Səbayelin başçısından prezidentə hörmətsizlik - Şikayət

 
Prezidentin tapşırığına və məhkəmə qətnaməsinə Bakı şəhər və Səbail rayon İcra Hakimiyyətləri tərəfindən hörmətsizlik olunur
 
Politika.Az-a verilən məlumata görə, Fərid Fərəcov Məzahir oğluna qarşı Səbail rayon İcra Hakimiyyəti məhkəmədə iddia qaldırıb.
 
Onlar doğulduqları və məhkəmə mübahisəsi baş verdiyi vaxta qədər yaşadıqları Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 1“a” ünvanlı yaşayış sahəsindən çıxmalıdırlar. İddia ərizəsi onunla əsaslandırılıb ki, prezident 2005-ci ildə “Bibiheybət” məscidini ziyarət edərkən mer Hacıbala Abutalıbova məscid ətrafında abadlıq işləri aparmağı tapşırıb.
 
Abadlıq işlərinin aparılması ilə əlaqədar isə ətraf ərazidə yaşayan sakinlər başqa abad yaşayış sahələri ilə təmin olunaraq, yeni yaşayış sahələrinə köçürülsünlər.
İcra başçısı Hacıbala Abutalıbov isə prezidentin göstərişlərinə uyğun olaraq sakinlərin onlara ayrılmış yeni yaşayış sahələrinə köçürülməsinə dair Sərəncam imzalayıb və həmin Sərəncamın icrasını Səbail rayon İcra Hakimiyyətinə həvalə edib.
 
Lakin, yeni mənzillərlə bağlı ərazidə yaşayan sakinlərlə Səbail və Bakı şəhər İcra hakimiyyətləri arasında mübahisə yaranıb. Üstəlik Prezidentin tapşırığına zidd olaraq Fərəcovlar ailəsi mənzillə təmin olunmadıqlarından, sakinlər əvvəl yaşadıqları mənzildən çıxmaqdan imtina edib. Bu səbəbdən Səbail rayon İcra Hakimiyyəti Fərəcovlara və qeyrilərinə qarşı Səbail rayon məhkəməsinə müraciət edib.
 
Fərəcovlar ailəsinə mənzil verilmədiyi məhkəmə çəkişməsində qeyd olunsa da, Səbail RİH məhkəməni “inandıra” bilib ki, guya ailəyə mənzil ayrılıb, ancaq köçməkdən imtina edirlər.
 
2006-cı ildə aprel Fərəcovların yeni mənzilə köçürülməsinə dair qətnamə qəbul olundu. Qətnamə əsassız olduğundan bir ildən məhkəmə mübahisəsi getdi. Bu mübahisələr zamanı məhkəmələr gah Fərəcovların, gah da, Səbail İcra Hakimiyyətinin xeyrinə qərarlar qəbul etdi. Sonda Fərəcovlar ailəsinin mənzidən çıxarılmaları və onların yeni mənzilə köçürülmələri qət edildi.
 
Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra isə Fərəcovlar ailəsinə heç bir yaşayış sahəsi verilmədən onlar yaşadıqları mənzidən zorla çıxarılmış və yaşadıqları mənzil ağır texnikanın gücündən istifadə edilməklə yerlə-yeksan edilib.
 
Ayrılmış həmin mənzilin taleyindən bu günə qədər xəbər yoxdur. Fərəcovlara ayrılmış mənzil başqa şəxslərə satılıb, mənimsənilib, yoxsa nə olub - istənilən halda mənzilin taleyi ilə bağlı konkret cavab əldə etmək mümkün olmayıb. Səbail rayon İcra Hakimiyyətinin başçısı prezidentin göstərişlərini yerinə yetirməməklə yanaşı təqribən 10 ildir ki,bu işlə bağlı məhkəmə hakimiyyətinə də hörmətsizlik edirlər.