​Səddam asılanda Qəzzafi matəm elan etmişdi - Video

 
11 Sentyabr hadisələrindən sonra Səddam Hüseyn ikinci dəfə ABŞ-ın hədəfinə tuş gəldi.
 
Axar.az xəbər verir ki, 2002-ci ilin fevralında ABŞ Prezidenti Corc Buş çıxışında İraq, İran və Şimali Koreyanı “şər dövlətləri” adlandırdı və kütləvi qırğın silahlarından istifadəyə görə İraq hökumətini devirmək üçün hərəkətə keçə biləcəklərini dedi.
 
Lakin 8 noyabr 2002-ci ildə Hüseyn administrasiyası BMT silah ekspertlərini ölkəyə dəvət etdi. 2003-cü ilin yanvarında BMT komissiyasının başçısı Hans Blix İraqda kütləvi qırğın silahlarına rast gəlmədiklərini dünyaya bəyan etdi.
 
Səddam Hüseyn 24 fevral 2003-cü ildə ABŞ-ın CBS telekanalına verdiyi 3 saatlıq müsahibədə BMT nümayəndələrinin ölkədə kütləvi qırğın silahları və ya BMT-nin izn verdiyi uzaqlığı aşan raket sistemləri tapmadığını bildirərək, Corc Buşu debata dəvət etdi. Lakin Ağ Ev sözçüsü Ari Fleyşer Buşun Səddamın dəvətini ciddiyə almadığını açıqladı.
 
20 mart 2003-cü ildə ABŞ tərəfindən kütləvi qırğın silahları olduğu iddia edilərək başlanan müharibədə İraq hökuməti və ordusu 3 həftə ərzində çökdü. 9 aprel 2003-cü ildə ABŞ ordusu paytaxt Bağdada girdi və 24 illik Səddam hakimiyyəti sona çatdı. 22 iyunda Hüseynin oğulları Uday və Kusay İraqın Mosul şəhərində ABŞ ordusu tərəfindən öldürüldü. Səddam özü isə 13 dekabr 2003-cü ildə doğulduğu Tikrit şəhərində yaxalandı.
 
Səddam Hüseyn 2004-cü ilin iyuluna kimi 11 yüksək rütbəli BƏƏS üzvü ilə birgə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ bazasında saxlanıldı. 29 iyun 2004-cü ildə amerikalılar onu İraq rəhbərliyinə təhvil versə də, yenə də ABŞ-ın nəzarətində idi.
 
İraqın Müvəqqəti Hökuməti Səddamı ilk dəfə 30 iyun 2004-cü ildə məhkəmə qarşısına çıxardı. O, insanlığa qarşı cinayət başda olmaqla, işgəncə və qanunsuz həbslərdə ittiham olundu.
 
İlk olaraq 8 iyul 1982-ci ildə uğursuz sui-qəsd planından sonra Duceyl şiə qəsəbəsində 148 nəfərin öldürülməsi ilə bağlı məhkəmə prosesi başladı. Bu prosesdə Səddamın ögey qardaşı Bərzan İbrahim əl-Tikriti də daxil olmaqla daha 7 nəfər ittiham olundu.
 
2005-cı ilin avqustunda 1988-ci ildə kürdlərə qarşı soyqırım hesab olunan Hələbcə şəhərinə zəhərli qaz hücumu ilə bağlı məhkəmə prosesi başladı. Lakin 5 noyabr 2006-cı ildə “Duceyl işi” yekiunlaşdı, məhkəmə Səddamın asılaraq edam edilməsinə qərar verdi. Qərar açıqlanmadan öncə Səddam güllələnməsini istəsə də, onun bu təklifi rədd edildi.
 
3 dekabr 2006-cı ildə Səddam Hüseyn Apellyasiya Məhkəməsinə müraciət etdi. Lakin 26 dekabrda məhkəmə edam qərarını qüvvədə saxladı və 30 gün ərzində yerinə yetirilməsinə göstəriş verdi.
 
69 yaşlı Səddam 30 dekabr 2006-cı ildə, Qurban bayramının ilk günündə asılaraq edam edilidi. Edam Bağdaddakı hərbi hissələrdən birində reallaşdı. Səddamın asıldığı vaxt mobil telefonlarla bu anı qeyd edən şahidlər qısa müddətdə görüntüləri bütün dünyaya yaydılar.
 
Hüseynin nəşi edamın ertəsi gün aralarında oğullarının və digər ailə üzvlərinin olduğu Tikrit məzarlığında dəfn olundu. 2015-ci ilin martında İraq qüvvələri ilə İŞİD arasında baş verən qarşıdurmalar zamanı daha öncə türbəyə çevrilmiş Səddamın məzarı tamamilə dağıdıldı.
 
Onun edamını bir çox ölkələr, o cümlədən ərəb ölkələri məmnuniyyətlə qarşılasa da, Müəmmər Qəzzafi Liviyada Səddam hüseynə görə 3 günlük matəm elan etdi və Qurban bayramı ilə əlaqədar hazırlanmış bütün tədbirlər ləğv edildi.
 
Səddam Hüseynin devrilməsi və ölümü ilə İraqda sabitlik yaranmadı. Əksinə, bölgədə böyük bir xaosun əsası qoyuldu. Amerikalıların gəlişi ilə indiyə qədər ən azı 200 min dinc sakin müharibənin qurbanı odub.
 
Səddam hüseynə görə ölkəsində matəm elan edən Müəmmər Qəzzafi isə 2011-ci ildə koalisiya qüvvələrinin birbaşa dəstəyi ilə üsyançıların əlinə keçdi və öldürüldü.
 
2011-ci ildə ABŞ İraqdan qoşunlarını çıxarıb. Bunun ardınca dərhal mərkəzi hakimiyyətə qarşı üsyançı hərəkatların silahlı mübarizəsi başlayıb və indiyədək davam edir.