​Şah İsmayılla bağlı qalmaqal yenidən qızışdı

 
Səfəvilər imperiyası və Şah İsmayıl Xətai barədə səslənən fərqli fikirlərin ardınca deputat Fazil Mustafa ilə bir qrup tarixçi arasında baş verən qalmaqala nəhayət, AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da reaksiya verib.
 
Y.Mahmudov deputat həmkarının adını çəkməsə də səslənən fərqli yanaşmalara sərt münasibətini açıqlayıb:
 
“Həmişə 5 min illik dövlətçilik tariximizi unutdurmağa, Azərbaycan xalqının əlindən onun dövlətini almağa çalışıblar. Çox təəssüf ki, bu gün Səfəvilər dövlətinə, Şah İsmayıl Xətaiyə qara yaxmağa çalışanlar, I Şah Abbasın bizim dövlət xadimimiz olmadığını sübut etməyə cəhd göstərənlər içimizdə də tapılır”.
 
Y.Mahmudov teleqraf.com-a deyib ki, Səfəvilər dövlətinin tarixi bizim şərəf tariximizdir:
 
“Birdən-birə 237 il mövcud olan bir imperiya qurmuşuq. Səfəvi imperiyasının tarixini yaradanlar çox ağır döyüşlərdən keçib. Bu gün daxilimizdə və xaricdə Azərbaycan xalqının, elimizin düşmənlərinə cavab verməli oluruq. Səfəvi dövlətinin liderləri imperiya yaratsalar da, heç bir xalqı sıxışdırmayıblar, hər hansı xalqın mədəniyyətini boğmayıblar, tarixi şəxsiyyətlərini edam etməyiblər. Səfəvilər imperiyasının tərkibində irandilli xalqlar da yaşayırdı. O dövrdə irandilli xalqlar böyük mütəfəkkirlər bəxş ediblər. Bu, Səfəvilər dövlətinin dövlətçilik mədəniyyətinin, humanist siyasətinin göstəricisidir”.
 
İnstitut direktorunun sözlərinə görə, bu gün bizdən şimalda, Avropanın müxtəlif yerlərində, bizimlə dost olan İranda da bəzi tarixçilər Səfəvilər dövlətini Azərbaycan tarixindən silməyə çalışırlar:
 
“Biz İran tarixçilərini dialoqa çağırırıq ki, bu dövləti yaradan Səfəvilər Azərbaycanın türk sülaləsidir. Bu sülalənin kökündə dayanan Şeyx Səfiəddin dünyada köçəndə demişdi ki, mənim cənazəmi götürəndə bilin ki, türk oğlu türkzadəni dəfn edirsiniz. Səfəvilər türk nəsli, Azərbaycan türkləridir. Bu faktı Azərbaycan tarixindən silmək böyük ədalətsizlikdir. Biz deyirik ki, Səfəvilər dövrünün oturaq həyatında, yazı-pozu mədəniyyətində, kargüzarlıq işlərində irandilli tayfalar da rol oynayıb. Onların rolunu inkar etmirik, ancaq Səfəvilər tarixini Azərbaycan tarixindən silmək olmaz”.
 
Y.Mahmudovun fikrincə, azərbaycanlı tarixçilər İranla dostluq münasibətlərinə sadiq olsa da, elmi mübahisələr davam etməlidir.
 
Deputat Fazil Mustafa musavat.com-a açıqlamasında ad çəkməsə də, institut rəhbərinin fikirlərinə münasibət bidlirdi:
 
“Kimlərsə iddia edir ki, Azərbaycanın dövlətçilik tarixi 5 min ildir, bu, elmi təsbit deyil, populist və qüsurlu ifadədir. Bu rəqəm beş yüz il artıq da, az da göstərilə bilər. Bizi maraqlandıran ərazinin dövlətçilik tarixi deyil, məhz bu ərazidə bu gün çoxluğu təşkil edən etnosun, yəni Azərbaycan türklərinin dövlətçilik tarixidir. Bu tarixi isə ümumtürk dövlətçilik tarixindən kənarda götürmək olmaz. Həmin dövlətçilik tarixi barədə bilgilər böyük tarixçi Zəki Vəlidi Toğan “Ümumtürk tarixinə giriş” əsərində, Qumilyovun və başqa elm adamlarının əsərlərində elmi-obyektiv araşdırma ilə ortaya qoyulub. İkincisi, uzun müddətdir ki, orta əsrlərin konkret bir dövrünün “tariximizin qızıl dövrü” kimi təqimatı əsasən Azərbaycan türklərinin farslarla ortaq tarixini qabartmaq istiqamətinə üstünlük verildiyini göstərir və Azərbaycan coğrafiyasından kənardakı türk tarixi əhəmiyyətinə görə arxa plana keçirilir. Bizim üçün isə Azərbaycan türklərinin tarixdə gəlib-keçmiş digər türklərlə ortaq tarixini qabartmaq daha məntiqlidir. Biz Alparslanın Malazgird zəfərinə də, Fatihin Konstantinapolu fəthinə də, Ağqoyunluların, Qaraqoyunluların uğurlarına da öz uğurlarımız kimi baxırıq, onlar isə Bayandırlı-Dədə Qorqud mədəniyyətinin məhv edilməsini tariximizdə müsbət bir dönüş anı kimi xarakterizə edirlər. Əlbəttə, bunlar hamısı bizim tariximizdir, qəbul edək ki, Sacilərdən başlamış Cümhuriyyətimiz yaranana qədərki dövrdə bu ərazidə dövlət qurmuş bütün sülalələrin əksəriyyəti türklərdir, bunun mübahisənin predmetinə bir aidiyyatı yoxdur ki...”
 
F.Mustafanın fikrincə, tarixin müəyyən epizodlarına kiminsə türk olmasını əsas götürərək dəyər qazandırmaq yolverilməzdir:
 
“Birinci növbədə bu günün prizmasından hansı qalıcı dəyərləri tarixdən mənimsədiyimizə baxılmalıdır. Biz Məhəmməd Peyğəmbəri gətirdiyi əxlaq sisteminə görə sevirik, Əlini elm və irfanına görə, Öməri ədalətinə görə sevirik, halbuki onlar milliyətcə ərəb olublar. Yaxud da Səlahəddin Əyyubini xaçlıların vəhşətini dayandıra bildiyinə görə sevirik, halbuki mənşəcə kürd olduğu söylənilir. Yaxud da Fatihi türklərə İstanbulu qazandırdığına görə sevirik. O da türk olub. Kiminsə türk, ərəb və ya kürd olmasından öncə, bəşərə və öz varislərinə qoyub getdiyi faydalı və humanist miras əsas götürülməlidir. Yalançı vətənpərvərlərin və irançı zehniyyət daşıyıcılarının əsas ittihamı budur ki, tarixi qəhrəmanlarımızı və dövlətlərimizi qaralamaq, silmək olmaz. Sual edirsən ki, kim qaralayır, kim silir ki? Səfəvilər də, Qacarlar da türk sülalələridir, bunu kimsə inkar etmir ki... Söhbət faydalı miras üzərindən gedirsə, burada fikirlər haçalanır və buna da qışqırıqçılıqla deyil, sağlam müzakirə zəminində baxmaq lazımdır”.
 
F.Mustafa daha sonra fikirlərinin düzgün anlaşılmadığına diqqət çəkdi:
 
“Biz deyirik ki, Səfəvilərin qurduğu ideoloji rejimin eynisini İran İslam Respublikası bərpa edib, qurub. Bu gün həmin dəyərləri türklüyün ali dəyərləri adı ilə cəmiyyətə təqdim etmək, sadəcə irançılıq virusunun azərbaycanlı yaddaşında qorunub saxlanmasına xidmət edir. Rəsulzadənin bizə miras qoyduğu bayraqda İslam bütündür, sizlərin bayrağında İslam bir məzhəbdən ibarətdir. Rəsulzadənin miras qoyduğu bayraqda Türklük bütündür, sizin bayrağınızda türklük marjinal bir qızılbaşlıqdan ibarətdir. Rəsulzadənin miras qoyduğu bayraqda demokratiya, tolerantlıq bütündür, sizin bayrağınızda tolerantlığa, başqa cür düşünməyə yer yoxdur. Ona görə də burada tarixə baxış konsepsiyasının fərqliliyindən söhbət gedir və bu cür müzakirələrin aparılmasından qorxmaq lazım deyil. Dünyanın hər yerində bu cür müzakirələr insanların ehkamçılıqdan uzaq bir düşüncə ilə öz keçmişi ilə bugünü arasında daha səmərəli əlaqə qurmasına imkan yaradır. Bütün tariximizə sahib çıxmalıyıq, ancaq fikrimizcə daha çox faydalı epizodların və dəyərlərin qabardılması həm milli, həm də dövlət maraqlarımıza uyğun olardı”.