Şagirdlərin göstəriciləri ürəkaçan deyil: bəziləri ərizə, tərcümeyi-hal da yaza bilmir

Azərbaycanda orta məktəblərdə keçirilən monitorinq imtahanlarının nəticələrinə əsasən, şagirdlərin bır sıra bacarıqlar üzrə göstəriciləri ürəkaçan deyil. Buna görə də şagirdlərdə bu bacarıqların formalaşdırılması ilə bağlı ciddi işlər görülməsinə ehtiyac var. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Oleq Şelaginov deyib.
Onun sözlərinə görə, həmin bacarıqlar şagirdlərin öz fikirlərini fakt və hadisələrlə əsaslandırma, oxuduğu mətnin əsas ideyasını müəyyənetmə, mətnin hissələri arasında məntiqi əlaqə qurma, verilmiş mövzuya uyğun olmaqla öz fikirlərini sərbəst ifadə etmə, müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal, elan, məktub və s.) yazma, hesab əməllərinin mənasını və aparılma qaydalarını başa düşmə, cəbri qanunauyğunluqları, asılılıqları və funksiyaları tanıma, riyazi modellərdən istifadə etməklə müxtəlif problemlərin həlli ilə bağlı situasiyaları cəbri üsulla təqdim etmə, həndəsi münasibətləri tanıma və əsaslandırma, məlumatların təhlili əsasında mühakimələr yürütmə və sairdir.
O.Şelaginov həmçinin əlavə edib ki, monitorinq imtahanlarında şagirdlərə sərbəst yerinə yetirilən tapşırıqlarla yanaşı, ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) fənni üzrə mətn tapşırıqları, riyaziyyat fənni üzrə isə situasiya məsələləri təqdim edilib və şagirdlər bütün bu tapşırıqlara yazılı cavab veriblər.
TQDK rəsmisi qeyd edib ki, ana dili fənni üzrə imtahanda şagirdlər təqdim olunmuş mövzulardan birini seçməklə esse (inşa) də yazıblar: "Bu tapşırıqlar vasitəsilə şagirdlərin öz fikirlərini fakt və hadisələrlə əsaslandırma, oxuduğu mətnin əsas ideyasını müəyyən etmə, mətnin hissələri arasında məntiqi əlaqə qurma, verilmiş mövzuya uyğun olmaqla öz fikirlərini sərbəst ifadə etmə, müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal, elan, məktub və s.) yazma, hesab əməllərinin mənasını və aparılma qaydalarını başa düşmə, cəbri qanunauyğunluqları, asılılıqları və funksiyaları tanıma, riyazi modellərdən istifadə etməklə müxtəlif problemlərin həlli ilə bağlı situasiyaları cəbri üsulla təqdim etmə, həndəsi münasibətləri tanıma və əsaslandırma, məlumatların təhlili əsasında mühakimələr yürütmə və bir çox digər bacarıqları yoxlanılıb. İmtahandan sonra şagirdlərin yazı işləri (sual kitabçaları) markerlər tərəfindən qiymətləndirilib və alınan nəticələrin elmi-statistik təhlili aparılıb".
O.Şelaginov qeyd edib ki, 2013-cü ildən başlayaraq 3 il ərzində keçirilən monitorinq imtahanlarında bütövlükdə 100 000-dən çox şagird iştirak edib. 2015-ci ildə keçirilən monitorinq imtahanları 40 000-dən çox şagirdi əhatə edib. Monitorinq imtahanlarının keçirilməsi üçün ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrindən asılı olaraq, bütövlükdə respublika üzrə şagirdlərin göstərdikləri nəticələri özündə əks etdirən, reprezentativ seçməni əldə etməyə imkan verən məktəblər seçilib: "Bu isə alınan nəticələrin tam etibarlı olduğunu göstərir. Monitorinq imtahanlarında alınan nəticələr şagirdlərin təlim nəticələri haqqında etibarlı məlumatların əldə olunması, fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması, hər bir məktəb üzrə şagirdlərin çətinlik çəkdiyi bacarıqların aşkar edilməsi, şagirdlərdə məntiqi təfəkkür vərdişlərinin inkişafının stimullaşdırılması və bir çox digər məsələlərlə bağlı təhsil ictimaiyyəti üçün əhəmiyyətlidir. Həmçinin monitorinq imtahanları keçirilən məktəblərin orta balları hesablandığı üçün zəif nəticə göstərən məktəblər nisbətən yaxşı nəticə göstərmiş məktəblərin təcrübəsini öyrənib öz işlərində tətbiq edə bilərlər".