Şamaxı şefinin müavini xaricdə biznes qurub - Detallar

 
Şamaxı icra başçısının müavini biznes şəbəkəsini genişləndirir. Qasım Qasımov artıq ölkə hüdudlarından kənarda ticarət bazası qurmağa başlayıb
 
Bu barədə Politika.Az-a verilən məlumata görə, başçı müavini Rusiyanın Sankt-Peterburq şəhərində biznes şəbəkəsi qurub.
 
Bu biznesin təşkilində ona hərbi xidmətdən yayındığı və adıçəkilən şəhərə getdiyi iddia olunan oğlunun dəstək verdiyi bildirilir. Habelə, Q.Qasımovun qardaşı oğlanlarının da əsgərlikdən yayınaraq Rusiyanın ikinci şəhərinə getdikləri və biznesə nəzarət etdikləri söylənir.
 
İcra başçısının müavinin S.Peterburqda hansı biznesi qurduğu açıqlanmır. Güman olunur ki, həm geyim, həm ərzaq mağazaları fəaliyyətdədir. Bu biznesi hansı maliyyə hesabına yaratdığı bilinmir.
 
Hər halda dövlət məmurunun aldığı maaş ölkədən kənarda deyil, rayonda da biznes qurmağa imkan vermir.
 
Politika.Az-a verilən xəbərdə o da deyilir ki, Qasım Qasımov Şamaxı kimi qədim ənənəyə sahib olan rayonu öz qanunları ilə idarə edir:
 
“Özünə tam tabe etdirdiyi adamları rayondakı əsas postlara təyin etdirərək istədiyini diktə edən Qasım Qasımov bu yaxınlarda daha bir orijinal işə öz dəsti-xəttini qoyub.
 
Belə ki rayona mart 2016-cı ildə ayrılan rayonun su-kanalizasiya və asfalt örtüyünün təmiri üçün ayrılmış 500 000 beş yüz min manat vəsaiti Asif Ağayevlə birgə Qasımov mənimsəyiblər.
 
Rayonun küçələri isə batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilməkdədir. Buna səbəbsə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə icra başçısının müavini Qasım Qasımovun yarıtmaz fəaliyyətidir”.
 
Belə çıxır ki, başçı müavini elə mənimsədiyi həmin vəsait hesabına Rusiyada biznes qurmağa nail olub.
 
“Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər.
 
Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.
Xatırladaq ki, bu, prezident İlham Əliyevin müşavirələrin birində səsləndirdiyi fikirlərdir. Hansı ki, ölkə başçısı artıq bir neçə ildir ki, hər çıxışında bu məsələyə toxunur. Amma çox təəssüf ki, bəzi məmurlar bu tapşırıqlardan nəinki nəticə çıxartmırlar. Görünür, Q.Qasımov da bu çıxışlardan ibrət götürməyib.