Saxtakarlıq! Ayağın sürüşür qazıntı işləri gedir

                             
Əvvəllər  insanlar necə məsum idi. Onlara o qədər inanırdın ki. Hərdən elə gəlirdi ki, onları  yaxşı  tanıyırsan. Doğum və ölüm kimi dürüst olan həyat yanıldığını göstərir . 
Saxta insanları tanımaq saxta pul tanımaqdan daha çətindir. Çox insanların heysiyyətsiz vicdanları pula o qədər aşiq ki, özləri bilməyərəkdən belə pulla müqayisə olunmaq istər. Amma insanlığın qiyməti bu yer kürəsində kəşf olunmayıb. Özlərini sığortalayanları isə başa duşə bilmirəm.
Saxta təbəssüm, saxta münasibətlər, saxta həyat ... Amma saxta yazı deyildir.  Saxta insanlar “saxtalıqdan” pafosla dəm vurar, amma yazmaz. Yazsalar da saxta kitab yazarlar.
Saxta kitablar… Özününkü olmayan, amma başqalarından oğurlayaraq yeni plagiat kitablar yazan, dərsliklər tərtib edən, elmi məqalələr, lazım gələrsə, kitablarını  zorla satdıran, yazan varlıqlar, yalançı elm fədailəridir. Gülümsərovun uğursuz taleyi elə bu dövr üçün deyilmiş. Şübhəsiz deyil ki, elm ocaqlarında əsl  ziyalılarımız, dəyərli alimlərimizdən daha çox göbələklər var. Hətta bəziləri uzunmüddətli konserv şəklində gərək olarsa, illərlə soyuducuda saxlayirlar. Görsünlər ki, sənin də “elm fədailər”in var. Elmli adamlar artıb, cəmiyyət hələ də kütdür. Amma cəmiyyətdən təcrid olunmamaq üçün əksəriyyəti ilə dostluq edərsən.
Saxta dostluqlar... Əvvəlcə özünü lap yüksəkliklərdə hiss edərsən, lap Marsa əlin çatan kimi. Kitabla yatıb kitabla duran dostlarının çox olması sənin də həyatda yanlış  olmadığını, seçimində yanılmadığını biruzə verir və zəncirvari münasibətlərin inkişaf edərək çıçəklənir. Təbiət oyanır, səni ağuşuna çağirir, sən bütün bu gözəllikləri dostlarınla paylaşmaq istəyirsən. Müxtəlif  rənglərə boyanmış  bahar çiçəkləri. Bu çiçəklərdən çələng düzəldib dəyər veriklərinə paylayarsan.
Demişlər ki, qohumları bizə Allah nəsib edib, yaxşı ki, dostlarımızı  özümüz seçirik. Əvvəlcə sənə elə gəlir ki, uca-uca dağların var. Nə zaman ildırım çaxsa,tufan qopsa belə, bu daglar səninlədir. Dağlara qar da yağmasını  istəyirsən, çünki güvənirsən. Xeyir birləşdirməsə də, şər evində bir xalq olacaqlar. Ümumxalq məclisi kimi …!
Bir də baxarsan ki, ayağın sürüşür, qazıntı işləri gedir.
Konservlər də sağlamlığa ziyan vurdu, ağaclar  yaz çiçəklərini tökdu, dağları duman aldı, quşlar uçdu. Yaşamaq daha da çətinləşdi. Halbuki, məktəb dövründə üç ay yay tətilinin nə olduğunu bilməyən, böyüklərimizin israrla beynimizə təlqin etdiyi “Kitab oxu!” qaydasını unutmadan, bu günə qədər otuz beş ildir ki, oxuduğumuz kitablardan saxtakarlığın nə olduğunu anlaya bilmədik.
Həyat ən gözəl kitabdır. Bəs bu həyatı yaşamaq üçün nə qədər saxtakar olmaq lazım imiş…?

Elmira KƏNAN