıb.

Загрузка...
Загрузка...