​Şahzadənin dünyanı heyran qoyan kədərli xanımı: sirli təbəssümün altındakılar - FOTOLAR

2011-ci ilin yayı yaddaşlarda tək şahzadə Uilyamla Keyt Middltonun toy mərasimi ilə deyil, həm də Monako şahzadəsi II Alberlə Şarlin Uittstokun toyu ilə qaldı. Şənlik mərasimlərindən artıq 6 il keçib. Lakin hələ də insanlar bu dəbdəbəli toylardan danışırlar. Xüsusən də Monako şahzadəsinin zərif xanımı Şarlin Uittstokdan...
Publika.az xəbər verir ki, Şarlin öz şarmı, sadəliyi, əsrarəngiz təbəssümü ilə dünyanın ən cazibədar qadınları siyahısında yer alır.
 
"Mona Liza" təbəssümü
Şarlinin incə və qəmgin gülüşü çox vaxt Mona Lizanın sirli təbəssümü ilə müqaisə edilir. Mətbuata sızan gizli məlumatlara görə, bunun səbəbi II Alberdir. Belə ki, stil ikonası Qreys Kellinin sevimli oğlu Alber yarım əsrlik yaşına rəğmən, hələ də gizli eşq macəralarını ört-basdır etməyə davam edir və nikahdan kənar övladlarının sayını-hesabını bilmir. Gələcək həyat yoldaşının bu sərgüzəştlərindən xəbər tutan Şarlin toydan öncə bir neçə dəfə qaçmağa səy göstərsə də, cəhdləri uğursuz alınır. Şahzadə sevimli xanımını gözündən uzağa qoymaq istəmir.
Lakin hətta bu qüssəli və düşüncəli baxışları da onun gözəlliyinə xüsusi rəng qatır. Əsəbi deyil, daha ziyalı görkəm verir. Bəs Şarlinin sirri nədədir? O adətən düzgün makiyajdan, vəhdət təşkil edən rəng çalarlarından istifadə edir. Daha çox zərif çəhrayı rəngə və dodaq parladıcısına üstünlük verir. Təbii ki, dodağı çərçivələyən qələmdən istifadə etmir. Çox vaxt xanımlar çərçivə qələmindən dodaqlarını daha həcmli etmək üçün yararlanırlar. Lakin Şarlinin fikrincə, bu onlara daha kobud görkəm verir.
Gündəlik makiyajda Şarlin daha çox tonal krem, allıq istifadə edir. Həmçinin boz, qəhvəyi, mavi göz kölgələrilə kifayətlənir. Smoky-eyes meyk-ap növünə üstünlük vermir. Çünki 39 yaşlı şahzadənin gözaltı qırışları çoxdur və qabarıq makiyaj onları daha çox üzə çıxardır.
Şahzadənın illər öncəki fotoşəkillərinə nəzər salanda görürük ki, əsas seçimi tünd tonal kremlər olub. Hazırda isə solğun və açıq rəngə üstünlük verir.
 
“Stil ikonasının layiqli gəlini”, yaxud “Nikahı gözəllik xilas edəcək”
Deyirlər, kişilər adətən öz analarına bənzəyən xanımlarla ailə qurmağa can atırlar. Şarlinin mərhum Qreys Kelli ilə olan bənzərliyini sezməmək mümkün deyil. Bəlkə də II Alberin ona duyduğu heyranlığın əsas səbəbi budur. Şahzadənin qayınanası kimi stil ikonası olmaq şansı çoxdur. Lakin Alber iddia edir ki, onu həyat yoldaşının dəb jurnallarının üz qabığını bəzəyən şəkillərindən daha çox karri ədviyyatı ilə bişirdiyi ət qızartması maraqlandırır. Bəlkə də şahzadənin toydan sonra sürətlə kökəlməsinin səbəbi xanımının hazırladığı dadlı xörəklərdir. II Alber Şarlin kimi qadınla ailə qurduğu üçün hər mənada xoşbəxt olduğunu vurğulayır. Ümid edək ki, Cokonda təbəssümlü Şarlin də ən az əri qədər bu nikahdan məmnundur.
 
 
Qiymətli toy hədiyyəsi
II Alber Şarlinə qarşı heç vaxt xəsislik etmir. Daim onu bahalı daş-qaşlara, qiymətli hədiyyələrə qərq edir. Buna ən parlaq sübut şahzadənin toyda xüsusi olaraq Şarlinə hazırlatdığı Tiara Okeanı adlı tacdır. Bu zinət əşyasını krallığın özəl şirkəti olan “Van Cheef & Arpels" xüsusi olaraq Şarlin üçün hazırlayıb. Şarlin Çənibi Afrika Respublikasının məşhur idmançısıdır. Cənubi Afrika sahillərindən Monako sahillərinədək üzüb keçən cəsur xanımın şərəfinə hazırlanan bu tac rəmzi məna daşıyır. Üzərindəki bəzək elementləri sanki iri ləpirdir. Bu tacın hazırlanmasında 70 karatdan çox 1200 qiymətli daşlardan istifadə olunub.
Bu sənət əsərinin üzərində su 359 sapfir qaşla təsvir edilib. Xüsusi zərgər dəqiqliyi ilə işlənilən bu element saçın altında itmir və saf su təsiri bağışlayır. Suyun üzərindəki köpüklər isə ümumilikdə 44 karatlıq 850 brilliant daşdan ibarətdir. Ən böyük dairələrin içərisinə isə su damcısını xatırladan hər biri 4 karat olmaqla, 11 almaz qaş düzülüb. Buradan bəlli olur ki II Alber sevimli idmançı xanımının könlünü xoş etmək üçün hər şeyi incəliklə düşünüb.
 
İdmançı gözəl və cəsur şahzadə
Şarlinlə II Alberin ilk görüşü idman yarışlarının birində baş tutur. Şarlin 10 yaşınadək CAR-da yaşayıb. Boya-başa çatdığı ölkəni beynəlxaq yarışlarda, o cümlədən Sidneydə keçirilən Olimpiya oyunlarında təmsil edib. Şahzadə II Alber də onu idman yarışlarının birində görüb və nağıllardakı kimi ilk baxışdan aşiq olub. Şarlinin idman fəaliyyətindən qaynaqlanan iri çiyinləri var. Lakin o bu görkəmindən çəkinmir. Əksinə, fürsət düşən kimi öz qamətini geyimləri ilə vurğulayır. Qabarıq şlyapalar, iri sırğalar isə gözəl şahzadənin zəif nöqtəsidir.
Şahzadənin həyatı Sindrellanın taleyini xatırlatsa da, nağıldakı kimi incə xrustal ayaqqabılardan uzaq durur. Çünki idmançı xanımın ayağının ölçüsü böyükdür və bu qəbildən olan ayaqqablar onun üçün əlverişli deyil. Dəbli şahzadə qayıq şəkilli dikdabana və önü açıq çəkmələrə üstünlük verir. Ayaqlarını kiçik göstərmək üçün daha bir kiçik hiyləyə əl ataraq, frenç pedikürdən istifadə edir.
 
 
“Xoşbəxt son”
Digər kral ailələri ilə müqayisədə Monako şahzadələrinin övladları bir az gec dünyaya gəliblər. 2014-cü ildə mediada Şarlinin hamilə olduğu barədə xəbər yayılır. Bir neçə ay sonra bəlli olur ki, onların əkiz övladları dünyaya gələcək. 2014-cü ilin 10 dekabrında doğulan əkizlərə Jak və Qabriella adları verilir. Hazırda Monakonun ən məşhur cütlüyü sevimli övladlarını böyüdür və deyilənlərə görə, çox məsud yaşayırlar.
Leyla Sarabi

Загрузка...
Загрузка...