Şam süfrəsində S-400 də vardı, pomidor da...

Baxış sayı: 
353
0  
0  

Qarabağ desertə də verilmədi...
 
 
Qardaş Türkiyə və şimal qonşumuz Rusiyada baş verən siyasi gəlişmələr Azərbaycan üçün hər zaman əhəmiyyət kəsb edib. Bu ölkələr arasında son illərdə yaşanan gərginlik və yaxınlıq, hətta dostluğa yaxın münasibətlər dolayısıyla bizə də təsir edir və bu münasibətlərə ölkəmizdə fərqli mövqelər sərgilənsə də , hər halda yaxşı münasibətlərin  bizim marağımıza da uyğun olması danılmazdır.
 
Rusiya prezidentinin Türkiyə səfəri bu ilin noyabrında olmalı idi. V.Putini noyabrda Türkiyədə öldürülən Rusiya səfiri Andrey Karlovun xatirəsinə təşkil olunmuş  dzyudo turnirində gözləyirdilər. Amma, bölgədə vəziyyətin gərginləşməsi bu görüşü bir qədər tezləşdirdi. O qədər ki, Putin günorta Qvineya prezidenti Alfa Kondeni qəbul edəndən sonra, tələsik Ankaraya uçub axşama  Ərdoğanla görüşdü. Bu tələsik görüş daha çox Putinə lazım idi ,yoxsa Ərdoğana?  Əlbəttə  Türkiyə prezidentinə. Regionda hadisələrin kritik həddə olması məsələlərin Rusiya ilə müzakirəsini tələb edirdi və Rusiyanın mövqeyi Ərdoğan üçün çox vacibdir. Ərdoğanın Moskvaya getməsi Türkiyəni  zəif görsədər, sanki nə edəcəyi ilə əlaqədar Putindən  məsləhət alırmış kimi rəy yaradardı. Həm də, bu il Ərdoğan artıq iki dəfə- martda Moskvada, mayda Soçidə Putinlə görüşlər keçirib.
 
Dövlət başçılarının görüşündə rəsmi açıqlamaya görə bir çox məsələlər müzakirə olsa da, təbii ki, iki məsələ -Suriya və İrak Kürdüstanı mövzusu bu müzakirənin başında gəlir. Suriyada Rusiya ilə Türkiyənin eyni mövqedən çıxış etməsi, Astana görüşündə əldə olunan razılığa əməl edilməsi və Türk Ordusunun gərginliyi yatırması üçün İdlibə daxil olması Türkiyə tərəfin istəkləridi. Hədəf  isə İdlibin şimalını götürüb,  PKK –nın nəzarətində olan ərazini – Afrini  tam blokadaya almaq, kürdlərin xarici aləmlə yalnız Suriya hökümət qüvvələrinin nəzarət etdiyi  təmas xətti vasitəsilə əlaqə yaratmasına məcbur etmək. Rusiyanı bu plan qane edəcəkmi? Suriya və İranın bu istiqamətdə artıq etirazları olub, amma Suriyada başqa dövlətlərlə - məsələn ABŞ-la müqayisədə,  Rusiyanın çəkisi daha ağırdır və həlledici sözü o söyləyəcəkdir. Ərdoğanın Putini razı salmaq üçün  dünənki iki saatlıq təkbətək görüşün  təsiri haqqında  indidən birmənalı söz demək çətindir.
 
Rusiya Türkiyənin Suriyada, hətta sərhədlərinə yaxın ərazidə də söz sahibi olmasını istəmir, konkret olaraq kürdləri səs-küy salmadan dəstəkləyir, amma həm də Türkiyənin Qərbdən üz döndərdiyi zamanda onu tərəfinə çəkib əzəli düşməni ABŞ və Avropaya qarşı birgə fəaliyyət göstərmək istəyindən də əl çəkmir. Ərdoğan da bu dilemmanın ikinci tərəfi ilə razılaşsa da,  Suriya kürdlərinə Rusiyanın yarıaçıq, yarıgizli dəstəyindən narazıdır və Ankara görüşünün də vacib hədəflərindən biri də bu problemin müzakirəsidir.
 
Görüşün önə çəkilməsinin əsas səbəbi isə ,təbii İraq Kürdüstanında keçirilən müstəqillik referendumu olduğunu deyə bilərik və danışıqları mürəkkəbləşdirən də Kürdüstan dövlətinin yaranması,  Rusiyanın isə hələ də rəsmi formada bu referendumun nəticələrinə susqun qalması və ya ən azı neytral görsənməsidir. Bərzaninin də tələm –tələsik Rusiya ilə əlaqələri inkişaf etdirmək bəyanatları Ərdoğanı “dəyərli dostu Putin”lə görüşünü zəruri etdi. Nəzərə alsaq  ki, Rusiya  kompaniyaları  4 milyard dollardan çox İraq Kürdüstanının energetika sahəsinə investisiya qoyublar, Türkiyənin narahatlığını başa düşmək olar.  Rusiya isə ənənəsinə sadiqdir:-dünyada , xüsusilə Yaxın Şərqdə nə qədər konfliktlər genişlənsə, onun işinə yarayacaq, həm siyasi təsirini yeritmək, həm də vuruşan tərəflərə xeyli silah-sursat satmaq baxımından.
 
Putin fikrini birbaşa deməsə də, Sergey Lavrov artıq kürd xalqının dövlət qurmasını onun haqqı olduğunu bildirib. Putinin şah əsəri sayılan Krımın birləşdirilməsi  də “referendum” yolu ilə baş tutduğundan Kürdüstan referendumuna konkret münasibət bildirməyəcəyini rusiyalı ekspertlər düzgün proqnozlaşdırıb-Putin Ərdoğanla keçirdiyi mətbuat konfransında” İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını” söyləməklə kifayətləndi.
 
Ankara şam yeməyində “süfrədə S-400” də var idi. Türkiyə S-400 kompleksini tezliklə almaq istəyir, baxmayaraq ki, NATO müttəfiqləri bunun əleyhinədir. O nə şam yeməyidir ki, orda Türkiyənin məşhur “pomidor məsələsi” də olmayaydı. Türkiyə pomidorunun Rusiya bazarına  maneəsiz daşınması da müzakirə olunan mövzulardan olub.
 
Bu görüşün rəsmi açıqlamasında Putin Ərdoğanı Astanadakı Suriya müzakirələrindəki roluna görə təriflədi,  Ərdoğan da rus turistlərin sayının artmasına sevindiyini söylədi. Amma, əsas məsələlər yuxarıda qeyd edilənlər idi, onun da nə qədər effektli olduğunu yaxın vaxtlara görəcəyik.
 
P.S. Bu dəfə Qarabağ məsələsi Ankara şamında heç “desertə də gəlmədi”. O bizim öz tortumuzdur, öz xörəyimizdir, öz işimizdir, özümüz həll etməliyik...
 
İlham İsmayıl

Загрузка...
Загрузка...