“Şahdağ”dan açıqlama: “Təhlükəsizlik torları qırıldı, sonra da...”

Baxış sayı: 
199

 
 
“Şahdağ” Turizm Mərkəzi qış mövsümünün açılışı zamanı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallarla bağlı açıqlama yayıb.
 
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan, mərkəzin ictimai nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirə biləcək video-görüntülərə cavab olaraq bildirilir ki, bu cür görüntülər vasitəsilə süni ajiotajın yaradılması turizm mərkəzini narahat edərək təəssüfləndirir:
 
“Sayca altıncı qış mövsümünün açılışı dekabr 16-da baş tutub və gün ərzində mərkəz 3000-dən çox turist qəbul edilib. Dekabr 17-də mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməyib.
 
Turizm mərkəzi olaraq ən ümdə məqsədimiz qonaqlarımızın məmnunluğu ilə yanaşı, təhlükəsizliyini də ən yüksək səviyyədə təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın dünya üzrə tanınmış “Doppelmayr” şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən, yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər.
 
Əlbəttə, mərkəzimizə olan marağın və turistlərin sayının ilbəil durmadan artması bizi çox sevindirir. Ancaq təəssüflə bildiririk ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər. Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılıb, kanat yollarının sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılıb.
 
İstənilən halda “müştəri daima haqlıdır” prinsipini əsas tutaraq fəaliyyət göstərən mərkəz qonaqların rahatlığını təmin etmək, daim xidmət keyfiyyətini artırmaq üçün dayanmadan çalışır və gələcəkdə bu kimi halların baş verməməsi üçün daha ciddi təhlükəsizlik qaydalarının formalaşdırılması istiqamətində işlər görülür”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə “Şahdağ” Turizm Mərkəzində qış mövsümünün açılışı zamanı xoşagəlməz hallar yaşandığı və insanların pis vəziyyətdə qaldığı barədə video yayılıb.
 
 
 

Загрузка...
Загрузка...