Sarkisyan Putini aldatdı: Kreml bu gün yeni Qarabağ planını Bakıya təqdim edir

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Belçika Krallığına yola düşür.
 
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan 23-24 noyabr tarixlərində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.
 
Sarkisyanın səfəri çərçivəsində Ermənistan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişim imzalanması gözlənilir.
 
Ekspertlər hesab edir ki, Aİ bu sazişlə Ermənistanı Rusiyanın təsirindən çıxarmaq niyyətindədir. Bu baxımdan, Rusiyanın reaksiyası maraqla izlənilir.
 
Sarkisyanın 2013-cü ildə olduğu kimi, son anda Brüsselə getməyəcəyi və sazişdən imtina edəcəyi gözlənilirdi. Lakin onun geri çəkilmək istəmədiyi görünür.
 
Mümkündür ki, Sarkisyan noyabrın 15-də Moskvada Putinlə görüşdə hər şeyi razılaşdırıb. Yəni, sammitdə iştirak üçün Brüsselə getsə də, sazişi imzalamaqdan imtina edəcək.
 
Lakin o da istisna deyil ki, Sarkisyan Putinin tələbləri qarşısında geri çəkilmək niyyətində deyil və Brüsselə getməkdə məqsədi məhz sazişi imzalamaqdır.
 
İkinci variant Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişi, ardınca da İrəvana getməsi fonunda diqqət çəkir. Xüsusilə erməni siyasi yazar Tevos Arşakyanın “Əgər Rusiya Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, Moskva Qarabağla bağlı yeni planını Azərbaycana təqdim edəcək” sözləri yada düşür.
 
 
 
“İnformasiyalar var ki, Putinlə Sarkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyiblər. Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o, Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək”, - deyə erməni şərhçi bildirib.
 
Görünən budur ki, Lavrov İrəvanda Sarkisyanı fikrindən döndərə bilməyib və Rusiya bu gün Qarabağla bağlı yeni planını Bakıya təqdim edəcək. Təbii ki, proseslərin bu cür inkişafı Azərbaycanın maraqlarına uyğundur. Lakin hakimiyyəti üçün hər kəsi qurban verməyə hazır görünən Sarkisyanın Putinin əmrindən kənar hərəkət etməsi də o qədər inandırıcı görünmür. Proseslərin inkişaf xətti güman ki, Brüsseldəki sammitin gedişində aydınlaşacaq.
 
Asif

Загрузка...
Загрузка...