"Şagirdləri düşündürüb öyrətməliyiq"

"Şagirdləri düşündürməli, düşündürərək öyrətməliyiq". Musavat com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədoğlu təhsildə kurikulumun mahiyyətini açıqlayarkən  bildirib.
Nazirlik rəsmisi təhsildə hələ də çatışmayan cəhətlər olduğunu deyib: "Problemlərdən biri təhsildə əzbərçilik meylləridir. Əksər şagirdlər dərslikləri əzbərləyərək yadda saxlayırlar. Bu isə təbii ki, şagirdləri düşünməkdən məhrum edir. Çalışmaq lazımdır ki, müəllimlərin dediyini uşaqlar olduğu kimi qəbul eləməsin. Şagirdləri düşündürməli, düşündürərək öyrətməliyiq. Müəllim yol göstərən olmalıdır. Şagirdlər düşünərək məsələləri tapmalı, problemləri həll etməlidir".
Nazirlik rəsmisi həmçinin 12 illik təhsil sisteminə keçidlə bağlı məsələlərdən də söz açıb. O, bildirib ki, hazırda cəmiyyətdə keçidlə bağlı müzakirələr keçirilir, pedaqoji ictimaiyyətin fikri öyrənilir: "Dünyanın 173 ölkəsi 12 illik təhsilə keçib. Azərbaycanda da 12 illik təhsilə keçid məsələsinin rəsmi sənədlərdə əks olunması bu prosesdə bir çox məsələlərin həllinə geniş imkan yaradır. Hazırda bu məzmunda çox ciddi dəyişiklərin edilməsi nəzərdə tutulur. Bunun 10 ili icbarı, 2 ili tam orta təhsil olacaq. 11 illik təhsillə müqayisədə 12 illik təhsilə keçiddə 1 il artıq təhsil müddəti şagirdlərin yaş səviyyəsinə müsbət təsir edəcək".
Aydın Əhmədoğlu vurğulayıb ki, məktəblərdə təlim yükünün yüngülləşdirilməsində 12 illik təhsilə keçid çox önəmlidir.