Şahin Mustafayev supermarket rəhbərlərini qəbul etdi

İqtisadiyyat Naziriliyi ötən gün virtualaz.org saytında işıqlandırılan ölkənin ən iri supermarket rəhbərlərinin müraciətinə operativ reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin virtualaz.org-a verdiyi məlumata görə, bu gün iqtisadiyyat naziri Şahin Mustafayev onlarla görüş keçirib.
“Dünən Nazirliyə sahibkarlar tərəfindən müraciət daxil olub. Artıq bu gün səhər nazir Şahin Mustafayev sahibkarları qəbul edib və onların problemlərini dinləyib. Hazırda sahibkarları narahat edən problemlər araşdırılır”, - deyə A.Əliyev bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək, manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş etmişdilər. Müraciətin bir nüsxəsi də sahibkarlar tərəfindən virtualaz.org saytının redaksiyasına təqdim olunmuşdu.
Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil.
Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub. Müraciətdə həmçinin sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqinin aradan qaldırılmasının məqsədəuyğunluğu qeyd olunur.
Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin. Müraciəti “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar.