​"Şah İsmayıl haqda film çəkmək üçün iki nazirin dəstəyi lazımdır" - Türkiyəli rejissor

 
 
 
Noyabr ayının 22-dən Bakıda start verən “Türk Filmləri Həftəsi” ötən həftəsonu bitdi. Qardaş Türkiyədən ölkəmizə təşrif buyurmuş sənətçilər: məşhur və istedadlı aktyorlar, dəyərli rejissorlar bir həftə boyunca həm Bakıda, həm də Sumqayıtda qonaq oldular. Şəhidlər Xiyabanından başlayaraq həm paytaxtın, həm də Sumqayıtın gəzməli, görməli yerlərini gəzib-gördülər, ziyarət edirlər.
 
Türkiyəli sənətçilərin Azərbaycandan hansı təəssüratlarla ayrıldığını əminliklə deyə bilməəsk də, onu tam əmin ola bilərik ki, həm “Türk Filmləri Həftəsi - Bakı” çərçivəsində göstərilən filmlər, həm də məşhur sənətçilər haqqında bizimkilər hələ çox danışacaqlar. Çünki həm filmlər, həm də aktyorlar, rejissorlar bir həftə ərzində jurnalistlərlə, azərbaycanlı sənət adamları ilə o qədər qaynayıb-qarışdılar ki, özlərinin də dediyi kimi, başqa ölkədə olduqlarının fərqinə belə varmadılar. 
 
 
 
 
Moderator.az da “Türk Filmləri Həftəsi” çərçivəsində Qala gecəsindən başlayaraq demək olar ki, keçirilən bütün tədbirləri, görüşləri işıqlandırdı, aktyorlardan, rejissorlardan açıqlamalar alıb saytımızın daimi oxucularına, həmin sənətçilərin Azərbaycandakı pərəstişkarlarına təqdim etdi.
 
Ancaq necə deyərlər hələ də bitirməmişik, açıqlamalarımızdan birini bu günə saxlamışıq. Bu gün izləyicilərimizə Türkiyədən gəlmiş sənətçilər arasında yer alan məşhur rejissor Öner Kılıçdan aldığımız açıqlamanı təqdim edirik.
 
Öner Kılıç  ilk öncə “Qarşıdakı illərdə Azərbaycan və Türkiyə aktyorlarından ibarət bir film çəkmək barəsində düşünürsünüzmü?” sualımızı cavablandırıb:
 
“Hazırda azərbaycanlı rejissor Elçin Musaoğlu ilə birlikdə bir ssenari yazırıq. 2017-ci ildə Türkiyə və Azərbaycan aktyorlarından ibarət ortaq bir  film çəkəcəyik. Film həm Türkiyədə, həm də Azərbaycanda çəkiləcək. Hətta hadisələrin yüzdə yetmişi Azərbaycanda baş verdiyi üçün filmin çox hissəsi Azərbaycanda çəkiləcək. Aktyorlar isə təxmini olaraq 50-50-ə seçiləcək, yəni yarı ordan, yarı buradan. Film haqqında qısa olaaq onu deyim ki, ailə dramıdır.
Hələlik isə filmin sujet xətti haqqında geniş nəsə söyləmək və filmdə rol alan aktyorlar adlarını açıqlamaq istəmirəm. Ancaq 2017-ci ilin ya yanvar, ya da fevral ayında Elçin Musaoğlu ilə bərabər mətbuat konfransı keçirib, mediaya bütün detallarla bağlı ətraflı məlumat verəcəyik”.
 
Rejissor daha sonra “Ortaq çəkiləcək filmlər sırasında Şah İsmayıl Xətai haqqında da bir film yer ala bilərmi?” sualımıza da aydınlıq gətirib:
 
“Şah İsmayıl Xətai mütləq film çəkilməsi lazım olan bir mövzudur. Belə bir önəmli filmin rejissorluğunu etmək də məni çox qürurlandırar.
Ancaq bu elə bir böyük mövzudur ki, bunun üçün öncədən çox böyük hazırlık müddəti keçilməlidir. Şah İsmayıl Xətai haqqında həm Türkiyənin, həm də Azərbaycanın mədəniyyət nazirlərinin dəstəyi ilə sanballı film çəkilə bilər”.
 
Öner Kılıç sonda Azərbaycandan məmnun qaldıqlarını bildirib:
 
“Azərbaycandakı qardaşlarımızın bizlərə göstərdiyi diqqətdən bizlər çox şərəf duyduq. Çünki hər biriniz bizləri bağrınıza basdınız. İnşaallah hər zaman gəlməyə çalışacağıq. Ən əsası isə bərabər ortaq filmlər çəkmək arzulayıram”.