Sevgilisinə zirzəmidə təcavüz edib əsgər getdi –TƏFƏRRÜAT

 
Zorlamada təqsirli bilinən 1995-ci il təvəllüdlü Emin Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Emin Alıyev əslən Laçın rayonundandır. Laçın işğal olandan sonra o, ailə üzvləri ilə birlikdə Yasamal rayonu, “Qanlıgöl” yaşayış massivinə köçüb.
 
İstintaq sənədlərinə görə, Emin Alıyev 2013-cü il sentyabrın sonu, oktyabrın əvvəllərində 1999-cu il təvəllüdlü  Könül Əliyevanın (ad və soyad şərtidir)etibarından sui-istifadə edərək onunla cinsi əlaqədə olub.
 
Emin Alıyev bu müddət ərzində Könül Abbasovanı sevdiyinə inandırıb. O, oktyabrın 5-də, saat 19 radələrində Könül Abbasovanın Yasamal rayonu, D.Bünyadzadə küçəsindəki ünvanlardan birinə gəlib.
 
Həmin vaxt Emin Alıyev orada Könül Abbasova ilə görüşüb və aralarında olan münasibətlər barədə söhbət etmək niyyətində olduğunu bildirib.
 
Emin qıza deyib ki, ətrafdakı insanların diqqətini cəlb etməmək  üçün qapalı yerdə görüşmək istəyir.  Bu bəhanə ilə o, qızı heç kəsin olmadığı qeyri-yaşayış sahəsinə dəvət edib.
 
Könül Abbasova da “sevgilisi”nin təklifini rədd etməyib. Onlar birlikdə hündürmərtəbli yaşayış binasının zirzəmisinə düşüblər. Cütlük orada bir qədər söhbət etdikdən sonra  Emin Alıyev Könül Abbasovanı qucaqlayaraq özünə tərəf sıxıb. Bu zaman Könül Abbasova Eminin ona qarşı seksual xarakterli hərəkətlər edəcəyini başa düşüb.
 
Buna görə də Könül Abbasova səs-küy salaraq Eminin əlindən qaçmaq istəyib. Amma Emin ona qaçmasına imkan verməyib. Qızın müqavimət göstərməsinə baxmayaraq, Emin niyyətindən əl çəkməyib. 
 
Bu zaman Emin Alıyev qızın sifət nahiyyəsindən vuraraq, müqavimətini sındırmağa çalışıb və səs-küy salmamasını tələb edib.  Daha sonra Emin Alıyev qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. Daha sonra Emin Alıyev oradan gedib. Emin Alıyev sonra qızı inandırmağa çalışıb ki, onunla ailə quracaq.
Amma Könülün hələ yetkinlik yaşına çatmadığı və bu üzdən onunla evlənə bilməyəcəyini deyib.
2015-ci ildə qızın 17 yaşı tamam olandan sonra Emin Alıyevlə evlənmək istədiyini deyib. Amma yenə də Emin Könül ilə evlənməkdən yayınıb. Həmin ilin əvvəlində Emin Alıyev hərbi xidmətə yollanıb. Bundan sonra Könül Emin Alıyevə zəng etsə də, nəticəsi olmayıb.
 
 
Bundan sonra Könül Emin tərəfindən aldandığını başa düşüb. Zorakılığa məruz qalan Könül Abbasova polisə şikayət edib. Onun şikayəti əsasında Emin Alıyev 2015-ci ilin martın 5-də həbs edilib.
 
Emin Alıyev Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Qərara alınıb ki, Emin Alıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 5 mart 2015-ci il tarixdən hesablanıb.
Hökmdən narazı qalan Emin Alıyev apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu göstərib. Bildirib ki, Könül Abbasova ilə könüllü olaraq cinsi əlaqədə olub. Buna görə də o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Emin Alıyevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Əmir Bayramovun icraatına verilib.
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Emin Alıyevin apelyasiya şikayəti təmin edilməyib.