Əsəd getməlidir, getməməlidir? - Rusiya və ABŞ ortaq məxrəcə gəlir – ŞƏRH

 
“Lavrovla Kerri arasında görüşün 13 saat davam etməsi tərəflərin ortaq məxrəcə gəlməyə yaxın olmasından xəbər verir. Əvvəlki dövrləri götürsək, mövqelər çox fərqli idi. Rusiya deyirdi, “Əsəd getməməlidir”, Amerika deyrdi “Əsəd getməlidir”. Bu fərqli baxış ortaq məxrəcə gəlməyə imkan vermirdi. Üstəlik, hər iki dövlət İŞİD-ə qarşı birgə mübarizə aparmaqdan yayınırdı, hərə öz yolu ilə gedirdi. Amma artıq üstündən bir müddət keçib və Rusiya da, Türkiyə də, ABŞ da İŞİD-ə qarşı savaşır. Əsəd sanki bir qədər arxa plana keçib. Əsədin keçid dövrü üçün hakimiyyətdə qalmaq məsələsini məncə elə Amerika və Türkiyə də artıq qəbul ediblər. Bu baxımdan tərəfələr indi ortaq məxrəcə gəlməyə daha yaxındırlar”. Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
 
Qeyd edək ki, Cenevrədə Rusiya və ABŞ xarici işlər nazirləri – Sergey Lavrov və Con Kerri arasında 13 saat davam edən görüş nəticə ilə başa çatıb. Görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında S.Lavrov Suriyada atəşkəs rejiminin 7 gün ərzində tam qüvvəyə minməli olduğunu bildirib. “Rusiya və ABŞ sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada münaqişə tərəflərini hərbi əməliyyatları tam dayandırmağa çağırıb. Atəşkəs rejiminin qüvvəyə minməsindən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri münaqişə tərəflərinin geri çəkilməsi istiqamətində praktiki məsələlərlə məşğul olacaqlar”, – deyə S.Lavrov qeyd edib.
 
Onun sözlərinə görə, Cenevrədə əldə olunan razılaşmalar Suriya üzrə danışıqların bərpasını yaxınlaşdıracaq: “Əlimizdən gələni edəcəyik ki, münaqişə tərəfləri sənədlərdə əks olunan razılaşmalara riayət edib danışıqlar masasına dönsünlər. Suriya rəhbərliyi artıq sənədlərlə tanış olub”.
 
Görşü şərh edən E.Şahinoğlu bildirib ki, indi əsas məsələ əsas hədəfi neytrallaşdırmaqdır. E.Şahinoğlu qeyd edib ki, bu da beynəlxalq terror təşkilatı olan İŞİD-dir: “Mən görürəm ki, tərəflər bu məsələdə ortaq məxrəcə gəliblər. Rusiya-Türkiyə münasibətlərindəki gərginlik də aradan qaldırılıb. Rusiya ilə Türkiyə arasında Suriya məsələsində fikir ixtilafı ortadan qaldırılıb və artıq əməkdaşlıq gedir. Amerika ilə də həmçinin. Düşünürəm ki, Lavrov-Kerri görüşünün nəticəsi olaraq böyük dövlətlər ortaq koalisiya yarada bilərlər. Yəni, xaotik, hərə necə gəldi deyil, birbaşa vahid mərkəzdən idarə olunaraq İŞİD-i həm İraqda, həm də Suriyada neytrallaşdırmaq üçün ortaq əməliyyatlar həyata keçirilsin. Bu, beynəlxalq birlikdə sabitlik yaradılması, münasibətlərdəki gərginliyin səngiməsi baxımından da vacibdir. Ona görə də ehtimal var ki, tam olmasa belə budəfəki razılaşmanın yerinə yetirilməsinə böyük dövlətlər yaxın olsunlar”.
 
E.Şahinoğlu qeyd edib ki, ortada Türkiyə nümunəsi də var: “Türkiyə ordusu Suriyaya daxil oldu. Bəziləri müəyyən narahatedici reaksiyalar verdi. Amma hamı gördü ki, Türkiyə əsasən İŞİD-lə mübarizə aparır. Bir neçə yaşayış məntəqəsini İŞİD-dən azad edib. Deməli, bu əslində hamının xeyrinədir və bu  əməliyyatları bir qədər də genişləndirmək lazımdır. Çünki növbədə Rakka şəhərinin azad edilməsi məsələsi var. İŞİD-in ən böyük mərkəzlərindən biri Rakkadir. Bəlkə elə bu razılaşmanın nəticəsi olaraq böyük dövlətlər Rakkada ortaq bir hərbi əməliyyat həyata keçirə bilərlər”.
 
Qeyd edək ki, S.Lavrov Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı beş sənəd imzalandığını bildirib. Detalları açıqlanmayan razılaşmaların sentyabrın 12-dən qüvvəyə minəcəyi vurğulanıb.
 
E.Şahinoğlu bununla bağlı qeyd edib ki, razılaşma əsasında ortaq mərkəz yaradılacaq. Bu mərkəzdə bütün tərəflər təmsil olunacaq, İŞİD-ə qarşı əməliyyatlar koordinasiya ediləcək: “Məncə bu məsələdə fikir birliyi var. Bir məsələ də var. Əvvəl Suriya ətrafında oyunçuların sayı çox idi. Hərə öz mövqeyindən çıxış edirdi. İndi isə meydanda iki oyunçu var: Rusiya və ABŞ. Rusiya öz mövqeyini, İranı və Əsədin maraqlarını təmsil edirsə, ABŞ böyük ölçüdə Səudiyyə Ərəbistanını, bir qədər Türkiyəni, Qərb dünyasını təmsil edir. Yəni, Suriya məsələsində ikiqütblü bir pozisiya var. İndi bu qütblərin yaxınlaşması üzrə danışıqlar gedir. Məncə danışıqlarda da əsas nəticə budur ki, ortaq komandanlıq yaradılacaq və bu komandanlıq ümumi əməliyyata başçılıq edəcək. Böyük dövlətlər arasında koordinasiya gücləndiriləcək. İndi bunun nəticəsi olaraq biz real fəaliyyətin ortada olduğunu görməliyik. Tərəflərin hərbi qüvvələri arasında real koordinasiya olmalıdır. Kim hardan hücuma keçəcək, kim hansı şəhəri azad edəcək. Ola bilsin, Əsədlə bağlı məsələlər də müzakirə olunur. Yenə təkrar edirəm, əvvəl Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı qəti surətdə “Əsəd getməlidir” deyirdilərsə, indi bir qədər yumşalıblar. Bir qədər güzəştə gedirlər ki, keçid dövrü üçün Əsəd hakimiyyətdə qala bilər. Keçid dövründən sonra getməlidir”.
 
Politoloqun sözlərinə görə, Rusiyanın da güzəşti Suriyanın sivil müxalifətini qəbul etməkdən ibarət ola bilər: “Bu, hər iki tərəfdən edilən güzəşt ola bilər”.
 
E.Şahinoğlu qeyd edib ki, kimsə israr etsə belə Əsəd hakimiyyətdən getməyəcək: “Heç olmasa ölkənin 1/5 hissəsinə nəzarət edir. Onu zorla iqamətgahından kim qova bilər ki?! O deyir ki, mən hakimiyyətdən getmirəm. Sadəcə, Rusiya bu məsələdə ona təzyiq edə bilər. Amma Rusiya da birdən-birə Əsədin getməsini istəməz. Çünki onun yerinə elə bir şəxs gələ bilər ki, Rusiya ilə müttəfiqlikdən qopa bilər. Bu isə şübhəsiz ki, Rusiyanın maraqlarına cavab vermir. Ona görə də Rusiya nə vaxtsa Əsədin getməsinə razılaşsa belə, o Suriya prezidenti kürsüsündə elə bir adamın oturmasına razılaşacaq ki, həmin adam Suriya-Rusiya hərbi müttəfiqliyinə sadiq qalsın”.