Əsəd: "Suriyadakı müharibə ölkəyə 200 milyard dollar ziyan vurub"

2011-ci ildən bəri Suriyada davam edən vətəndaş müharibəsi, ölkəyə 200 milyard dollar ziyan vurub, prezident Bəşər Əsəd RİA Novosti xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, söhbət iqtisadiyyata və infrastruktura dəyən ziyandan gedir.
“Suriyada vəziyyət sabitləşəndən sonra iqtisadi problemləri dərhal həll etmək mümkün olacaq. Lakin infrastrukturun bərpası uzun vaxt tələb edir,” agentlik cənab Əsədə istinadən bildirir.
Prezident deyib ki, Suriyanın yenidən qurulması üçün o, hakimiyyətini dəstəkləyən dövlətlərin – Rusiya, Çin və İranın köməyinə arxalanacaq.
O hesab edir ki, ölkənin bərpasında iştirak etmək üçün Qərb şirkətləri də maraqlanacaqlar, lakin o, yenə də məhz yuxarıda adı çəkilən ölkələrin köməyinə arxayındır.
“Bərpasına ehtiyac olan infrastruktur layihələri onlarla, bəlkə də yüzlərlə müxtəlif sahələri əhatə edir. Ona görə də, hesab edirəm ki, Rusiya şirkətlərinin qarşısında, Suriyanın bərpasında iştirak üçün geniş sahələr dayanır”, - prezident deyib.
Turaninfo.az  BBC-yə istinadən xəbər verir ki, Rusiya, Suriyada vətəndaş müharibəsinin başlamasından bəri Bəşər Əsəd hakimiyyətini dəstəkləyib.
Rusiya ötən ilin 30 sentyabr tarixindən Suriyada hərbi əməliyyatlara başlayıb.
ABŞ və bir çox digər Qərb dövlətləri Suriyada hakimiyyətin dəyişdirilməsinin tərəfdarıdır və Rusiyanı hökumət qüvvələrinə qarşı mübarizə aparan mötədil üsyançıları hədəfləməkdə ittiham ediblər.
Rusiya isə öz növbəsində bütün ittihamları inkar edib və özünü İslam Dövləti adlandıran qruplaşmanı hədəf aldığını bildirib.