Sahibsiz qalmış Kərkük: Türkmənlər bizdən kömək gözləyir

 
    
 
İraqda yaşayan türkmənlər Kürd Regional Muxtariyyətinin müstəqlliyini elan etməsinə etiraz edir. Buna səbəb türkmənlərin kürd separatçıları tərəfindən sıxışdırılmasıdır. Kürdlər türkmənləri sıxışdırır, onların yaşadıqları ərazilərə iddia edir. Ona görə də sentyabrın 25-də müstəqil kürd dövlətinin yaradılması məqsədilə keçirilən referendumda türkmənlər iştirak etməkdən imtina edib. İraq Türkmən Cəbhəsi referendumun nəticələrinin qanunsuz olduğunu və İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
 
Xüsusilə də son dövrlər türkmənlərin Kərkük şəhərinin və ətraf kəndlərin Kürdütan ərazisi kimi təqdim olunması gərginliyi bir qədər də artırıb. 2014-cü ildən bəri bir neçə dəfə İŞİD-cilərin kütləvi qətliamına məruz qalan İraq türkmənləri indi kürdlər tərəfindən öz evindən didərgin salınır. İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Azərbaycan dövlətinə müraciət edərək bu çətin gündə soydaşlarına dəstək olmağa çağırıb. Amma rəsmi Bakı hələ bu müraciətə cavab verməyib.
 
 
 
Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı hesab edir ki, İraq türkmənlərinin mövqeyinə biganə qalmaq olmaz: “Çox təəssüflər olsun ki, son illər Suriyada yüz minlərlə, İraqda da bir o qədər türkmən soyqırıma məruz qalıb. Biz həmişə buna münasibətimizi bildirmişik. Mən Ankarada İraq türkmənlərinin mitinqinə qatılmışam. Türkmən Mədəniyyət Mərkəzinin İstanbulda keçirilən toplantısında iştirak etmişəm, onların nümayəndələri ilə Bakıda görüşmüşəm. Amma dövlət səviyyəsində dəstəyin göstərilməsinə rəsmi səlahiyyətli şəxslər cavab verməlidir”.
 
Sabir Rüstəmxanlı onu da bildirdi ki, türkmənlərə mənəvi-humanitar yardımın göstərilməsini İraqın daxili siyasi işlərinə qarışmaq kimi qiymətləndirənlər yanılır: “Türkmənlərə olan münasibət millətimizin bir parçasına olan yanaşmadır. Ona görə də bunu İraqın daxili işlərinə qarışmaq kimi dəyərləndirmək olmaz. Orada Azərbaycan xalqının bir hissəsi olan böyük bir xalqın taleyi ilə oynayırlar. Dünya da bunu görür. İranın bütün qüvvələri İraqdadırsa, biz nəyə görə susmalıyıq? Bəzən deyirlər ki, bizim Qarabağ problemimiz var. Ona görə İraqdakı proseslərə münasibət bildirməyək. Amma nəzərə almaq lazımdır ki, bu gün İraqda keçirilən referendumun ermənilərin Dağlıq Qarabağda oynadığı oyundan heç bir fərqi yoxdur. Orada da burada da azərbaycanlılar əzilir”.
 
 
 
Millət vəkili Zahid Orucun sözlərinə görə, İraq türkmənləri Azərbaycandakı ictimai, siyasi təşkilatların, medianın və diplomatik korpusların nümayəndələri ilə görüşlər keçirmək, öz mövqelərini çatdırmaq imkanına malikdir. Bu da Azərbaycanın türkmənlər dəstəyindən xəbər verir:
 
“Lakin təəssüf olsun ki, 15 ildir İraqın üzləşdiyi çətinliyin ən mürəkkəb hissəsini türkmənlər yaşayır. Zamanında Türkiyə Böyük Millət Məclisi Türkiyə ərazisindən İraqa qarşı hərbi əməliyyatlara icazə verməyi qadağan edən qanun qəbul etdi və sonradan prosesə müdaxilə edə bilmədi. İndi isə Türkiyənin cənub sərhədləri boyunca təhlükəsizlik qurşağı yaratmaq cəhdi türkmənlərin yaşadığı əraziyə gedib çatmır. Bu da həmin bölgədə nə Türkiyənin, nə Azərbaycanın strateji maraqlarını təyin edəcək fəaliyyət sayıla bilməz. Son dövrlər İŞİD-in Suriyada, İraqda yaratdığı fəlakətlərə, dağıntılara Kürdüstan məsələsi də əlavə gərginlik mənbəyi kimi qatılıb. Türkmənlər bir növ ortalıqda qalıb. Onların bir hissəsi sakit mövqe nümayiş etdirir. Amma əksəriyyəti Türkiyədən, Azərbaycandan hərbi, siyasi, humanitar yardım istəyir. Açıq söyləmək lazımdır ki, Azərbaycan İraqdakı proseslərə müdaxilə edə bilməz.
 
Bu, BMT tərəfindən ərazi bütövlüyü tanınmış bir ölkəyə hərbi müdaxilə sayıla bilər. Məsələnin digər önəmli tərəfi ondan ibarətdir ki, Azərbaycan bu prosesə siyasi tərəfdən qoşularsa, Yaxın Şərqdəki qaynar qazanın içinə düşə bilər. Çünki Cənubi Qafqaz və Yaxın Şərq geopolitikasını beynəlxalq aləmdə birləşdirmək ideyası var. Əgər separatizm baş qaldırırsa, etnik milli zəmində dövlətlər qurulursa, bu Qafqazı da dağıdır. Azərbaycan türkmənləri müdafiə naminə hərəkət edərsə, Ermənistan da Dağlıq Qarabağdakı ermənilərin mənafeyi istiqamətində atdığı addımlara görə bəraət qazanmış olur. Ona görə də mürəkkəblik danılmazdır. Ona görə də biz yalnız türkmənlərin deyil, digər xalqların da təhlükəsizliyinin təmin olunmasını təmin edirik. Lakin biz beynəlxalq qüvvələrlə birgə hərəkət etməliyik. Azərbaycan bu məsələyə münasibətdə nə Amerikanın yanındadır, nə Rusiyanın, nə də İranın. Uzun illər İraqda diktaturanı devirmək adı altında xaos toxumları əkildi. İndi onun nəticələrini biçirlər.
 
İraqdakı hakimiyyəti ABŞ-ın formalaşdırdığı sirr deyil. Amma İran şiə çoxluğundan istifadə edib İraqı öz təsir dairəsinə saldı. Mərkəzi qüvvə başqa dövlətlərin nəzarətinə keçən kimi əyalətlərdəki qüvvələr güclənməyə başladı və özünü müstəqil elan etməyə başladı. Əslində, İŞİD bu xaosdan doğdu. Həmin zəmində şiə, sünni və kürd hərəkatları meydana çıxmağa başladı və Qərb xüsusi xidmət orqanlarının qovluqlarında olan məlum sənədlər reallaşdı. Şimali Kürdüstan da, mərkəzi Bağdad hökuməti də, İran da, Qərb dairələri də yalnız bölgədəki neft sərvətləri uğrunda deyil, strateji məkanda oturuşmaq uğrunda amansız savaş aparır. Azərbaycan müharibəyə qoşulmamalıdır. Lakin bizim Səfəvilər dövründə Azərbaycandan getmiş soydaşlarımıza mənəvi dəstək olmaq borcumuz var. Azərbaycan mediası, ictimai təşkilatları, parlament nümayəndələri türkmənlərin mövqeyinə diqqət çəkməlidir. Təəssüf ki, burada bir koordinasiya çatışmır. Vətəndaşlarımız bu vəziyyəti ekranlardan izləyir. Problem ondadır ki, türkmənləri xilas edə biləcək vahid cəbhə yoxdur”.
 
Müşfiq Abdulla
 
Cebhe.info

Загрузка...
Загрузка...