“Samiraldonun pulu başından aşan gey sevgilisi yoxdur” - Kamil Zeynalliya cavab

 

 
"Harada görsə, onu təpiyinin altına salacaq..."
 
Missiya.Az xəbər verir ki, tanınmış şou yazarı Zülfiyyə Qurbanova stilist Samiraldo və məşqçi Kamil Zeynallı arasındakı qalmaqala köşə yazısı həsr edib.
 
Jurnalistin müəllif yazısını təqdim edirik:
 
Samiraldodan əvvəl Samiri tanımışam. Biz Samirlə uzun zamandır dostluq edirik. Samiraldonu isə son bir neçə ildir tanıyıram. Tanıyıram deyəndə ki, Samiraldonu ancaq efirlərdə görürdüm. Yəni, Samir ancaq efirdə Samiraldo olurdu. Adıçəkilən qəhrəmanlar biri-birinə zidd insanlardır. Samiraldodan fərqli olaraq Samir çox ağıllı, ciddi və utancaqdır. Mən Samiraldonu Samirin yaratdığı bir obraz kimi qəbul edirəm. Çünki Samiraldo nə qadındır, nə də kişi... O, heç gey də deyil...Bunu Samir özü mənə etiraf edib və mən onun səmimiyyətinə inanıram. Özünü cəmiyyətə cinsi azlıq obrazında təqdim edən Samirin bu məsələdə məni aldatmasına ehtiyac görmürəm. Amma dəqiq bildiyim bir şey var, mənim tanıdığım Samir bəzi kostyumlu kişilərdən fərqli olaraq, əyninə kişi kostyumu geyindisə özünü də kişi kimi aparmağı bacarır... Doğulduğu gündən amansız həyatla tək başına yaşamaq mücadiləsi aparan Samir, maddi problemlərini həll etmək və ac qalmamaq üçün Samiraldonu yaradıb! Hələ Azərbaycanda heç kimin təkrarlamadığı qeyri-adi geyim tərzini də stilist kimi Samiraldo öz üzərində nümayiş etdirir. Bir sözlə, Samiraldo artıq Samirin edə bilmədiklərini həyata keçirir... Nə isə, əsas mövzu Samirin kişi və ya cinsi azlıq olduğu deyil...
 
Mən heç vaxt cinsi azlıqların tərəfdarı olmamışam. Bu, mənim az-çox dindar (həmd olsun müsəlmanam) olmağımla bağlı deyil. Onları təbiətin qanunlarını pozduqları üçün qəbul edə bilmirəm. Eynilə güclünün gücsüzü əzməsini qəbul etmədiyim kimi... Bi ifadəyə boş yerə müraciət etmədim... Müğənni Gülayın əri kimi məşhurlaşan və yalnız Samiraldonu söydükdən sonra hazırda aparıcılıq etdiyindən xəbər tutduğum Kamil Zeynallının hərəkətlərinə haqq qazandıra bilmirəm... Hansı hərəkətindən isə az qala hər kəsin xəbəri var. Məlumatı olmayanlarsa bilsin ki, bu "qoluzorlu" Kamil paytaxt məkanlarının birində, hər kəsin gözü qarşısında Samiraldonu təhqir edib və onun üzərinə meyvə atıb. Səbəb çox gülməlidir, Samiraldo nə üçün onun və dostlarının olduğu məkana gəlib...
 
 
Samiraldo ilə eyni məkanda olmaq istəmirdisə, etiraz əlaməti olaraq sadəcə oranı tərk edə bilərdi... Kamil-Samiraldo qalmaqalı, dünya yarandığı gündən insanlığın ən böyük problemi olan qorxaqlığı, güclünün qarşısında baş əydiyimizi, gücsüzün başını əzməyə hər an hazır olduğumuzu bir daha bizə göstərdi. Samiraldo yetimxanada böyüyüb, onu kim müdafiə edəcək? Samiraldonun heç pulu başından aşan gey sevgilisi də yoxdur. Şəxsən mən onu təhqir edən kimisə məhkəməyə verdiyini eşitməmişəm... Kamil Zeynallı bu hərəkətinə israrla haqq qazandırır. Bu azmış kimi, Samiraldonu müdafiə edənləri də ən pis söyüşlərlə təhqir edir. Məni üzən bilirsiz nədir? Kamil kimi düşünənlər Samiraldoya açıq-aşkar etiraz edə bilir.
 
Bircə balasını şəhid vermiş ata-ananın haqqına girənlərin qarşısında nə səbəbdən susurlar? Hə, yeni aldığım məlumata görə, Kamil Samiraldoya xəbər göndərib ki, əgər hansısa məclisdə və ya məkanda qarşısına çıxarsa, onu təpiyinin altına salacaq. Mən də həmkarım Günay Ardanın sosial şəbəkədə Kamil Zeynallıya ünvanladığı mesajını ona çatdırmaq istəyirəm: "Biri bu müğənni qızın ərinə desin ki, homoseksuallıq yox, homofobiya xəstəlikdir. Həm də latent homoseksuallığın işarələridir. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə inanmasa, Zorikdən soruşsun".
 
PrimeTime.az