Şəbnəm Tapdıq: “Əl çəkin məndən!”

Tez-tez qalmaqalları, aqressiv davranışları ilə  gündəmə gələn əməkdar artist, müğənni Şəbnəm Tapdıq yenidən şou aləminin diqqət mərkəzinə çevrilib. Yayılan şayiələrə görə, müğənni bütün Şəbnəm adında olan şəxsləri tapıb onlardan adlarını dəyişdirməsini xahiş edir.
Jurnalist Şəbnəm Xeyrulla sosial şəbəkədə məlumat yazaraq bildirib ki, müğənni onunla əlaqə saxlayaraq ondan adının dəyişməsini istəyib. Səbəbini isə “Şəbnəm” adını qeydiyyatdan keçirdərək özəlləşdirməsi ilə əlaqələndirib. Məlumat mətbuatda, sosial şəbəkələrdə tez bir zamanda yayılaraq, müzakirələrə səbəb olub. Olayla bağlı müğənni ilə əlaqə saxladıq. “Yeni Müsavat”a istinadən Turaninfo.az-a açıqlama verən Şəbnəm Tapdıq yarı Azərbaycan, yarı rus dilində bunları deyib: “Belə bir söhbət yoxdur. Özünüzdən söz quraşdırmayın... Əl çəkin məndən!”.
Qeyd edək ki, Şəbnəm Tapdıq Azərbaycanın tanınmış şairi İlyas Tapdığın qızıdır. İlyas Tapdıq müsahibələrinin birində açıqlama verərək bildirmişdi ki, “Şəbnəm” adı ilk dəfə ədəbiyyata onun tərəfindən gətirilib və sonradan bu adı qızına verib:
“Şəbnəm sözünü ad kimi ilk dəfə mən istifadə etmişəm. Hüseyn Cavidin “Bahar şəbnəmləri” şeirindən götürmüşəm, mənası şeh deməkdir, əvvəllər adlar siyahısında yox idi. Siyahıya əlimlə yazdım və imzamı da əlavə etdim ki, qoyduğum ada özüm cavabdehəm”.
Müğənni Şəbnəm Tapdıq öz adı ilə bağlı bundan öncə də açıqlamalar verərək vurğulamışdı ki, ilk dəfə bu ad ona verildiyi üçün  adını dövlət qeydiyyatından keçirib. Lakin Azərbaycan Müəllif Hüquqları Agentliyinin mətbuata verdiyi açıqlamaya görə qurumda ad-təxəllüslərlə bağlı qeydiyyat aparılmır və bu Nizamnamədə nəzərdə tutulmayıb.