Serj Sarkisyanın Dağlıq Qarabağ səfərinin pərdəarxası...

 
 Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. S.Sarkisyanın Dağlıq Qarabağa səfərinin məqsədi və digər təfərrüatları isə açıqlanmayıb. 
 
Rusiyadan gəldikdən sonra S.Sarkisyanın dərhal Dağlıq Qarabağa səfər etməsi ictimaiyyətdə müəyyən sualların yaranmasına səbəb olub. S.Sarkisyan Dağlıq Qarabağa hansı məqsədlə gedib?
 
Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu, sırf təxribatdır: “Onsuz da Sankt-Peterburq danışıqlarından real nəticə çıxmadı. Əslində Ermənistan tərəfi yenə də diqqəti atəşkəsə yönəltmək istəyir. Çalışırlar ki, atəşkəs uzunömürlü olsun. Çox təəssüf ki, rusiyalı rəsmilər də bu məsələlərdə eyni mövqedən çıxış edirlər. Çünki görüşdən əvvəl də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, atəşkəsin uzunömürlü olmasını sığortalamağa çalışmalıyıq. Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan da bu cür açıqlama gəldi. Bizim isə belə bir dərdimiz yoxdur. Bizim əsas məsələmiz, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsidir. Buna paralel, atəşkəsin qorunması mexanizmi üzərində işləmək olar. S.Sarkisyanın dərhal Dağlıq Qarabağa səfər etməsində iki məqsəd var. Bunlardan biri yəqin ki, beynəlxalq aləmə mesaj verməkdir. Bu səfərin ikinci mesajı Xankəndi separatçılarınadır. Yəni sanki onlara demək istəyir ki, narahat olmayın, sizin mövqe və maraqlarınızı tam təmin edirəm və heç bir geri addım olmayacaq”.
 
Politoloq bildirib ki, hər danışıqdan sonra erməni tərəfi açıqlama verir və məsələni mahiyyətindən uzaqladırmağa çalışır: “Paris görüşündən sonra da bu cür olmuşdu. Həmin görüşdən sonra sanki tərəflərdə bəzi məsələlərdə guya yaxınlıq var idi. Ancaq dərhal sonra Ermənistan işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi və Azərbaycan düşmən helikopterini vurmaq məcburiyyətində qaldı. Nəticədə, Paris görüşünün üstündən xətt çəkildi. Eləcə də sonuncu görüşdən dərhal sonra S.Sarkisyan Dağlıq Qarabağa gedir və mənfi mesajlar verir. Bu da ondan xəbər verir ki, əslində Sankt-Peterburq görüşündən də real nəticə çıxmayıb və bir qədər sonra ümumiyyətlə, bu görüşlə bağlı danışılmayacaq”.
 
Politoloq bildirib ki, aprel döyüşlərindən sonra ümidlər Vyana görüşünə idi: “Lakin bu görüşün heç bir nəticəsi olmadı. Eləcə də Sankt-Peterburq görüşünün də nəticəsi görünmür. Faktiki olaraq, bizim apreldə hərbdə qazandığımız  müəyyən uğurlarımız, çox təəssüf ki, danışıqlar masasına inikas olunmadı. Danışıqlarda uğur qazana bilmədik. Bu da bizdən asılı olmayan səbəbdir. Ancaq cəmiyyətdə müəyyən ümidlər var idi. Ümidlər vardı ki, Ermənistana böyük dövlətlər təsir edəcəklər ki, müharibənin olmaması üçün Dağlıq Qarabağın ətrafndakı rayonların boşaldılmasına başlasın. Mən, o zamanlar da buna inanmırdım. Çünki daha güclü təzyiq olmalıdır ki, Ermənistan hakimiyyəti bu yola getsin. İki aylıq danışıqlar prosesi göstərdi ki, Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik yoxdur. Böyük dövlətlər çox təəssüf ki, Ermənistana təsir və təzyiq etmirlər. Deməli, yeganə alternativ yenə də hərbi yolla qarşı tərəfi sülhə məcbur etməkdir. Elə Sankt-Peterburq görüşündən bir gün əvvəl Azərbaycan ordusunun hərbi təlimlərə başlaması da məhz ölkə hakimiyyətinin bir mesajı idi. Azərbaycan hakimiyyəti də danışıqlardan ciddi bir irəliləyiş əldə olunacağına inanmadığı üçün bir gün əvvəl bu təlimlərə start verdi. Doğrudur, burada bir məsələ də var ki, aprel atəşkəsinin “memarı” Rusiya prezidenti Putin idi. Eyni zamanda sonuncu görüşü də o təşkil etdi və Rusiya yenidən əsas vasitəçiyə çevrildi. Əgər atəşkəs  pozularsa, Putin siyasi fiqur kimi simasını itirə bilər. Ona görə də, çox çalışacaq ki, Azərbaycan və Ermənistan atəşkəsi pozmasın. Lakin bu, Putinin öz dərdidir. Bizim dərdimiz isə fərqlidir. Bu baxımdan çalışmalıyıq ki, düşmənə hərbi baxımdan təsiri artıraq. Bu, o demək deyil ki, genişmiqyaslı müharibəyə başlayaq. Ancaq aprel döyüşləri göstərdi ki, düşmənə nəyisə döyüş meydanında məcbur etmək olar”.
 
E.Şahinoğlu apreldə qazandığımız uğurların hazırkı nəticəsinə də diqqət çəkib: “Yüksəklikləri əldə etməmiz birinci uğurlu nəticəmizdir. İkinci uğurlu nəticəmiz bu oldu ki, Ermənistan daxilində qarışıqlıq yarandı və indi də davam edir. S.Sarkisyan indi də kimlərisə vəzifədən azad edir, kimlərisə vəzifəyə təyin edir. Eyni zamanda müxalifət də ona qarşı çıxır. Bunun özü də bizim üçün uğurdur”.
 
 
Musavat.com