“Sankt-Peterburq görüşünə böyük ümidlər var” – TƏHLİL

Elman Nəsirov: “Müharibənin olmayacağına heç kim təminat verə bilməz”
 “Aprel döyüşlərindən sonra münaqişəni əvvəlki qaydalarla idarə və həll etmək imkanları artıq tamamilə tükənib. Bunu həmsədrlər də çox gözəl anlayırlar. Daha danışıqlar naminə danışıqlara getmək taktikasının sonu çatıb. Cənab prezident iyunun 17-də Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində dedi ki, bizim bundan sonra daha 20 il də danışıqlar aparmaq niyyətimiz yoxdur. Ona görə də Azərbaycan tərəfi substantiv danışıqlardan bəhs edir, yəni mənalı, məzmunlu danışıqlara gedəcəyini bildirir və elə bu ümidlə də Sank-Peterburqa sərəfə yola düşüb”.
 Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
 E.Nəsirov qeyd edib ki, bu görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və onun doğulduğu şəhərdə keçirilir. Onun sözlərinə görə, bütün bunlar hamısı görüşə olan diqqəti daha da artırır: “Bir həftə əvvəl görüşdə digər həmsədrlərin – ABŞ və Fransa təmsilçilərinin iştirak etməyəcəyi ilə bağlı məlumat yayıldı. Lakin bu günlərdə amerikalı həmsədr bildirdi ki, o, Sankt-Peterburq görüşünə qatılacaq. Beləliklə, bu görüşə böyük ümidlər var. İlk növbədə Rusiyanın özü üçün də bu görüş olduqca vacibdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə Dövlət Dumasında çıxışı zamanı müxtəlif məsələlərlə yanaşı bu görüşə də xüsusi qiymət verdi və qeyd etdi ki, Rusiya indi heç zaman olmadığı qədər münaqişənin həllində maraqlıdır. Belə olan vəziyyətdə hesab etmək olar ki, “aprel döyüşləri”nin ən mühüm dərsi artıq münaqişənin dondurulmuş olmaması və real addımlar atmağın vaxtının gəlib çatması ilə bağlıdır. Lakin Ermənistan özünü “aprel döyüşləri”ndən dərs almamış kimi aparır. Bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan görüş ərəfəsində belə bir bəyanatla çıxış etdi ki, Sankt-Peterburq görüşündə heç bir sənəd imzalanmayacaq və heç bir dönüş olmayacaq. Ermənistanın Xarici İşlər Nazirliyi də analoji bəyanatla çıxış edib. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi ciddi-cəhdlə Sankt-Peterburq danışıqlarının da nəticəsiz olmasında maraqlıdır”.
 Müsahibimiz bildirib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələr verəcəyinə Ermənistanın mövqeyi nöqteyi-nəzərindən yanaşsaq, elə də ümidverici bir görüş deyil: “Lakin, burda bir incə məqam var ki, onu yaddan çıxarmaq olmaz. Axı, Ermənistan prezidenti “aprel döyüşləri”ndən sonra qeyd etmişdi ki, o, Vyana danışıqlarına getməyəcək. “Hansı danışıqlardan söhbət gedə bilər” fikrini söyləmişdi, hətta iki şərt irəli sürmüşdü ki, onlar yerinə yetirilsə, o, danışıqlara gedəcək. Amma nə baş verdi? Heç bir şərt yerinə yetirilmədi, Ermənistan prezidenti həmin danışıqlara getdi. Daha doğrusu getmədi, onu danışıqlara göndərdilər. İndi də onlar Sankt-Peterburq görüşü ərəfəsində belə görüşün nəticələrinə kölgə salan bəyanatlarla çıxış etsələr də, amma situasiya dəyişib. Yəni, Ermənistan prezidenti o prezidentdir ki, bir gecədə onun mövqeyi 360 dərəcədə dəyişməli oldu. Rəsmi İrəvan üç il ərzində Ermənistanın Avropa İttifaqı ilə assosiativ saziş imzalayacağı ilə bağlı danışıqlardan Rusiyanın təzyiqi ilə bir gecədə imtina etdi. Buna bəzən bir gecənin qərarı da deyirlər. Ona görə də Ermənistan prezidenti, xarici işlər naziri , generalı və digər şəxslər nə bəyanatlar verirlərsə, versinlər, bir gündə, yaxud bir gecədə Ermənistan prezidentinin mövqeyi dəyişə və ya dəyişdirilə bilər. Yəni, bunu nəzərdən qaçırmaq olmaz. Yox, əgər Ermənistan prezidenti yenə də köhnə ampluasında qalacaq, yenə də danışıqlar naminə danışıqlara gedəcək, yenə də mənasız, məzmunsuz danışıqlara üstünlük verəcəksə “aprel döyüşləri”nin ardınca “iyun döyüşləri”nin, “iyul döyüşləri”nin, yaxud irimiqyaslı müharibənin olmayacağına kim təminat verə bilər?! Hesab edirəm ki, buna heç kim təminat verə bilməz. Elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri başlayıb. Qoy Ermənistan bundan nəticə çıxarsın. Çünki biz sülhpərvər dövlətik və danışıqlarda maraqlıyıq, yox əgər danışıqlar nəticə verməyəcəyi təqdirdə biz Helsinki Yekun Aktının ən mühüm prinsipi olan ərazi bütövlüyü prinsipinə, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə, AŞ PA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların Ermənistanı işğalçı elan edən sənədlərinə istinad edərək, ilk növbədə BMT Nizamnaməsini 51-ci maddəsinə söykənərək münaqişənin qeyri-dinc yolla həll etmək hüququnu da özümüzdə saxlayırıq. Biz həm danışıqlara gedirik, həm də hərbi təlimlər keçiririk, qoy Ermənistan öz seçimini etsin”.