​Satıcıların fırıldaqlığı: Müştəriləri belə aldadırlar - VİDEO

 
Qiyməti ucuz etməklə çəkidə kələk gələnlər bu yolla başqalarının cibinə girmiş olur.
 
ARB TV xəbər verir ki, deyilənə görə, belə hallarla mərkəzi bazarın ətrafında, "Vaqif" küçəsində rastlaşmaq olur.
 
Bu ərazilərdə qanunsuz küçə ticarətilə məşğul olanlar nə ağına baxır, nə bozuna - hər rast gələn müştəriyə kələk gəlirlər. Hədəfi seçib gözlədik. Nədənsə bu iki xanımın alış-verişi biraz uzun çəkdi. Aldıqlarını yoxlamaq qərarına gəldik. Xanımlar zirək çıxıb, aldanmayıb. Təəssüf ki, bunu növbəti yaxınlaşdığımız istehlakçıya şamil edə bilmirik.
 
Çəkisində aldadıldığımız meyvələri kor-peşman qaytarmalı olduq. Özü də ikinci dəfə! Çünki, bundan əvvəlki alış-verişimizdə də eyni aqibətlə üzləşdik. Alıcılar arasında küçə ticarətçiləri tərəfindən aldadıldığını bilib haqqını tələb etməyənlərə də rast gəldik.
 
Fazil Paşayev -Azad İstehlakçılar Birliyinin nümayəndəsi: “Çoxu bilir. Amma mentalitet məsələsidir - utancındanmı, nədənmi, düşünür ki, 200 qrama görə lazım deyil, gedib tələb etmir. Aydın məsələdir ki, alıcını aldatmaq məqsədilə aşağı qiymətlər təklif edirlər. Amma çəkidə aldadırlar. Yoxlasan görərsən ki, supermarketdən almaq daha sərfəlidir. Küçələrdən yox, marketlərdən almaq məsləhətdir”. Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətilə də əlaqə yaratdıq. Qurumdan bildirildi ki, söhbət ölçmə cihazlarından getdiyinə görə məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmək lazımdır. Aidiyyəti qurumun da mövqeyilə maraqlandıq.
 
Fazil Talıblı -SMPDK-nın mətbuat xidmətinin rəhbəri: “Yoxlamaların dayandırıldığı bir vaxtda sahibkarlar bilməlidirlər ki, vəziyyətdən sui- istifadə hallarına gətirib çıxarmamalıdır. Tərəzilərin düzgün işləməməsi, çəkidə istehlakçıların aldadılması istehlakçı hüquqlarının pozulmasıdır. Əgər komitənin 963 nömrəli qaynar xəttinə, yaxud komitənin özünə müraciət olunarsa tərəfimizdən araşdırıla bilər”.
 
Qanunsuz küçə ticarəti ilə məşğul olanları İnzibati Xətalar Məcəlləsinə əsasən 80 manat cərimə gözləyir. Bunun üzərinə aldatma da əlavə olunursa bu artıq cinayət sayılır. Yoxlamalar aparılmasa da vətəndaşlar tərəfindən müvafiq qurumlara daxil olan şikayətlər isə araşdırmaya əsas ola bilər. Neqativ halların qarşısını bu yolla almaq mümkündür. Digər bir yolu isə buna imkan verməməkdir. Odur ki, istehlakçılar fəal olmalı, lazım gəldikdə aidiyyəti üzrə müraciət etməli, öz hüquqlarını tələb etməklə digərlərinin haqqına girən işbazlara yaxşıca dərs verməlidirlər.