Savaş vaxtı dəqiq məlumatların verilməsi doğrudurmu?

Üzeyir Cəfərov: “Müharibənin öz qaydaları var, bəzən informasiyalarda müəyyən manevrlər tələb olunur”
Aprelin 2-5-i arası cəbhədə baş verən döyüşlərdə Ermənistan ordusunun xeyli əsgər və zabiti məhv edilib. Bu haqda düşmən ölkənin rəsmi qurumları, həmçinin mediası məlumat yayıb. Bu döyüşlərdə Azərbaycan tərəfin də itkiləri olub. Düzdür, Silahlı Qüvvələrimizin itkiləri qarşı tərəfdən qat-qat azdır, amma var. Son günlər bəzi siyasi partiya aktivistləri sosial şəbəkələrdə hakimiyyətdən, Müdafiə Nazirliyindən cəbhədə şəhid olan hərbçilərin sayı haqda dəqiq məlumat verməyi tələb edirlər.
Səslənən tələblərə münasibət heç də birmənalı deyil. Tələbləri müdafiə edənlər də oldu, ona qarşı çıxanlar da. Amma müharibə ilə bağlı dəqiq məlumatların ictimaiyyətə çatdırılmasının doğru olmadığını söyləyənlər də var, bunlar çoxluq təşkil edir. Əsas arqumentlərdən biri də budur ki, müharibə zamanı bu cür məlumatların bəzən savaş aparan dövlətin əleyhinə işləyə biləcəyi ehtimalı olduğundan savaş haqda informasiyalar gizlədilə, yaxud müəyyən qədər qısıtlı ola bilər. Çünki bu cür savaşlar eyni zamanda informasiya savaşına çevrilə və həlledici amil ola bilər. Şübhəsiz ki, indiyə qədər dünyada gedən bütün müharibələrin əsas xüsusiyyəti düşmənin itkilərini çoxaltmaq və öz itkilərini azaltmaq olub. Bu, savaşların vazkeçilməz qanunlarından biridir. Bəzən müharibələrdə qalibi dezo xəbərləri də müəyyənləşdirə bilər. Çünki düşməni panikaya salmağın yollarından biri də şişirdilmiş xəbərlərdir.
Hərbi ekspert Üzeyir Cəfərov hər bir müharibənin öz qanunlarının olduğunu söylədi: “Azərbaycan əsgəri xalq üçün döyüşür. Burada iqtidar, ya da müxalifət olmağın önəmi yoxdur. Əsgərlərimiz düşməni qovmaq üçün səy göstərirlər. Bəzi dostlarımızı başa düşə bilmirəm. İtki verdiyimizi gizlətmirik. Amma bu, şərəfli itkidir. Bəzi məsələlər var ki, onları açıqlaya bilmərik. Düşmənə belə fürsətlər vermək olmaz. Çünki əlavə problemlər yaşaya bilərik. Heç bir siyasi qurumun üzvü deyiləm. Baxmayaraq ki, polkovnik-leytenant rütbəsindəyəm, birinci Qarabağ savaşının iştirakçısıyam, amma mən özümü Azərbaycan xalqının sıravi əsgəri hesab edirəm. İndiki vəziyyətdə belə məsələlərin üzərinə getmək lazım deyil. Hakimiyyətin üzərinə o tələbi irəli sürmək lazımdır ki, rus-erməni birliyi bizə qarşı növbəti bəla hazırlayır. Siyasilərimiz, cəmiyyətimiz hər şeyi bir kənara qoyub, bəzi tələblər irəli sürürlər. Düşmənin Rusiyanın köməyi ilə növbəti bəla hazırladığını unutmamalıyıq. Ermənilər Qarabağa silah-sursat yığırlar, yeni ərazilərə iddialarını irəli sürürlər.
“Kiminsə hakimiyyətlə bağlı siyasi məqsədləri varsa, bunu özü bilər. Hər ölən əsgər balamızdır. Gəlin bundan başqa məqsədlər üçün istifadə etməyək”
Düşmənin çirkin planını zərrə qədər unutmaq olmaz. Xalq olaraq bizi gözləyən bəlaya qarşı birləşməliyik. Amma düşmüşük itkilərin arxasınca. Əgər itkilər vermişiksə, bunu hakimiyyət gizlədə bilməz. İlk dəfədir ki, silahlı qüvvələrimiz düşmənin həmlələrini dəf edib, düşmənə sarsıdıcı zərbələr vurdu. Əgər müəyyən əraziləri işğaldan azad etmişiksə, itkilərimiz də olmalıdır. Əvəzimizdən kimsə müharibə aparmayacaq. Hərdən çox qəribə fikirlər səslənir. Kiminsə hakimiyyətlə bağlı siyasi məqsədləri varsa, bunu özü bilər. Hər ölən əsgər balamızdır. Gəlin bundan başqa məqsədlər üçün istifadə etməyək”.
Hərbi ekspert Müdafiə Nazirliyinin son savaşda ortaya qoyduğu mövqeyin tamamən düzgün olduğunu da qeyd etdi: “Ölən əsgərlərimizi hörmətlə yola salmalıyıq. Onların ailələrinin qayğıları ilə maraqlanmalıyıq. Deyirlər ki, hakimiyyət itkiləri azaldır, qazandığımız uğurlara görə nəyi gizlətməliyik? Bəzi beynəlxalq qurumların üzünə Azərbaycan əsgəri son davranışları, qəhrəmanlığı ilə elə şapalaq vurub ki, onlar bizimlə hesablaşmağa məcburdurlar. Önəmli məsələləri kənara qoyub, siyasi məsələləri önə çəkmək şəhidlərimizin ruhuna sayğısızlıq olardı. Yaxşı işlərlə məşğul olub, xalqın əhval-ruhiyyəsinin üzərinə müsbət çalarlar gətirməliyik.
Hesab etmirəm ki, itkilərimiz gizlədilib. Sadəcə, müharibənin qanunlarından biri odur ki, düşmənə fürsət verməmək üçün informasiya siyasətində müəyyən qədər manevrlər etmək lazımdır. Məqamı gələndə bəzi faktlar açıqlanır. Düşünmürəm ki, hakimiyyətin burada hansısa məqsədi olsun. Bəzi ciddi məsələlər olub, yəqin ki, Müdafiə Nazirliyi bununla bağlı addımlarını atacaq. Kimin mənfi və ya müsbət keyfiyyətləri varsa, onlarla bağlı mütləq ölçü götürüləcək”.