Səbəbini Hacıbala Abutalıbovdan soruşsaq, deyəcək ki, görmürsünüz yağış yağır...?

Baxış sayı: 
259
0  
0  

Görəsən, bu rəzalətdən icra başçılarının xəbəri varmı?
 
 
Gəlin açıq etiraf edək ki, ölkəmizin əksər dövlət orqanlarının  internet saytı bərbad vəziyyətdədir. Prezident Administrasiyasının  tapşırığı icra olunsun deyə yaradılan bu saytların bəziləri illərdir, yenilənmir. İnsafən deyək ki, paytaxt Bakıda fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin əksəriyyətinin saytı hər gün yenilənir, həmin informasiya resurslarından insanlar səmərəli istifadə edə bilirlər. Ancaq bu, o demək deyil ki, bütün saytlar eyni səviyyədədir. Əlbəttə ki, yox. Paytaxtda da fəaliyyət göstərən elə təşkilat var ki, bu işə laqeyddir. Amma bunlar şəhər və rayon icra hakimiyyətlərinin yanında toya getməlidir.
  
Əvvəla onu qeyd edək ki, bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. Hansısa bir ölkəyə, yaxud bölgəyə getmək istəyən turist əvvəlcə internet üzərindən axtarış aparır. Öncə Google-dən həmin yer haqqında məlumat verən internet resursu tapır. Sonra o internet saytı vasitəsilə həmin yerin tarixi, gəzməli-görməli yerləri, mətbəxi, otelləri barədə məlumat almaq istəyir. Ay aldı ha. Bizim hansı rayon icra hakimiyyətimizin saytı ingilis və yaxud rus dilindədir ki, turist də oradan məlumat ala. Barı işğal altında olan rayonlarımızın saytlarında olan məlumatları xarici dillərdə edək. Heç Azərbaycan dilində olan məlumatlar doğru-düzgün deyil. Qaldı ki xarici dillərdə. Ədalət naminə deyək ki, rayon haqqında müfəssəl məlumat verən, hətta həmin ərazidəki otellərin qiymətlərinin belə göstərildiyi saytlar vardır. Məsələn Qəbələ Rayon İcra Hakimiyyətinin saytı kimi. Həmin sayt üç dildə fəaliyyət göstərir. Təəssüflə qeyd edirik ki, yalnız Qəbələ, Xocalı və Masallı Rayon İcra hakimiyyətlərinin saytları belədir.  Deməli, belə etmək olar. Sadəcə vicdanlı olmaq, rayondan qazandığımız pulun cüzi miqdarını bu ölkənin təbliğinə sərf etmək lazımdır.
  
Moderator.az ölkəmizin dövlət orqanlarının internet saytlarının necə işlək olması ilə bağlı silsilə yazılara başlayır. Həmin yazılarda bu sahə üzrə mütəxəssislərin də rəylərini təqdim etməyə çalışacağıq.
  
Bu yazıda isə bir sıra şəhər və rayon icra hakimiyyətlərinin saytlarına nəzər salacağıq. Başlayaq “A” hərfindən. Görək Astara Rayon İcra Hakimiyyətinin saytı nə vəziyyətdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu saytın da ingilis və rus dili versiyası yoxdur.
 
Saytın “Rayon haqqında” bölməsində Astara barədə məlumat verilir. Rayonun tarixi haqqında məlumatın doğru olub-olmadığını tarixçilər bilər. Ancaq bizim fikrimizcə rəsmi dövlət orqanının internet saytında belə “faktlar” olmamalıdır: “ ”Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır”.
 
Saytda rayonun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı barədə də məlumatlar yerləşdirilib. “İqtisadiyyat” bölməsində rayonun iqtisadi potensialı, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, fabrik və zavodlar, son vaxtlar iqtisadi sahədə qazanılan uğurlar barədə geniş məlumat verilməkdən, rayonda yetişdirilən kənd təsərrüfatı bitkilərinin siyahısının ( pomidor, xiyar, kələm, kartof və.s) təqdim olunması sadəcə gülüş doğurur.
 
“Təhsil” bölməsi də ötən ildən yenilənməyib. Əgər yenilənsəydi, son məlumat 2015-ci ilə aid olmazdı.
 
“İnfrastruktur” bölməsində isə poçt və rabitə, banklar haqqında məlumat olmalı imiş. Ancaq heç bir məlumat yerləşdirilməyib. Deyəsən Astarada poçt və rabitəni, bankları “ləğv ediblər”.
 
Saytın “İdman” bölməsində də bəh-bəhlə təqdim edəcəyimiz bir şey yoxdur. Buradakı məlumatlar 2013-cü ildən yenilənmir. Məsələn, saytda istifadəçilər  Astara Rayon Gənclər və İdman İdarəsinin 2013-cü ilin I yarımilliyi üçün tədbirlər planına uyğun olaraq gənclərlə iş üzrə keçiriləcək tədbirlərlə tanış ola bilərlər.
  
Astara zəngin turizm potensialı olan rayondur. Təəssüflə qeyd edirik ki, icra hakimiyyətinin internet saytında rayonun turizm potensialı barədə heç bir məlumat verilməyib, burada turizm obyektlərinin fotoşəkilləri yerləşdirilməyib. Saytın “Fotoqalereya” bölməsində olan şəkillər isə yalnız tədbirlərdən çəkilmiş fotolardır. Görəsən, Prezidentin rəhbərliyi ilə inkişaf etdirilən, gözəlləşdirilən Astara rayonunun müasir görüntülərini sayta yerləşdirməyə icra hakimiyyətinə nə mane olur?
  
Deyəsən Astarada Hirkan Milli Parkının ərazisinin 20 min hektar genişləndirilməsindən də məlumatsızdırlar. Yoxsa, saytda bu milli parkın ərazisini niyə 21 min hektar göstərsinlər?
  
Keçək digərinə. Abşeron Rayon İcra Hakimiyyətinin saytı da bu vəziyyətdədir. Saytın əksər bölmələrindəki məlumatlar 2014-cü ilə aiddir. Bu saytın  yeganə yenilənən bölməsi “Xəbərlər”dir. Saytda yerləşdirilən məlumatlar çox səthidir. Odur ki, bu internet resursu vasitəsilə Abşeron rayonu haqqında geniş məlumat almaq mümkünsüzdür. Ancaq onu qeyd edək ki, burada Astaradan fərqli olaraq “Fotoqalereya” bölməsində rayonun müxtəlif yaşayış məntəqələrinin görüntüləri əks olunan yeni fotolar yerləşdirilib.
 
Digər saytlara nəzər salırıq. Ağdam Rayon İcra Hakimiyyətinin internet saytında da yerləşdirilən məlumatlar 2014-cü ilin rəqəmləridir. Bu rəqəmləri qoyaq bir kənara. Bildiyimiz kimi, Ağdam rayonunun bir hissəsi ermənilərin işğalı altındadır. Saytda rayonun tarixindən bəhs olunan bölmədə Ağdamın ermənilər tərəfindən işğalı, orada gedən döyüşlər barədə məlumat verilməməsinə bir söz tapıb deyə bilmirik. 
 
Ağdaşın internet saytı isə daha bərbad vəziyyətdədir. Bu sayta daxil olanlar 2011-ci ildən sonra rayonun inkişafı və oradakı yeniliklər barədə məlumat ala bilməzlər.
  
İndi isə ölkəmizin iri sənaye mərkəzləri olan Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinin saytlarına baxaq. Onlar digər rayonlardan bir az “operativdir”. Gəncənin saytındakı məlumatlar 2016-cı ilin faktlarıdır. Ancaq bu saytda şəhərin təhsili, mədəniyyəti, səhiyyəsi və idmanı barədə məlumatlar yalnız məktəb direktorlarının, xəstəxanaların baş həkimlərinin, mədəniyyət müəssisələrinin rəhbərlərinin telefon nömrələrindən ibarətdir. Şəhərin turizm potensialı barədə isə heç nə yoxdur.
 
Sumqayıtın saytı da elə Gəncədən geri qalan deyil.
  
Vay, vay, vay. Bakı Şəhər İcra Hakimiyyətinin saytı bu vəziyyətdə olandan sonra digər şəhər və rayonlara nə deyək.  Paytaxtımızın saytı sununcu dəfə 2015-ci ildə yenilənib. Belə çıxır ki, 2015-ci ildən Bakı Şəhər İcra Hakimiyyətində heç bir yenilik olmayıb? Üç ildir yenilənməyən sayt kimə lazımdır? Bakı Şəhər İcra Hakimiyyətinin öz işinə laqeyd münasibəti elə burdan görünür. Deyəsən, şəhərin küçələri kimi, burdakı məlumatları da sel-su yuyub aparıb. İndi bunun səbəbini Hacıbala Abutalıbovdan soruşsaq, deyəcək ki, görmürsünüz yağış yağır? Yəqin saytı su basıb, siz yeni faktları, rəqəmləri, yenilikləri görə bilməmisiniz.
 
Əlbəttə ki, bir yazıda bütün yerli icra hakimiyyətlərinin saytlarını təhlil edə bilmərik. Ancaq tam əminliklə deyirik ki, bütün icra hakimiyyətlərinin saytında vəziyyət belədir. Ən tez yenilənən sayt 2016-cı ildə yenilənib. Biz isə artıq 2017-ci ili başa vururuq.
 
İcra hakimiyyətlərinin saytlarına nəzər salarkən diqqətimizi cəlb edən həm də o oldu ki, bu informasiya resurslarının hamısı bir qəlibdən çıxıb.
   
Saytlardakı “Azərbaycan” adlı bölmədəki məlumatlar demək olar ki, eynidir. Bu bölmədə ölkəmizin tarixi barədə guya məlumat verilir. Bu məlumatda Azərbaycanın qədim və müasir tarixi, dövlət müstəqilliyimizin tarixi barədə bir cümlə də yoxdur. Burada şair, yazıçı, rəssam, aktyorlar barədə məlumatlar yerləşdirilib. O da onların adlarından ibarətdir. Azərbaycanın tarixi yazılan məlumatda Heydər Əliyevdən bəhs etməməyin adını biz tapa bilmədik. Buraxırıq oxucuların öhdəsinə.
 
Saytlarda “Konstitusiya” bölməsi qarşıma çıxanda öz-özümə dedim ki, daha bu qədər də yox da.Yəqin ki, ötən il keçirilən referendumla Konstitusiyaya edilən əlavə və dəyişiklikər burada mütləq öz əksini tapar. Ancaq icra hakimiyyətlərinin əməkdaşları yenə bizi “təəccübləndirdilər”. Nə ötən il, burda yerləşdirilən Konstitusiya mətnində heç əvvəlki dövrlərdə edilən dəyişikliklər də yoxdur.
  Şəhər və rayon icra hakimiyyətlərinin internet saytlarında yalnış informasiyalar, köhnələn məlumatlar o qədərdir ki, yazmaqla qurtaran deyil. Ümid edək ki, icra hakimiyyətləri bu haqlı tənqidimizdən nəticə çıxaracaq, tələm-tələsik nəyinsə xətrinə hazırlanan internet saytlarını yeniləyəcək və ordakı məlumatların dürüstlüyünə xüsusi fikir verəcəklər. Beləliklə, həm o bölgənin sakinləri, həm də ora ilə maraqlananlar lazımi informasiya ilə təmin olunacaqlar.
  
Onu da qeyd edək ki, saytlarda yerləşdirilən bütün məlumatlar primitiv hazırlanıb, Azərbaycan dilinin qaydalarına əməl olunmayıb.
  
Sonda isə icra hakimiyyətlərinin əməkdaşlarına xatırladırıq ki, bir dövlət orqanının internet saytının əksər bölmələrində ölkə rəhbərinin adının İ.Əliyev kimi yazılması ciddi nöqsandır, Prezidentə hörmətsizlikdir, dövlətçilik şüurunun olmamasının nəticəsidir. Görəsən, bu rəzalətdən icra başçılarının xəbəri varmı?
                                                                                       
Tural Səfərov

Загрузка...
Загрузка...