Saxta profildən təhqir yağdıranlar cəzalandırılacaq - Milli Məclisdən mühüm qərar

 
Milli Məclis Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması barədə Cinayət Məcəlləsinə dəyişiklik edib.
 
Teleqraf.com xəbər verir ki, bu qərar Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib. Məcəlləyə nəzərdə tutulan dəyişiklik barəsində məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik saxta profillərdən istifadə edərək, vətəndaşların təhqir olunmasının qarşısının alınmasına öz töhfəsini verəcək.
 
Qeyd edək ki, qanun layihəsinin təşəbbüskarı baş prokuror Zakir Qaralovdur.
 
Beləliklə, Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı layihəyə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Yeni maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
 
Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişikliklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin etmək məqsədi daşıyır:
 
“Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir".
 
Layihə təqdim edildikdən sonra müzakirələrə başlanılıb.
 
Deputat Fazil Mustafa deyib ki, qanun layihəsi son dərəcə vacibdir və ictimai münasibətlərin tənzilmlənməsinə səbəb olacaq.
 
Deputat Məlahət İbrahimqızı hesab edib ki,  qanuna dəyişikliklərin olması vacibdir: “Mən buna görə təşəkkür edirəm. Yeri gəlmişkən, Vikipediyada bizim dövlət adamları ilə bağlı bəzən səhv məlumatlar olur. Mən bununla bağlı bəzi düzəlişlər etdim, lakin bir neçə gündən sonra yenə eyni şey oldu. Hesab edirəm ki, bu məsələyə də diqqət etməyimiz lazımdır”.
 
Millət vəkili Elmira Axundova deyib ki, internetdə, sosial şəbəkələrdə saxta profillərin açılması adi hal alıb: “Bəzən belə profillərdən prezidentin ünvanına şər-böhtan yağdırılır. Bu düzəlişlərlə əslində internetə məhdudiyyət qoyulmur. Tənqidlərə bu maddənin sanksiyası şamil edilmir. Bəzi şəxslər hətta ölkənin birinci xanımı, prezidentin ailə üzvləri haqda mənəviyyatsız yazılar yazır. Məncə, bu maddə prezidentin ailə üzvlərinə də şamil edilə bilər”.
 
Əflatun Amaşov deyib ki, baş prokurorun təklif etdiyi dəyişiklik mühüm əhəmiyyət daşıyır: "İnternetdə hər kəs öz fikirlərini ifadə edə bilir. Bu informasiya azadlığı baxımından mühümdür. Amma bəzən sui-istifadələrə də yol verilir, kimlərsə təhqir edilir. Bu daha çox sosial şəbəkələrdə saxta profillərlə bağlı olur. Hətta bəzən terrorizm də təbliğ edilir”. 
 
Deputat Aqil Abbas deyib ki, Baş Prokurorluğun təklif etdiyi qanuin layihəsinə səs verəcək: “Söhbət cənab prezidentin şərəf və ləyatəindən gedir. Elə başqa şəxslər də təhqir edilir. Əgər kişisənsə, öz gerçək adından yaz bu təhqirləri. Saxta profillərə qarşı mübarizə aparılmalıdır. Bu gün Azərbaycan parlamentində söyülən 3 nəfər var. Mənəm, Hadı Rəcəbli və Fazil Mustafadır. Bizim deputat həmkarlarımız da bizi dəstəkləmək əvəzinə susurlar. Mənim dostum Tahir Kərimli deyir ki, mən maaş alanda utanıram. Niyə utanırsan? İşləyib əməkhaqqı alırsan. Əlbəttə, bunu sosial şəbəkələrdən ehtiyat etdikləri üçün deyirlər”.
 
Vitse-spiker Bahar Muradova isə deyib ki, qanun layihəsini dəstəkləyir.
 
Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləsinədə müvafiq dəyişiklik edilib.

Загрузка...
Загрузка...