​ “Əsəd bizim üçün təhdid deyil” - Ankara əsas təhlükəni AÇIQLADI

“YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Suriya Xalqları Konqresində olmasına İran da qarşıdır. Biz kürdləri təmsil edənlərin siyahısını Rusiyaya vermişik”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.
“YPG kürdlərin tək təmsilçisi deyil, hətta çox az hissəsini təmsil edir. İnsanları məcburi şəkildə silahlı güclərinə daxil edilməsinə baxmayın, hazırda Suriya torpaqlarının 20 faizinə YPG nəzarət etdiyi halda, kürdlər bu torpaqlara dönə bilmir. Biz kürd qardaşlarımıza qarşı deyilik, onların yanındayıq”, - Türkiyənin xarici işlər naziri bildirib.
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirməyi planlaşdırdığı Afrin əməliyyatına toxunan Çavuşoğlu bildirib ki, Afrinə girmək üçün orada hansısa ölkənin hərbçilərinin olub-olmaması şərt deyil:
“Önəmli məqam bizim üçün təhdidin olub-olmamasıdır. Afrindən Türkiyəyə təhdidlər və hücumlar gəlir. Biz Afrinə istədiyimiz zaman müdaxilə edərik. Bizə təhdid olarsa, rejim də hədəfimiz ola bilər. Hazırda belə bir təhdid yoxdur. Hazırda təhdid PYD/YPG terror təşkilatından gəlir. Afrində əməliyyat keçirilərsə, öncədən məlumat veriləcək”.
Çavuşoğlu Rusiya hərbçilərinin Suriyadan tamamilə çıxmayacağını bildirib:
“Rusiyanın hərbçilərinin tamamilə geri çəkəcəyini demək düzgün olmaz. Rusiya daha əvvəl də silahlı güclərinin bir hissəsini Suriyadan çıxarsa da, daha sonra yenidən hərbçilərini bura gətirib. Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə önəmli məsafə qət edildi. Hazırda Suriya, İran və Rusiya diqqətini başqa məsələlərə yönəldiblər. Burada Rusiyanın da, Amerikanın da bazaları var. Orada müşahidəçilərimiz var, nə qədər hərbçinin çıxarılacağını izləyəcəyik”.
Ömər

Загрузка...
Загрузка...